K.Rəykkönen: “Formula1 qisas almaq yeri deyil”

Ferrari-nin finlandiyalı sürücüsü Belçika Qran Prisində Maks Ferstappenin yarışın əvvəlində baş verən insidentə görə sərt müdafiə olunduğunu bildirməsinə cavab verib.

F-1.az xatırladır ki, Spada keçirilən yarışın ilk dövrəsində yaşanan insidentdən sonra Ferrari-nin hər iki sürücüsü və Maks Ferstappen gerilərə düşmüşdü. Yarışın sonrakı dövrələrində Ferstappen Rəykkönenə qarşı olduqca aqressiv şəkildə müdafiə olunmuşdu. Lakin yarış ərzində stüardlar tərəfindən araşdırılmayan insident barədə danışan Maks qəsdən etdiyini bu sözlərlə dilə gətirmişdi: “Əgər mənim yarışımı pis hala salarlarsa, mən də onların işlərini asanlaşdırmaram. Bunu başa düşməlidirlər. Onlara “gəlin, keçin” deməyəcəyəm. Amma bütün bunlar yarışın əvvəlindəki hadisədən sonra oldu. Əgər o hadisə baş verməsəydi, bu qədər aqressiv olmazdım və Kimini trasdan çıxarmazdım”.

Rəykkönen İtaliya Qran Prisindən əvvəl bu mövzuda açıqlama verib: “Maksla şəxsi problemimiz yoxdur. Yaxşı sürür, sürətli pilotdur. Amma hiss edirəm ki, bəzi şeyləri düz etmir. Hamı kimi, o da istədiyi mövzuda danışmaqda sərbəstdir. Bu barədə çox danışmaq istəmirəm. Kimsə ilk dövrədə baş verənlərə görə yarışın gedişində daha sərt və aqressiv davrandım deyirsə, bunun düzgün olduğunu düşünmürəm. Formula1 qisas almaq üçün olan idman deyil. Belə hadisələr çox pis sonluqla bitə bilər. Bəli, insanlar səhv edə bilər. Hamı səhv edir, bu hamımızın başına gələ bilər. Amma yenə deyirəm, bura axmaqca davranaraq qisas almaq yeri deyil…”

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*