22 Noyabr 2017, Çərşənbə - 20:47

Mercedes AMG Petronas F1 Team – Mercedes AMG W08 EQ Power+

Mercedes AMG Petronas F1 Team – Mercedes AMG W08 EQ Power+

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:50 - 23 Fevral, 2017

Keçən il Mercedes komandası yeni maşınını son anda göstərmişdi – mövsümöncəsi testlərin ilk gününün səhəri. Bu dəfə çempion komanda mövsümə erkən başlayıb – Silverstounda komanda tərəfdaşları və sponsorları üçün çəkiliş günü planlaşdırıb. Komandanın planların güclü külək bir qədər mane olub, amma sürücülər trasa çıxa biliblər, bir neçə mərhələdən ibarət olan təqdimat mərasiminin gedişinə isə yağış və güclü külək mane ola bilməyib.

F-1.az xatırladır ki, Mercedes AMG komandası çempionatda son 3 il dominantlıq edərək həm sürücülərin, həm də komandaların çempionatında ardıcıl 3 qələbə qazanıb. Keçən ilin sonunda komanda hazırkı dünya çempionunu itirib – Niko Rosberq titulu qazandıqdan cəmi 5 gün sonra istefa verdiyini elan edib. Bu ilin əvvəlində isə komandanın daha vacib bir şəxsi – komandanın texniki direktoru Pəddi Lou Williams komandasına keçib. Onu əvəzləyəcək Ceyms Əllison isə komandaya hələ martın 1-dən qoşulacaq, ona görə də təqdimat mərasimini komanda texniki direktorsuz keçirib.

Yeni maşının çox çətin adı var – W08 EQ Power+, komanda izah edib ki, hazırda konsernin istehsal etdiyi bütün hibrid və elektik motorlu maşınlarında EQ indeksi işlənir, EQ Power+ indeksi isə Mercedes AMG brendinin maşınlarına tətbiq edilir.

 

Təqdimat mərasimi bir neçə hissədən ibarət olub. Əvvəlcə Həmilton trasa çıxaraq bir neçə dövrə vurub – maşın jurnalistlərdən gizlədilməyib. Qeyd edək Lyuis elan etdiyi müsabiqədə qalib gəlmiş dizayn üzrə hazırlanmış dəbilqədə olub.

Sonra Toto Volff, Lyuis Həmilton və Valtteri Bottas yeni maşını azarkeşlərə təqdim ediblər, 360 dərəcəli kamera ilə Youtube kanalına yayım reallaşdırıblar. Daha sonra isə pit-leyndə jurnalistlər qarşısında W08-in fofosessiyası təşkil olunub – güclü külək jurnalistlərin işinə mane olub.

Volff və sürücülər avtodromun zalında jurnalsitlərin suallarını cavablandırıblar, azarkeşlərə müsahibələr veriblər, bütün mərasim komandanın saytında yayımlanıb. Bundan sonra Bottas yeni maşını trasa çıxarıb – bir neçə dövrədən sonra yağış yağmağa başlayıb.

 

Maşının rəng çalarları keçənilkinə çox bənzəyir. Mercedes-in mühəndisləri burunda qabarıq hissəni estetik örtüblər, motor qapağına bitişik üzgəc də maraqlı hazırlanıb, yan pantonlar əzələli görünürlər. Maşının arxa hissəsi isə kəskin daraldığı üçün bu hissə effektiv görünür.

Mercedes AMG komandası mövsümə aşkar favorit rolunda başlayır, amma reqlamentdəki ciddi dəyişikliklər rəqiblərə geriqalmanı azaltmaq şansı verir. Təqdimat mərasimində qüvvələr nisbətindən danışmayıblar, amma məqsəd dəyişməz qalıb – həm sürücülərin, həm də komandaların çempionatında birincilik…

Toto Volff, Mercedes MotorSport-un başçısı: “Maşının təqdimatı çox vacibdir. Bu il texniki reqlament dəyişib, komandalar yeni qaydalara uyğun hazırladıqları maşınları bir-bir təqdim edirlər. Bu gün biz problemsiz bir neçə dövrə vura bildik. 2017-ci ilin maşınları daha sürətlidirlər, onları idarə etmək fiziki xəhətdən daha çətindir, biz ümid edirik ki, bu il azarkeşlər daha maarqlı yarışlar görəcəklər. Bunun üçün ilk yarışları gözləməliyik.

Testlərdə maşınımızın sürətli alınmasına əmin olmalıyıq, hərçənd, mən komandaya inanıram. Deyə bilmərəm ki, pressinq hiss edirəm, daha çox ruh yüksəkliyi hiss edirəm. Bizim komandamız artıq bir neçə ildir digərləri üçün meyara çevrilib, amma bu il reqlament dəyişib və bizi yeni texniki innovasiyalar erası gözləyir. Bəlkə kimsə hansısa bir qərarla bütün qüvvələr nisbətini dəyişə biləcək, necə ki, 2009-cu ildə Ross Braun etmişdi. Baxaq görək necə olacaq, amma mən ümid edirəm ki, Mercedes belə bir qərar tapmış komanda olacaq.

Keçən ilin sonunda Niko bizim həyatımızı çətinləşdirdi, ona görə qışda bu problemi də həll etməli olduq. Amma Valtterinin qismində gözəl həll yolu tapdıq. Mən əminəm ki, Lyuislə birlikdə onlar bu ilin ən güclü cütlüyü olacaqlar. Onların hər ikisi mühəndislərlə işləyiblər. Düzdür, biz əvvəllər komanda yoldaşları arasında gərgin münasibətləri həmişə ram edə bilmişik, inanmıram ki, bu il vəziyyət əvvəlkilərdən gərgin olacaq. Amma bizim bu gərginlikdən xoşumuz gəlir.

Mövsümün gedişində maşının modernizə olunması böyük rol oynayacaq. Heç kim bilmir ki, mövsümün ilk yarışında biz neçənci yerdə olacağıq. Amma bizim kadrlarımız, resurslarımız istənilən problemi həll etməyə yetərlidir. Komanda tam gücünü göstərməyə hazırdır”.

 

Aldo Kosta, mühəndis departamentinin başçısı: “Bu layihə üzərində işimiz keçən ilin martında başlamışdı – biz layihəyə çox vaxt ayırdıq. yaydan isə artıq detallarla işə başladıq – aerodinamik baxımdan bu əsl bayram idi!

Yeni reqlamentə qədəm qoyuruq, heç kim bilmir ki, qüvvələr nisbəti necə dəyişəcək. Maşının hazırlanması zamanı özümüzün istədiyimiz nəticələri əldə etmişik, amma rəqiblərlə müqayisədə yerimizi təsəvvür edə bilmirik. Bu il mövsümün gedişində maşının təkmilləşdirilməsi də vacib rol oynayacaq”.

Əndi Kouel, baş motorçu: “Biz də ağ vərəqdən başladıq, çünki başa düşmək istəyirdik ki, motorun gücünü necə artırmaq olar. Eyni zamanda güc qurğusunun etibarlılığını da yüksək səviyyədə qorumalıydıq. Sonda isə yeni güc qurğusunu yeni şassiyə effektiv inteqrasiya etməliydik.

Biz bilirdik ki, bu il sürətlər artacaq, bilirdik ki, traslarda tam döşəməyə sıxılmış qazla qət edilən məsafə artacaq. Artan asfaltayatma qüvvəsi və trasla mexaniki ilişmə maşına düşən yüklənməni də artıracaq, bu vəziyyətdə maşının güc elementi olan motorun etibarlılığı daha konstruktiv olmalıdır. Şassinin konstruksiyasındakı dəyişikliklər asan olmayan məsələlərin həllini tələb edirdi.

Keçən il etibarlılıq baxımından bəzi problemlər yaşadıq. Biz bu problemləri həll etməyə çalışdıq, hər bir yarışa mikroskop altında baxdıq: layihə, istehsal, yığım. Bütün işləri təchizatçılarla bir yerdə gördük, hər bir sahədə yüksək standartlara çatdıq. Bu əməyimiz 2017-ci ildə bəhrəsini verməlidir”.

 

Lyuis Həmilton: “Mən fəxr edirəm ki, Mercedes-də çıxışımı davam etdirirəm. Qış fasiləsini əla keçirdim, çoxlu məşq etdim və indi əla formadayam. Bazaya da tez-tez baş çəkirdim, hamının necə əzmlə işləməsini görmək məni ruhlandırırdı. Çempionatda son 59 yarışda 51 qələbə qazandıqdan sonra işçilərimiz rahatlaşa bilərdilər, bu uğurdan həzz ala bilərdilər, amma onlar  daha çox işləmyə, çalışmağa davam edirlər – bu, doğrudan da, məni çox ruhlandırır.

Yeni maşını tam yığılmış vəziyyətdə ilk dəfə dünən gördüm. Maşının yığılması prosesi çox maraqlı və həyəcanlı andır. Məncə, yeni maşın F1-də sürdüyüm ən gözəl maşındır. Ona görə də onu trasa çıxarmağı səbirsizliklə göləyirəm. Düzdür, bu gün bir neçə dövrə vurdum, nahardan sonra Bottas da trasa çıxacaq.

Əlbəttə, hiss olunur ki, maşın enli alınıb, ön təkərlər çox böyüyüyb, soyuq asfalta baxmayaraq, asfaltla ilişmə əla idi. Hər şey gözəl keçdi. Amma bu hələ heç test deyil. maşın özünü keçən il olduğu kimi apardı. Testlərdə isə biz onun imkan məhdudiyyətini müəyyən etməliyik. Təkərləri öyrənməliyik, neçə dövrəyə qızır, neçə dövrəyə optimal formaya düşür, neçə dövrəyə effektivliyini itirir, yarış məsafəsində özünü necə aparacaq – bu məsələləri həll etmək lazımdır.

Mən yeni komanda yoldaşımla işləməyə də hazıram, təcrübə və yetkinlik bizim münasibətlərə nəzarət eməkdə mənə kömək olacaq. Mən Bottası komandada salamlamağa şadam və bilirəm ki, komanda bizim hər ikimizin titul uğrunda mübarizə aparmağımız üçün əlindən gələni edəcək”.

Valtteri Bottas: “Mənim karyeramda yeni mərhələ başlayır: yeni komanda, yeni reqlament! Mən ilk dəfə Mercedes-in sükanı arxasında trasa çıxacam, hərçənd bu gün sadəcə çəkiliş günüdür. Barselona testlərini səbirsizliklə gözləyirəm ki, yeni maşına tez öyrəşim.

Maşının görünüşündən çox xoşum gəldi, artıq heç nə yoxdur. Görülən iş məni heyrətləndirdi. Mənə elə gəlir ki, əməyi keçən hər bir kəs maşının trasa çıxmasını gəzləyir.

Mercedes-lə müavilə bağladıqdan sonra gərgin qrafiklə çalışmışam. Hələ indiyə kimi qışda belə intensiv məşq etməmişdim, amma indi mən əla formadayam və mövsümə hazıram. Komandaya bu cür maşına görə təşəkkür etmək istəyirəm, amma bu hələ ilk addımdır – əsas iş hələ bundn sonra başlayacaq!”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 4. 736
Teqlər , , , , , , ,
Paylaş

logo