M.İlliyen McLaren komandasına məsləhətçi təyin olunub?

Almaniyanın nüfuzlu Auto Bild nəşrinin verdiyi məlumata görə, tanınmış motorçu Mario İlliyen McLaren komandasına məsləhətçi təyin olunub.

Keçən il İlliyenin başçılıq etdiyi İlmor şirkəti Renault mühərriyinin təkmilləşdirilməsinə kömək etmişdi – onlar bir yerdə müəyyən inkişafa nail olmuşdular. Bu əməkdaşlıq rəsmən bir ay əvvəl başa çatıb, amma almaniyalı jurnalistlərin versiyasına görə, İlliyen də bu gün Parisdə baş tutacaq motor istehsalçılarının toplantısına dəvət olunub.

İlliyenin McLaren-ə keçidi məntiqli addım idi – Mario əvvəllər həm McLaren-lə (onun hazırladığı motorlar Mercedes brendi ilə uzun müddət britaniyalıların maşınlarına quraşdırılmışdı), həm də Honda ilə (2003-cü ildən 2011-ci ilədək İndyCar çempionatı üçün şirkətin motorlarını məhz İlliyen hazırlamışdı) əməkdaşlıq etmişdi.

İlliyenin yapon motorçuları ilə iş təcrübəsi daha zəngindir – bu, indiki dövrdə McLaren-ə komək edə bilər. Əslində, İndyCar çempionatı üçün İlliyen işləməkdə davam edir, amma indi Chevrolet brendi ilə çalışır. Hərçənd, bu çempionatda istifadə olunan motorlar çox sadədirlər, elə Renault da həmişə qeyd edirdi ki, İlliyen onların güc qurğusunda yalnız daxili yanma mühərriyinin modernizəsi ilə məşğul olurdu, çünki rekuperasiya sistemləri ilə iş təcrübəsi yox idi. Amma digər tərəfdən, indi onun belə təcrübəsi var.

Digər bir versiyaya görə, McLaren istəyir ki, İlmor onlar üçün sıfırdan yeni güc qurğusu hazırlasın və gələcəkdə Honda-nı əvəz etsin. Elə İlliyenin özü də müstəqil təchizatçı kimi bir neçə dəfə çempionata qayıtmağa cəhd edib. Amma aydın məsələdir ki, İlmor-un maddi resursları Mercedes və Ferrari ilə müqayisə oluna bilməz, McLaren-ə isə hazırda güclü motor lazımdır.

Maraqlıdır ki, hazırda Mercedes komandasının Briksuortdakı motor bölməsini məhz İlliyen qurub – keçən əsrin sonunda Marionun şirkətinin mənzil-qərargahı bu bazada yerləşirdi. 2002-ci ildə onun tərəfdaşı Pol Morqanın vəfatından sonra bazanı almanlar almışdılar. Hazırkı İlmor Engineering şirkətini İlliyen 2005-ci ildə Rocer Penske ilə birlikdə qurub.

F-1.az bildirir ki, əgər İlmor və McLaren arasındakı əməkdaşlıq təsdiq olunarsa, onda İlliyenin Formula1-də Ferrari motorlarından başqa bütün motorlarla əməkdaşlığı olacaq…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*