23 Oktyabr 2017, Bazar ertəsi - 10:02

Meksika-2016: Yarış

Meksika-2016: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

01:34 - 31 Oktyabr, 2016

Keçən mövsüm 23 illik fasilədən sonra təqvimə qayıdan yarış azarkeşlərin böyük marağına səbəb olmuşdu. Təqvimin dəniz səviyyəsindən ən hündür trasında keçirilən yarışını bu dəfə 136 min nəfər izləyib.

F-1.az bildirir ki, builki yarışla keçənilki yarışı fərqləndirən əsas cəhət daha sərin hava şəraiti olub. Pirelli Meksikaya bu il ən çox işlənən üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib.

Cümə günü səhər keçirilən ilk sərbəst yürüşlərdə Həmilton, ikinci sərbəst yürüşlərdə Fettel hamıdan sürətli olmuşdu. Şənbə gününə təsadüf edən üçüncü sərbəst yürüşlərdə isə protokollara Ferstappen başçılıq etmişdi. Sıralanma turunda Həmilton poulu qazanmış, Rosberq isə son cəhdində Red Bull sürücülərini keçərək ikinci ola bilmişdi.

Meksikaya ilk dəfə gətirilən SuperSoft təkərlərin resursu tez bitdiyindən, ondan az istifadə etmək qərarına gəliblər. Sıralanma turunun ikinci sessiyasında Soft təkərlərdən istifadə edən Mercedes AMG və Ferrari sürücüləri yarışa bu tərkiblə başlayıblar. Xatırladırıq ki, Palmer maşındakı problemlər üzündən sıralanma turunu buraxmalı olmuşdu. Lakin stüardlar onun yarışmasına icazə veriblər. Sıralanma turundan sonra maşınının altlığı əvəzlənən Roman Qrojan yarışa pit yolundan başlayıb.

Yarışa Red Bull və Williams komandalarının sürücüləri, o cümlədən Hülkenberq və Sayns SuperSoft, Nasr Medium, qalan sürücülər isə Soft təkərlərlə başlayıblar.

Startda Həmilton mövqeyini qoruya bilib. Rosberqə hücumlar edən Ferstappen birinci döngədə onu trasdan çıxmağa məcbur etsə də, alman sürücü yerini itirməyib. Həmilton da ilk döngədə asfaltdan kənara çıxmalı olub. Qutyerresin maşını Verlyaynın maşınına toxunub və Manor-un sürücüsü Erikssonla toqquşub. Verlyayn yarışı dayandırmalı olsa da, Eriksson pit-stopdan sonra yarışı davam etdirə bilib. Sayns Alonsonu trasda sıxışdırdığına görə 5 saniyə cəzalandırılıb. İlk dövrədə başqa hadisə olmayıb. Qəzadan sonra asfalta səpələnmiş qırıntıları təmizləmək üçün əvvəlcə Virtual Təhlükəsizlik Maşını rejimi tətbiq olunub, bir qədər sonra isə Təhlükəsizlik maşını trasa çıxıb. Rikkardo və Palmer pit-stopa yollanıblar və SuperSoft təkərlərdən canlarını qurtarıblar. İkinci dövrədə ilk onluq belə olub: Həmilton – Rosberq -Ferstappen – Hülkenberq – Rəykkönen – Massa – Fettel – Bottas – Peres – Sayns.

Dördüncü dövrədə Təhlükəsizlik Maşını trası tərk edib və mübarizə yenidən başlayıb. Həmilton liderliyini qoruyub və sürətlə Rosberqdən uzaqlaşmağa başlayıb. Maqnussen 12-ci yer uğrunda mübarizədə Battonu qabaqlayıb. Ferstappen Rosberqə yaxınlaşaraq hücumlar etməyə çalışsa da, çempionatın lideri vəziyyətə nəzarət edib və buna imkan verməyib. Ferstappenin təkərləri hər dövrədə effektliyini itirib. Yarışın 12-ci dövrəsində Qrojan, 13-cü dövrəsində Ferstappen, Sayns, Maqnussen və Qutyerres, 14-cü dövrəsində Kvyat, 15-ci dövrəsində Hülkenberq və Massa, 16-cı dövrəsində Okon, 17-ci dövrəsində Alonso, 18-ci dövrəsində Həmilton və Batton, 20-ci dövrəsində Bottas, 21-ci dövrəsində isə Rosberq, Rəykkönen və Peres təkərlərini dəyişiblər. Pit-stopa getməyən Fettel liderliyə yüksəlib.

Ferstappen pit-stoplardan sonra Rikkardodan arxaya düşüb, lakin daha təzə təkərlərə sahib olduğundan, sürətlə komanda yoldaşına çatıb. İyirmi ikinci döngədə Daniel Maksa yol verib və Maks ondan sürətlə uzaqlaşıb. Peres Massaya hücum edərək keçsə də, trasdan kənara çıxdığından, braziliyalı yerini qaytara bilib. Yarışa liderlik edən Fettel 32-ci dövrədə pit-stop edərək Medium təkərlərə keçib və trasa altıncı yerdə qayıdıb. Otuz üçüncü dövrədə ilk onluq belə olub: Həmilton – Rosberq – Ferstappen – Rikkardo – Rəykkönen – Fettel – Hülkenberq – Bottas – Massa – Peres.

Nasrın Medium təkərlkərlə 50-dən çox dövrə vurması rəqiblərinin strategiyanı dəyişdirməsinə gətirib çıxarıb – onlar əlavə pit-stop etmədən Medium təkərlərlə yarışı biritməyin mümkün olduğunu başa düşüblər. Dövrəvi sürücü olan Saynsın Rosberqə mane olması nəticəsində Ferstappen ona çatıb və bir qədər sonra keçib. Lakin trasdan kənara çıxan gənc hollandiyalı yenidən Rosberqdən geri qalıb. Azarkeşlər tərəfindən dəstəklənən Peres dəfələrlə Massaya hücum etsə də, braziliyalını keçə bilməyib. Kvyat Qrojanı ötərkən hər iki sürücü trasdan çıxıb. Qrojana yerini qaytarmayan Kvyatın nəticəsinə yarışdan sonra 5 saniyə əlavə olunub. Yarışın sonuna 5 dövrə qalmış, Rəykkönen Hülkenberqi qabaqlayıb və 6-cı olub.

Fettel Ferstappenə çatıb. Əylənmə nöqtəsində səhvə yol verən Maks trasdan çıxaraq üstünlük əldə edib. Yerini Fettelə verməsi barədə göstərişə məhəl qoymayan hollandiyalının nəticəsinin üzərinə finişdən dərhal sonra 5 saniyə əlavə edilib. Rikkardonun hücumu zamanı yerini qorumağa çalışan Fettel qaydaları pozub və podium mərasımı başa çatdıqdan sonra onun da nəticəsinin üzərinə 10 saniyə əlavə olunub.

Həmilton bu mövsüm 8-ci, karyerasında isə 51-ci qələbəsini əldə edib və Alen Prosta çatıb. Rosberq ikinci olub. Çempionluq uğrunda mübarizə aparan sürücülərin arasında 19 xallıq fərq var və mövsümün sonuna iki yarış qalmış titula daha yaxın olan Rosberqdir.

Finiş xəttini üçüncü keçən Ferstappen podiuma çıxmaq üçün gözləmə otağında olarkən nəticəsinin üzərinə 5 saniyə əlavə edilib və o, geri çağırılıb. Fettel podium mərasimində üçüncü yeri tutmuş sürücü kimi çıxış etsə də, sonradan stüardlar onun da nəticəsinin üzərinə 10 saniyə əlavə ediblər və protokollarda üçüncü Rikkardo olub.

Növbəti yarış iki həftə sonradır və bizi gərgin mübarizə gözləyir. Rosberq İnterlaqosda qalib gələrsə, Həmiltonun neçənci yeri tutmasından asılı olmayaraq, titulu vaxtından əvvəl qazanmış olacaq…

YerNSürücüKomandaZaman/FərqPit
144Lyuis HəmiltonMercedes AMG1:40:31.4021
26Niko RosberqMercedes AMG+ 0:08.3541
33Daniel RikkardoRed Bull+ 0:20.8582
433Maks Ferstappen (*)Red Bull+ 0:21.3231
55Sebastyan Fettel (**)Ferrari+ 0:27.3131
67Kimi RəykkönenFerrari+ 0:49.3762
727Niko HülkenberqForce İndia+ 0:58.8911
877Valtteri BottasWilliams+ 1:05.6121
919Felipe MassaWilliams+ 1:16.2061
1011Serxio PeresForce İndia+ 1:16.7981
119Markus ErikssonSauber+ 1 dövrə1
1222Censon BattonMcLaren+ 1 dövrə1
1314Fernando AlonsoMcLaren+ 1 dövrə2
1430Colion palmerRenault+ 1 dövrə1
1512Felipe NasrSauber+ 1 dövrə1
1655Karlos Sayns (*)Toro Rosso+ 1 dövrə1
1720Kevin MaqnussenRenault+ 1 dövrə2
1826Daniil Kvyat (*)Toro Rosso+ 1 dövrə2
1921Esteban QutyerresHaas+ 1 dövrə2
208Roman QrojanHaas+ 1 dövrə2
2131Esteban OkonManor+ 2 dövrə1

(*) – Ferstappen, Sayns və Kvyatın nəticələrinin üzərinə 5 saniyə əlavə edilib

(**) – Fettelin nəticəsinin üzərinə 10 saniyə əlavə edilib

Sürətli dövrə: Daniel Rikkardo (Red Bull) – 1:21.134 (53-cü dövrə, 190.972 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRAN:

SürücüKomandaDövrəSəbəb
Paskal VerlyaynManor1Qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
16Niko RosberqMercedes AMG F1 Team349
244Lyuis HəmiltonMercedes AMG F1 Team330
33Daniel RikkardoRed Bull Racing242
45Sebastyan FettelScuderia Ferrari187
57Kimi RəykkönenScuderia Ferrari178
633Maks FerstappenRed Bull Racing177
711Serxio PeresSahara Force İndia F1 Team85
877Valtteri BottasWilliams Martini Racing85
927Niko HülkenberqSahara Force İndia F1 Team60
1014Fernando AlonsoMcLaren Honda Formula 1 Team52
1119Felipe MassaWilliams Martini Racing51
1255Karlos SaynsScuderia Toro Rosso38
138Roman QrojanHaas F1 Team29
1426Daniil KvyatScuderia Toro Rosso25
1522Censon BattonMcLaren Honda Formula 1 Team21
1620Kevin MaqnussenRenault Sport Formula 1 Team7
1730Colion PalmerRenault Sport Formula 1 Team1
1894Paskal VerlyaynManor Racing MRT1
1947Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes679
2Red Bull RacingTAG Heuer427
3Scuderia FerrariFerrari365
4Sahara Force İndia F1 TeamMercedes145
5Williams Martini RacingMercedes136
6McLaren Honda Formula 1 TeamHonda74
7Scuderia Toro RossoFerrari55
8Haas F1 TeamFerrari29
9Renault Sport Formula 1 TeamRenault8
10Manor Racing MRTMercedes1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 420
Teqlər , , , , , , ,
Paylaş

logo