Kanada-2018: Maraqlı statistika

F-1.az Kanada Qran Prisindən sonra maraqlı statistik məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Sebastyan Fettel Monrealda bu mövsüm dördüncü, karyerasında 54-cü poulunu əldə edib. Alman sürücü poul sayına görə ümumi reytinqdə dördüncüdür. Üçüncü yerdəki Ayrton Sennaya çatmaq üçün daha 12 poul əldə etməlidir.

Sebastyan Fettel sıralanma turunda birinci olaraq Mercedes-in buradakı ardıcıl 4 poulluq seriyasına son qoyub. Bu, Jil Vilnöv adına trasın tarixində ən uzun seriya idi.

Jil Vilnöv adına tras Sebastyan Fettelin 4 poul əldə etdiyi dördüncü tras olub. Ferrari-nin sürücüsü Sinqapur, Çin və Yaponiyada da 4 dəfə təsnifat mərhələsində qalıb gəlib.

Sebastyan Fettel 2004-cü ildən bəri mövsümün ilk 7 yarışında 4 poul qazanan ilk sürücü olub. Mixael Şumaxer 14 il əvvəl ilk 7 yarışda 5 dəfə poula sevinmişdi.

Ferrari komandası Kanadada 16 ildən sonra ilk poulunu əldə edib. Komanda üçün iki poul arasında bu qədər vaxt fərqi Monakoda da olub.

Sıralanma turunda ikinci olan Valtteri Bottas 10-cu dəfə yarışa ilk cərgədən başlayıb. Maraqlıdır ki, Valtteri bunu ilk dəfə də elə Monrealda bacarmışdı.

Turbo motorlara keçiddən sonra ilk dəfə Monrealda poulu Mercedes-dən başqa komandanın sürücüsü əldə edib.

Sıralanma turunda dördüncülük – turboera başladıqdan sonra Lyuis Həmilton üçün ən pis nəticədir.

 

YARIŞ

Kanadada bu mövsüm üçüncü, karyerasında 50-ci qələbəsini qazanan Sebastyan Fettel bu statistikaya görə də ümumi reytinqdə dördüncüdür. O, daha bir qələbə qazanarsa, Alen Prosta çatacaq.

Bu, Sebastyan Fettelin Ferrari ilə qazandığı 11-ci qələbədir. Fernando Alonso və Felipe Massa da “qırmızılar”ın tərkibində eyni sayda zəfər əldə ediblər.

Monrealdakı qələbə Ferrari üçün 232-ci olub və McLaren-lə (182) qələbə sayındakı fərq 50-yə çatıb. İtalyanlar bu göstəriciyə görə liderdirlər.

Sebastyan Fettel karyerasında 14-cü dəfə yarışa startdan finişə qədər liderlik edib və bu göstəriciyə görə Cim Klark və Lyuis Həmiltonu (hər ikisi 13 dəfə) üstələyərək ikinci olub. Lider Ayrton Sennada isə bu say 19-dur.

Yarışda beşinci olan Lyuis Həmilton ilk dəfə Kanadada podiuma yüksəlməyib.

Fernando Alonso Kanadada iştirak etdiyi 16-cı yarışda səkkizinci dəfə mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*