K.Sayns: “Fürsəti əldən verdik”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns düşünür ki, Sinqapurda bəxtləri gətirmədiyi üçün vacib xallar itiriblər...

F-1.az xatırladır ki, Sayns sıralanma turunda 6-cı yeri tutmuşdu, amma ispaniyalı sürücü yarışın startında Hülkenberq ilə təmas yaşadığı üçün maşınında yaranan nasazlığa görə ona narıncı-qara bayraq göstərilmışdı. Ona görə də Sayns pitə gəlmiş və ispaniyalının bolidindən sallanan detalı mühəndislər qoparmışdılar. Daha sonra isə ispaniyalı sürücünün bolidində MGU-H problemi yaşanmış və Sayns daha zəif bolidlə yarışaraq, 14-cü yeri tuta bilmişdi.

Karlos Sayns: “Fürsəti əldən verdik. Bolidimiz güclü idi və yaxşı nəticə əldə edə bilərdik. Belə bolidlə hər şey qaydasında olarkən xalsız qalmaq əsəblərimi pozur. Amma təslim olmuruq və yenidən mübarizə aparmaq üçün işləyəcəyik”.

Sayns bildirib ki, startdakı təmasın əsas səbəbi Maksın yerindən gec tərpənməsi olub: “Maks yarışa pis başladı və ona çırpılmamaq üçün ləngidim. Daha sonra isə Fernando, Kvyat və başqaları onu ötməyə başladılar. Beş sürücü yan-yana gəldik, amma çırpılmamaq mümkün deyildi. Qəzadan sonra pitə girməli olduq və bu strategiyamıza təsir etdi. SuperSoft təkərlərim sürəti əla idi. Sonra Soft təkərlərə keçdim və onlarla 26 dövrə vurduq. Daha sonra isə MGU-H problemi yaşadıq və 600 at qüvvəsi ilə yarışmalı olduq. Mən mübarizə aparırdım və daha yaxşı nəticələr qazanmaq istəyirdim. Amma mühərrikdə problem olduqdan sonra xal ümidim boşa getdi”.

Sayns bildirib ki, Malayziyada onları çətin yarış gözləyir: “Sepanqda iki uzun düzlük var və bu bizim üçün yaxşı xəbər deyil. Amma təslim olmamalıyıq və mübarizə aparmalıyıq. Hələ də yaxşı xallar qazana bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*