McLaren istənilən səviyyədə deyil

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Honda mühərrikdə yeniliklər etsə də, güc cəhətdən geri qalır...

F-1.az xatırladır ki, McLaren komandası birinci qış testlərinə yaxşı başlayıb və ilk iki gündə 203 dövrə atıb. Amma britaniyalılar son iki gündə cəmi 54 dövrə vura biliblər.

Erik Bulye bu barədə açıqlama verib: “Honda keçənilki ERS problemini həll edib. Ancaq biz hələ də Ferrari və Mercedes AMG-dən geri qalırıq. Ona görə də çox işləməliyik.

Keçənilki problemlərdən sonra birinci testlərdə daha çox dövrə vurmağa kökləndik. Boliddə çox şeyi yoxladıq. Boliddən detalları çıxarıb, zavoda göndərdik. Keçən ilin noyabr ayından etibarən simulyatorda çoxlu məşq etdik. O vaxtı reallıqdan uzaq idik, amma indi reallığı görürük. Biz hazırda harada olduğumuzu və necə inkişaf edəcəyimizi bilirik.

İkinci testlər maraqlı olacaq. Hamı yarış tempində məşq edəcək və arada sıralanma turları tempi ilə də gedəcəklər. Biz də vəziyyətə baxacayıq.

McLaren üçün qalib gəlmək önəmlidir. Əgər qalib gələ bilmiriksə, bu o deməkdir ki, biz uğursuzuq. Ona görə də qalib gəlmək üçün hər şey etməliyik. Əgər biz hər şeyi düz etsək və rəqiblərimizdən daha yaxşı inkişaf etsək, bu o deməkdir ki, biz doğru yoldayıq. Biz bu mövsüm qələbə və podium qazanmağa məcbur deyilik. Bunun üçün çox tez ola bilər.

Hədəfləri düzgün seçmək lazımdır. Əgər siz hədəfləri düz seçməsəniz, tez geriyə düşərsiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*