23 Oktyabr 2017, Bazar ertəsi - 02:38

Macarıstan-2017: Yarış

Macarıstan-2017: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:17 - 30 İyul, 2017

Macarıstan Qran Prisindən əvvəl ekspertlər Monako ssenarisinin təkrarlanması ehtimalından danışrıdılar – Monakoda Ferrari dubl edərək mövsümdə ən çox xal toplamışdı. Amma eyni zamanda knyazlığın küçələrində Mercedes mövsümdə ən uğrusuz yarışını keçirmişdi.

F-1.az bildirir ki, Monako uğursuzluğundan sonra Mercedes ciddi dərs alaraq tərəqqiyə nail olmuşdu, amma Hunqarorinqdə baş tutan sərbəst yürüşlərin heç birində komandanın sürücüləri liderlik edə bilməmişdilər – bu hal mövsümdə ilk dəfə baş verirdi. Cümə günü həm birinci, həm də ikinci sərbəst yürüşlər Red Bull-un sürücüsü Daniel Rikkardonun üstünlüyü ilə keçmişdi. Dünən səhər isə Sebastyan Fettel hamını yarım saniyə üstələyərək inamla protokollara başçılıq etmişdi.

Elə sıralanma turunda da Fettel inamlı qələbəyə sevinmişdi – Kimi Rəykkönen komanda yoldaşına cüzi uduzmaqla Ferrari-yə mövsümdə 3-cü dəfə tam ilk cərgəni zəbt etməyə imkan qazandırmışdı. İkinci cərgə Mercedes, üçüncü cərgə isə Red Bull sürücülərinə qismət olmuşdu.

Həftəsonunun gedişində Williams komandasında sürücü dəyişikliyi baş verib – cümə günü ikinci məşqlərdən sonra Felipe Massa özünü pis hiss etmişdi və Pol di Resta onu əvəzləməyə hazırlaşmışdı. Amma dünən səhər Felipeni müayinə edən həkimlər onda ciddi bir şey tapmayaraq, sürücünü sessiyaya buraxmışdılar. Lakin sessiyanın sonunda Massa yenidən özünü pis etmişdi və komanda rəsmən sıralanma turunda və yarışda Pol di Restanın çıxış edəcəyini açıqlamışdı.

İki sürücü sıralanma turundan sonra start düzümündə yer itirməli olub – Hülkenberqin maşınında ötürmələr qutusu vaxtından əvvəl dəyişdirildiyi üçün stüardlar alman sürücünün sıralanmadakı nəticəsinə 5 yer əlavə ediblər, Daniil Kvyat isə sıralanma turunda Ləns Strollu əngəllədiyi üçün startda 3 yer itirməli olub.

Pirelli Macarıstana orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Sürücülər sıralanma turunda SuperSoft-la işləsələr də, yarışda Soft və SuperSoft üzərində strategiya qurmalı olublar. Kvyat və di Resta starta Soft-la, digər sürücülər isə SuperSoft-la çıxıblar.

Startda ilk üçlük mövqeyini qoruyub, hər iki Red Bull sürücüsü isə Həmiltonu qabaqlayıb, amma 2-ci döngədə Ferstappen ön təkəri bloka saldığı üçün sürüşərək Rikkardoya çırpılıb. Danielin maşınında radiator partlayıb, maşın yerində fırlanıb və trasda təhlükəli şəkildə dayanıb. Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. TM-in arxasında ilk onluq: Fettel – Rəykkönen – Bottas – Ferstappen – Həmilton – Sayns – Alonso – Peres – Vandorn – Okon.

Rikkardonun maşınından axan mayenin təmizlənməsi zaman tələb edib, bu zaman hər iki Sauber sürücüsü mexaniklərinə qonaq olaraq, Soft təkərlərə keçiblər.

5-ci dövrədə restart elan olunub, Fettel liderliyini qoruyub, Həmilton Fertsappenə hücum etsə də, Maks mövqeyini qoruya bilib. Sayns Alonsonun hücumundan kəskin müdafiə olunaraq, həmyerlisini trasdan kənara çıxarıb. Stüardlar bu insidentə görə Saynsa cəza verməsələr də, Ferstappeni ilk insidentə görə günahkar elan edərək 10 saniyəlik cərimələyiblər.

Fettelin 10-cu dövrədə komanda yoldaşı üzərində üstünlüyü 3 saniyəyə çatıb – Bottas isə həmyerlisinə 2 saniyə uduzub. Peleton uzanıb. 19-cu dövrədə Hülkenberq komanda əmrinə əsasən Palmeri qabaqlayıb.

21-ci dövrədə Qrojanın təkəri deşildiyi üçün sürücü boksa yollanıb, amma mexaniklər arxa sol təkəri bağlamadan sürücünü trasa buraxıblar – radio vasitəsilə komanda Romandan maşını saxlamağı xahiş edib.

31-ci dövrədə Bottas boksa baş çəkib – mexaniklər ön sol təkərin bağlanması zamanı ləngiyiblər. 32-ci dövrədə Həmilton, növbəti dövrədə Fettel və daha sonra Rəykkönen Soft təkərlər üçün boksa gediblər. Finlandiyalı sürücü trasa komanda yoldaşının düz yanında qayıtsa da, Fettel öndə qala bilib.

37-ci dövrədə Alonso uzun sürən dueldən sonra 2-ci döngədə Saynsı üstələyə bilib. 43-cü dövrədə isə Ferstappen pitdə 10 saniyəlik cəriməsini çəkərək təkərlərini də dəyişib. 45-ci dövrədə Bottas komanda əmrinə əsasən, komanda yoldaşını 1-ci döngədə irəli buraxıb – britaniyalı sürücü tezliklə qırmızı maşınlara çatıb. 48-ci dövrədə ilk onluq: Fettel – Rəykkönen – Həmilton – Bottas – Ferstappen – Alonso – Sayns – Peres – Okon – Vandorn.

İlk üçlük cəmi 2 saniyə içində sıx qrupda yarışa davam edib. Həmilton Rəykkönenə DRS mıəsafəsinə yaxınlaşsa da, finlandiyalı sürücü də Fettelə görə DRS-dən istifadə etməklə müdafiə olunub. Daha təzə təkərlərlə Ferstappen Bottasla fərqi sürətlə bağlayıb – bir neçə dəfə səhvə yol versə də, hollandiyalı sürücü Valtteriyə çatıb.

Maqnussen Hülkenberqi otluğa çıxarıb və Niko Kvyatı da buraxmalı olub. Yarışın son dövrələrində mühəndislər di Restaya maşını boksa gətirərək saxlamağı bidiriblər – maşında yağ sızıntısı baş verib.

Liderlər sıx qrupda yarışa davam etsələr də, heç kim səhvə yol verməyib və mövqe uğrunda real hücum olmayıb. Son dövrədə sürətini aşağı salan Həmilton son döngədə Bottası irəli buraxıb, Alonso isə sürətli dövrəyə imza atıb.

Sebastyan Fettel Macarıstanda 2-ci, mövsümdə 4-cü, karyerasında isə 46-cı qələbəsini qazanıb. Kimi Rəykkönen podiumun ikinci pilləsinə qalxmaqla Ferrari-yə mövsümdə ikinci dublu qazandırıb.

Qarşıda isə bizi 4 həftəlik yay tətili gözləyir – mübarizə avqustun sonunda Belçikada əfsanəvi Spa trasında davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
15Sebastyan FettelFerrari1:39:46.7131
27Kimi RəykkönenFerrari+ 0:00.9081
377Valtteri BottasMercedes AMG+ 0:12.4621
444Lyuis HəmiltonMercedes AMG+ 0:12.8851
533Maks FerstappenRed Bull+ 0:13.2761
614Fernando AlonsoMcLaren+ 1:11.2231
755Karlos SaynsToro Rosso+ 1 dövrə1
811Serxio PeresForce İndia+ 1 dövrə1
931Esteban OkonForce İndia+ 1 dövrə1
102Stoffel VandornMcLaren+ 1 dövrə1
1126Daniil KvyatToro Rosso+ 1 dövrə1
1230Colion PalmerRenault+ 1 dövrə1
1320Kevin Maqnussen (*)Haas+ 1 dövrə1
1418Ləns StrollWilliams+ 1 dövrə1
1594Paskal VerlyaynSauber+ 2 dövrə2
169Markus ErikssonSauber+ 2 dövrə2
1727Niko HülkenberqRenault+ 3 dövrə1

 

* – Hülkenberqlə insidentə görə Kevin Maqnussenin yekun nəticəsinə 5 saniyə əlavə olunub

Sürətli dövrə: Fernando Alonso (McLaren) – 1:20.182 (69-cu dövrə, 196.697 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Pol di RestaWilliams61mexaniki problemlər
Roman QrojanHaas21təkərin bağlanmaması
Daniel RikkaroRed Bull1qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
15Sebastyan FettelScuderia Ferrari202
244Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team188
377Valtteri BottasMercedes AMG Petronas F1 Team169
43Daniel RikkardoRed Bull Racing117
57Kimi RəykkönenScuderia Ferrari116
633Maks FerstappenRed Bull Racing67
711Serxio PeresSahara Force İndia F1 Team56
831Esteban OkonSahara Force İndia F1 Team45
955Karlos SaynsScuderia Toro Rosso35
1027Niko HülkenberqRenault Sport Formula 1 Team26
1119Felipe MassaWilliams Martini Racing23
1218Ləns StrollWilliams Martini Racing18
138Roman QrojanHaas F1 Team18
1420Kevin MaqnussenHaas F1 Team11
1514Fernando AlonsoMcLaren Honda Formula 1 Team10
1694Paskal VerlyaynSauber F1 Team5
1726Daniil KvyatScuderia Toro Rosso4
182Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas F1 TeamMercedes357
2Scuderia FerrariFerrari318
3Red Bull RacingTAG Heuer184
4Sahara Force İndia F1 TeamMercedes101
5Williams Martini RacingMercedes41
6Scuderia Toro RossoRenault39
7Haas F1 TeamFerrari29
8Renault Sport Formula 1 TeamRenault26
9McLaren Honda Formula 1 TeamHonda11
10Sauber F1 TeamFerrari5

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 9. 552
Teqlər , , , , , ,
Paylaş

logo