18 Oktyabr 2017, Çərşənbə - 22:21

İtaliya mətbuatı Ferrari-ni kəskin tənqid edib

İtaliya mətbuatı Ferrari-ni kəskin tənqid edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:13 - 20 Sentyabr, 2017

Şənbə günü sıralanma turunda Sebastyan Fettel və Kimi Rəykkönenin uğurlu çıxışından sonra Ferrari komandasının azarkeşləri bazar günü yarışda komandasından bu uğurun davamını gözləyirdilər. Amma reallıqda hər şey Skuderiyanın azarkeşləri üçün ən qorxulu filmin ssenarisindən də betər alınıb – Sebastyan Fettel və Kimi Rəykkönen birinci döngəyədək toqquşaraq hər ikisi mübarizədən kənar qalıblar.

F-1.az bildirir ki, Ferrari-nin ilahiləşdirildiyi bir ölkədə yerli KİV Sebastyan Fettel kəskin tənqid atəşinə tutub. La Gazetta dello Sport yazır ki, “almaniyalı sürücü mövqeyini Maks Ferstappenin hücumundan bu dərəcədə canfəşanlıqla müdafiə etməməli idi – ən pis halda Fettel döngədə ikinci olardı, lap finişə qədər belə olsa idi, 18 xal qazanardı və çempionatda liderliyini qaytarardı…”

Qəzetin jurnalisti kəskin tonda davam edir: “Ferrari hər şeyi özü korladı. Fettel qərara aldı ki, yarış yalnız bir döngədən ibarətdir və qəzaya səbəb oldu. Yekun nəticədə isə indi Həmiltona 28 xal uduzur”. Daha sonra isə jurnalist Sebastyana Azərbaycan Qran Prisində Təhlüksəsizlik Maşınının arxasında Lyuislə yaşadığı “ağılsız” təması da xatırladıb.

Qəzetin bütün səhifəsini tutmuş yazıda jurnalist Skuderiyanın rəhbərliyini də unutmayıb: “Niyə Mauritsio və ya digərləri Kimi ilə startdan əvvəl söhbət etməmişdilər? Niyə onlar finlandiyalı sürücüyə izah etməmişdilər ki, belə yaxşı start almağa çalışmasın, hazırda onun işi titul uğrunda mübarizə aparan Sebastyanın mövqeyini rəqiblərdən qorumaq olmalıdır…”

İtaliyanın digər nüfuzlu qəzeti – Corriere della Sera isə kinayə ilə bildirib ki, “Sebastyan Fettel və Kimi Rəykkönen tələsərək 3 ay öncədən Lyuis Həmiltona Milad bayramına hədiyyə göndəriblər – onun titula yolunu təmizləyiblər. Qəzetin manşeti də start insidentinə həsr olunub: “Yox, Fettel, belə də yox!”

Tutto sport artıq Mercedes-i təbrik edib: “Bu qəza Maranellonun titul ümidlərini basdırdı. Bir neçə saniyə ərzində bütün mövsümün əziyyəti puç oldu…”

La Stampa isə əlavə edib: “İndi Lyuisi dördüncü titula doğru yüngül gəzinti gözləyir…”

Sinqapur Qran Prisinin yekunlarını Ferrari-nin prezidenti Sercio Markionne hələlik şərh etməyib. İki həftə əvvəl Montsada ev yarışında Mercedes-ə məğlubiyyətdən sonra Markionne bildirmişdi ki, “bu, düzgün Ferrari deyildi və biz Sinqapurda geri dönəcəyik…” Bazar ertsəi Maranelloda baş tutan toplantıda Markionnenin komanda rəhbərliyinə qarşı hansı sözləri işlətdiyindən xəbərsizik, amma əminik ki, bu toplantıda Sinqapur uğursuzluğunun müzakirəsi mehribanlıq və dostluq atmosferində keçməyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 163
Teqlər , , , , , , , , ,
Paylaş

logo