16 Dekabr 2017, Şənbə - 15:05

M.Satton: “Bakıdakı növbəti yarışı səbirsizliklə gözləyirəm”

M.Satton: “Bakıdakı növbəti yarışı səbirsizliklə gözləyirəm”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:54 - 07 Oktyabr, 2016

Formula1 tədbirini işıqlandırmaqda fotoqraflar bəzən ağlasığmaz şəkillər çəkməklə çox böyük rol oynayırlar. Bakı Şəhər Halqasının (BŞH) rəsmi saytı dünya şöhrətli fotoqraf, Sutton Images-in başçısı Mark Sattonla karyerası, Ayrton Senna, Bakı və digər mövzular barədə söhbəti dərc edib. F-1.az həmin söhbəti nəzərinizə çatdırır…

Avtoidman fotoqrafı karyeranıza nə zaman başlamısınız? Formula1 yarışına ilk səfərinizi xatırlayırsınızmı? 

İlk səfərim 1983-cü ildə olub. O vaxtlar qardaşım Kit Satton Ayrton Sennanın fotoqrafı idi. Onlar yaxın dost idilər və qardaşımın xahişi ilə mən çəkilişlər üçün Outlon Parkda keçirilən bir F3 mərhələsinə yollandım. Mən trasın arxasında yer tutdum və düz qarşımda baş verən qəzanı çəkməkdə bəxtim gətirdi. Bu qəza yarışın ən vacib insidenti olduğu üçün hansısa mənada mənim peşəm artıq seçilmiş oldu. Bundan sonra, yəni 1984-cü ildə mən Mançesterdə yerləşən fotostudiyada assistent kimi çalışdım. Həyatımın həmin dövrü peşəkarlıq baxımından mənə çox şey öyrətdi, xüsusən də işıq və dekor işlərində vərdişlərimi möhkəmləndirdi. Artıq növbəti ildə qardaşım mənə agentlik açmağı və adını Sutton Photographic qoymağı təklif etdi. Məhz bu andan mənim tarixim başladı.

F3 yarışında Ayrton Sennanın qəzası

Siz, ümumiyyətlə, bu günə kimi çəkdiyiniz şəkilləri saymısınızmı?

Xeyr, həddindən artıq çoxdur! Hər həftəsonu F1 yarışında 3-4 min foto çəkilir və hazırda www.sutton-images.com veb-səhifəmizdə 1.25 milyondan çox şəkil var, tarixi arxivlə bir yerdə onların sayı 5 milyona çatır.

Fotoqraf iş başında

Gəlin xatırlayaq, niyə həyatınızı avtoidmanla bağlamağı qərara aldınız?

Mən doğulandan atam məni özü ilə yarışlara aparırdı, mən faktiki olaraq avtoidmanda və Formula1-də böyümüşəm. Biz çox yarışlara gedirdik, məsələn, 1976-cı ildə Brənds Hətçdə dahi Hant və Lauda qarşıdurmasının şahidi olmuşam. Qrəhəm Hillin orada öz qələbələrini necə bayram etməsini görmüşəm. Sonra qardaşım 17 yaşında Mançester yaxınlığında olan Outlon Park trasına giriş vəsiqəsi əldə etdi. Hər həftəsonu qardaşım trasa gedirdi, mən isə ona zirzəminin qaranlıq bir guşəsində şəkillər çapında kömək edirdim.

Brənds Hətçdə Böyük Britaniya Qran Prisinin startı, 1976-cı il

Ən çox hansı sürücüyə rəğbət bəsləyirsiniz? 

Əslində, bütün sürücülərə rəğbət bəsləyirəm. Amma keçmişin qəhrəmanları arasında mənim üçün hələ F3-dən tanıdığım Ayrton Sennanın xüsusi yeri var. Ayrtonla biz F3-dən hamıya yaxşı məlum olan İmoladakı faciəvi hadisələrə qədər uzun bir yol keçmişdik, İmolada isə onunla birlikdə Roland Ratzenbergeri də itirdik və az qala Rubens Barrikellonu da itirəcəkdik. Yeri gəlmişkən, Rubens də mənim yaxın dostumdur: o bizim ofisin yanında yaşayırdı və tez-tez bizə baş çəkirdi.

Ayrtonun bir xüsusiyyətini ən çox yadda saxlamışam – onun təbəssümünü. Mətbuat konfranslarında jurnalistlərin ən fəndgir, hiyləgər suallarına baxmayaraq, Ayrton həmişə hamını sualını cavablandırardı. Bu xüsusiyyətinə görə də ona çox böyük hörmətim var.

Ayrton Senna mətbuat konfransında

Bəs Formula1 dünyasında kimin şəklini çəkmək daha çətindir?

Mən Lyuis Həmiltonun adını çəkərdim. Mən ilk dəfə onunla 1990-cı illərdə Birmingemdə AutoSport şousunda rastlaşmışdım. GP2 seriyasında çıxış edərkən şəkillərini çəkdiyimi də xatırlayıram, bir hadisəni isə unutmaram: bir yarışda qələbəsindən sonra onun şəklini əks-işıqla çəkdim, əla alındı. Lyuisin sonradan dəyişməsi barədə, xüsusən də Mercedes-ə keçməsindən sonra dəyişməyi barədə çox danışmaq olar. İndo o bizi növbəti paparassi kimi qəbul edir, amma bizim istəyimiz sadəcə yaxşı şəkil çəkməkdir. O, bizə bir az vaxt ayırsa, biz ona bunu sübut edə bilərik. Bolidin sükanı arxasında işinə gəlincə, Lyuis möhtəşəmdir – bunu özünüz də görə bilərsiniz.

Balaca Lyuis Həmilton AutoSport şousunda

Karyeranızda ən gülməli hadisə hansı olub? 

Xatırladığım ən gülməli hadisələrdən biri 2013-cü ildə Bəhreyndə F1 rəhbəri Berni Ekklstonun media otağına gəlib, kimin orda olduğunu yoxlayan zaman baş vermişdi. Mən hər zaman olduğu kimi, kompüterimin arxasında iş başında idim. Berni mənim kompüterimə yaxınlaşıb şəkilləri redaktə etmək üçün ekranı bağladığım xüsusi örtüyü götürdü və bunun nə üçün lazım olduğunu soruşdu. Sonra örtüüü götürüb başıma qoydu. Bunu edən zaman mən Roma Papasına bənzədim. Berni buna çox güldü. Hətta qardaşım bu anı öz fotokamerasına qeyd etdi. Bu çox gülməli idi.

“Roma Papası” və Berni Ekklstoun

Sizin üçün ən yaddaqalan Qran Pri hansı olub? 

2009-cu ilin Braziliya Qran Prisi. Censon Battonun Brawn 001 bolidi ilə Dünya çempionu olduğu gün. Bir gün əvvəl mən fotoaparatımın linzalarını yerə salmışdım və yanımda ehtiyat linza yox idi. Başqa bir fotoqrafdan ehtiyat linzaları götürməli oldum, bu linzalar isə mənim istifadə etdiklərimdən daha geniş idilər.

Yarışın sonuna yaxın biz artıq bilirdik ki, Censon çempion olacaq, ona görə də bağlı parka yollandıq. Censon parka gələn kimi məşqçisi Mayka tərəf qaçdı. Censon dəbilqədə idi, amma mən onun simasını çəkmək istəyirdim, çünki onun emosiyalarını görmək istəyirdim. Censon dəbilqəsini çıxaranda mən yaxın məsafədən onun şəklini çəkdim, çox gözəl, mükəmməl və qeyri-adi şəkillər alındı. Səhəri gün Britaniyanın bütün başlıca qəzetləri manşet xəbərlərini bu şəkillə dərc etmişdilər, unudulmaz bir gün oldu!

2009-cu ilin Braziliya yarışından sonra titul qazanan Censon Batton
Britaniya qəzetlərinin manşet xəbəri

Həftəsonunun gedişində neçə kameradan istifadə edirsiniz? 

Mənim üstümdə hər zaman iki əsas X2 Nikon D5 kameram, altı obyektivim (Nikkor 500mm F4, Nikkor 200-400mm F4, Nikkor 70-200mm F2.8, Nikkor 24-70mm F2.8, Nikkor 14-25mm F2.8, Nikkor Fisheye 10.5mm F2.8), bir konverterim (Nikkor 1.4x converter) və iki alışma işığı (X2 Nikon Speedlite SB-910) olur.

Fotoqrafın yaraq-sursatı…

“Sutton Images”-də neçə fotoqraf işləyir?

Vaxt var idi, yəni 90-cı illərdə ştatda 8 fotoqrafımız var idi. O zaman, şəkillərin çap olunması bir az vaxt və iş tələb edirdi. Rəqəmsal zamana qədəm qoyduqdan sonra işimiz daha da asanlaşdı. Hazırda fotoqraflarla frilans sistemi üzrə əməkdaşlıq edirik. Adətən yarış zamanı 4 fotoqraf çalışır, lakin bəzi Qran Prilərdə, məsələn Bakıda keçirilən yarışda hər anı lentə almaq üçün 6 və ya 8 fotoqrafla işləyirik.

Ən çox fəxr etdiyiniz şəkil hansıdır?

Dəqiq “Uçan finlandiyalı” deyə bilərəm, Mika Həkkinenlə. Yəqin ki, bizim şirkətə məxsus ən məşhur şəkil budur. Bu şəkli 1993-cü ildə, Formula1-də çalışmağımın ikinci ilində çəkmişdim. Yarış Adelaidada keçirilirdi. Bütün fotoqraflar öz yerləni tutmuşdular. Şəhər treki olduğundan biz divarın arxasında öz yerimizi almışdıq. Başımızın üstündə isə reklam lövhəsi var idi. Bu rakursdan şəkillər pis alınmırdı. Həm şəhərin binaları fonunda şəkil çəkə bilirdik, həm də pilotlar bu döngədə əyləcə basdıqda porebriklər və qoruyucu baryerlər fonunda çox gözəl kompozisiyalar alınırdı. Əvvəlcə, bir neçə panoram şəkli çəkdim və birdən kiminsə bərk əyləcə basdığını eşitdim. Dərhal fotoaparatımı səs gələn tərəfə yönəldib düyməni basdım. Sonra ətrafıma baxıb fotoqraflardan nə gördüklərini soruşdum, lakin onlar heç nə görmədiklərini bildirdilər. Şəklin istədiyim kimi alındığına əmin deyildim. Yalnız gecə şəkillərin çap prosesindən sonra, səhər qardaşım əla nəticəni mənə göstərdi – şəkillər, doğrudan da, mükəmməl alınmışdlar. Biz həmin şəkli 20*16 düyməlik ölçüdə 50 nüsxə çap etdik. Hətta Mikiyə bu şəkli göstərəndə – “Ola bilməz, bolid çox yüksəkdədir” – dedi. Finladiyalı pilotun mühəndisləri də təəccüblənmişdilər ki, belə “uçuşdan” sonra bolid necə dağılmayıb.  Bundan sonra Mika bu şəkli “Uçan finlandiyali” kimi imzaladı. Bu şəkil agentliyimizin ən məşhur şəkli oldu.

Mika Həkkinen – Uçan finlandiyalı, Avstraliya Qran Prisi, 1993-cü il

Yeni traslar haqqında danışaq. Formula 1-in yeni mərhələsinə səfər etdikdə ən çox nədə çətinlik çəkirsiniz? 

İlk öncə konfiqurasiyanı və obtektlərin yerləşməsini öyrənirik. Pilotlar kimi, biz də trası öyrənməliyik, piyada gəzməliyik və ən yaxşı şəkil çəkmək mövqelərini təyin etməliyik. Bəzən mükəmməl görüntülər əldə etmək üçün xüsusi yerlərimiz olur – qrup halında şəkillər, bolidlərdən çıxan qığılcımlar, start, podium və s. Buna görə də biz bütün günümüzü trası daha yaxından tanımağa sərf edə bilərik.

Bu il Bakıya səfərinizdən təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? 

Şəhəri istədiyim kimi gəzə bilməsəm də, Bakını çox bəyəndim. İş qrafikimiz çox gərgin idi. Ümid edirəm ki, 2017-ci ildə Bakıya daha tez gəlib, şəhəri gəzmək şansı, milli mətbəxinizi dadmaq və qonaqpərvərliyinizdən zövq almaq imkanı əldə edərəm. Ümumilikdə, hər şey çox yaxşı idi. Yarış zamanı azarkeşlərlə dolu tribunaları görmək, mükəmməl təşkil edilmiş tədbiri lentə almaq inanılmaz dərəcədə zövqlü idi.

Avropa Qran Prisi, 2016-cı il, yarışın startı

Bakı nə ilə yaddaşınızda qaldı? 

Qonaqpərvərlik: hava limanında və oteldə bizi qarşılayan insanlardan tutmuş tras əməkdaşları və marşallara qədər hər kəs bizə yardım etmək istəyirdi. Ümumiyyətlə, yeni ölkələrə səfər etməyi çox sevirəm, bu həmişə faydalı təcrübədir. Yarış həftəsonu günlərindən birində məni İçəri Şəhərdə yerləşən binalardan birinin balkonuna dəvət etdilər. Oradan çox gözəl şəkillər çəkdim. Məni kofe ilə qonaq edib, əllərindən gələn köməkliyi göstərirdilər. Ona görə də mən 2017-ci ildə Bakıda keçiriləcək yarışı səbirsizliklə gözləyirəm!


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 301
Teqlər , ,
Paylaş

logo