17 Dekabr 2017, Bazar - 10:04

Mercedes AMG: “Pilotlarımız bir-biri ilə mübarizə aparmaqda sərbəstdirlər”

Mercedes AMG: “Pilotlarımız bir-biri ilə mübarizə aparmaqda sərbəstdirlər”

Müəllif: Elçin Zodorov, redaktor

14:36 - 07 İyul, 2016

Mercedes zavodunda keçirilən iclasda Niko Rosberq və Lyuis Həmiltonun bir-biri ilə mübarizə aparmasına icazə verilib.

F-1.az xatırladır ki, Avstriyadakı qəzadan sonra komanda rəhbərliyi hər iki sürücünü komanda əmrinin tətbiq ediləcəyi ilə hədələmişdi.

Öz aralarındakı dialoqdan sonra Toto Volff və Pəddi Lou ilə görüşən sürücülərin çempionluq uğrunda sərbəst şəkildə yarışa biləcəkləri, lakin daha sərt qaydaların tətbiq ediləcəyi bildirilib. Komandadan verilən açıqlamada bildirilir: “Bu azadlığı onlara komandanın dəyərlərini başa düşmələri üçün veririk. Son 5 yarışda baş verən təmaslar bizim üçün 50-dən çox xal itkisinə səbəb olub. Buna görə də, biz bəzi qaydalar tətbiq etmək qərarına gəldik və pilotlarımızın bir-biri ilə toqquşmaq ehtimalını azaltdıq. Bundan sonra yarana biləcək belə vəziyyətlərdə hər şeyi onlar həll edəcəklər. Taleləri öz əllərində olacaq”.

Mercedes AMG tərəfindən bu qərarların nələrdən ibarət olduğu bildirilməyib. Lakin bundan sonra qəzalar baş verərsə, komanda tərəfindən daha sərt müdaxilələrin ediləcəyi, gələcək yeni müqavilələrdə bunların nəzərə alınacağı ehtimal olunur. Belə görünür ki, yarış zamanı komanda əmrləri olmayacaq, lakin Mühəndislər Kuboku üçün sürücülərə bəzi təlimatların veriləcəyi də istisna edilmir. Həm də, Niko və Lyuis yenidən qəza törədərsə, komanda əmrlərinin gündəmə gələcəyi bildirilir: “Sürücülər Mühəndislər Kuboku mübarizəsində komandanın xal itirməməsi üçün müəyyən təlimatlar ala biləcəklərindən xəbərdardırlar. Monakoda Nikonun Lyuisə yol verməsi kimi… Əgər sürücülər aralarındakı mübarizə ilə bağlı qoyduğumuz qaydalara əməl etməsələr, komanda əmrlərindən istifadə edəcəyik”.

Son hadisələr Niko Rosberqin komanda ilə yeni 2 illik müqavilə bağlaması ərəfəsində baş versə də, komanda tərəfindən bu sürücülərin ən yaxşı ikili olduğu bir daha bildirilib: “Niko və Lyuisə olan inamımız tamdır. Hazırda Formula1-dəki ən güclü sürücü tandeminə sahibik. 2013-cü ildən bəri 43 yarışda qalib gəlmişik, əlavə olaraq, 40 dəfə də podiuma yüksəlmişik. Ardıcıl 2 dəfə çempion olmuşuq. Bütün bu nəticələr bizə hər şeyi deyir”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 335
Teqlər , , , ,
Paylaş

logo