Kanada Qran Prisi öncəsi maraqlı statistika

F-1.az Kanada Qran Prisi ərəfəsində bəzi maraqlı faktları və statistikanı diqqətinizə çatdırır.

Lyuis Həmilton daha bir statistikada Mixael Şumaxerlə müqayisə edilə bilər. Əgər o həftəsonu yarışa ilk cərgədən başlasa, bunu bir trasda 10 dəfə etmiş ikinci sürücü olacaq. Əfsanəvi alman sürücü bu uğura Suzukada imza atmışdı.

Fernando Alonso bu həftəsonu 300-cü Qran Pridə iştirak edəcək və Formula1 tarixində bu rəqəmə çatan dördüncü sürücü olacaq. İkiqat dünya çempionu indiyə qədər iştirak etdiyi 299 Qran Pridə 296 dəfə start alıb.

Jil Vilnöv adına tras Valtteri Bottasın üç dəfə ardıcıl podiuma yüksəldiyi yeganə trasdır. Qarşıdakı həftəsonu da yarışı ilk üçlükdə tamamlasa, bu uğuru ardıcıl dördüncü dəfə təkrarlayacaq.

Kimi Rəykkönen son qələbəsindən sonra 100-cü yarışına çıxacaq. Bundan sonra hansısa yarışda finiş xəttini birinci yerdə keçsə, iki qələbə arasındakı ən çox yarış sayına görə yeni rekordçu olacaq. Bu çox da arzulanmayan rekord hazırda Rikardo Patrezeyə məxsusdur – 99 yarış.

Karlos Sayns Kanada Qran Prisindən əvvəl Sebastyan Fettel, Lyuis Həmilton, Kimi Rəykkönen və Daniel Rikkardo ilə yanaşı bu mövsüm bütün yarışlara ilk onluqdan başlayan beş sürücüdən biridir.

Roman Qrojan ən yaxşı nəticəsini 2012-ci ildə Monrealda ikinci olaraq əldə edib. 2013-cü ildə ABŞ-da bu uğurunu təkrarlaya bilib. Bu il onun ilk altı yarışda xal qazana bilmədiyi ilk mövsümdür. Həm də, Roman ilk dəfədir ki, ardıcıl 10 yarışda (keçənilki Yaponiya Qran Prisindən bəri) xal əldə edə bilmir.

Ləns Stroll keçən il öz vətənində karyerasında ilk xalını əldə etmişdi.

Buradakı son 20 yarışın 12-də Təhlükəsizlik Maşını trasa çıxmalı olub. Bu hal 1999-2007-ci illər arasında dörd dəfə baş verib. 2007-ci ildə TM 19 dövrə vurub, lakin bu, 2011-ci illə müqayisə oluna bilməz. Qırmızı bayraqlarla 2 saat saxlanılan, ümumilikdə dörd saat davam edən həmin unudulmaz yarışda Bernd Maylander 32 dövrə trasda qalmışdı.

Monrealda nəticələr adətən sıx olur. Burada baş tutan son 15 yarışın səkkizində qaliblə yarışı ikinci yerdə başa vuran sürücü arasındakı fərq 3 saniyədən aşağı olub. Maraqlıdır ki, Daniel Rikkardo 2014-cü ildə TM arxasında başa çatan yarışda 4 saniyə fərqlə qələbə qazanmışdı. Bu trasda qaliblə ikinci arasında ən böyük fərq 1983-cü ildə olub – Rene Arnu finiş xəttini Eddi Çiverdən 42.029 saniyə əvvəl keçib.

Kanadada yarışa pouldan başlamaq qələbəyə zəmanət vermir. Buradakl son 16 yarışın yalnız yeddisində öndən start alan sürücü qalib gələ bilib. Dörd halda isə yarışa ilk beşlikdən arxada başlayan sürücü yekunda qələbəyə sevinib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*