17 Dekabr 2017, Bazar - 17:59

Hyundai Creta test olunub

Hyundai Creta test olunub

Müəllif: Ruslan Musayev, redaktor

08:24 - 06 Mart, 2017

AutoGraph.Az saytı ilə birlikdə CBC Sport kanalında yayımlanan AutoGRAPH verilişi üçün ölkəmizdə bazara yeni qədəm qoyan Hyuindai Creta modeli test edilib.

F-1.az bildirir ki, əslində Hyundai Creta heç də bu günlərdə işıq üzü görmüş model deyil. İlk dəfə bu krossoveri həyata gözlərini İX25 adı ilə 2014-cü ildə Çində açmışdı. Sonradan avtomobil Hindistan bazarını fəth etməyə yollanmışdı. İki il əvvəl isə Hyundai rəhbərliyi krossoveri bütün dünyada satmaq qərarına gəlmiş və avtomobilə Krit adasının ismini bəxş etmişdi. Beləliklə, azərbaycanlı alıcılar da bu yığcam şəhər krossoverini əldə etmək şansını qazanmış olublar.

Qeyd etmək lazımdır ki, bizim insanlar arasında Hyundai avtomobillərinə birmənalı münasibət mövcud deyildir – bu avtomobillərin pərəstişkarları da var, ona mənfi münasibət bəsləyənlər də. Hər halda, ölkəmizin yollarında şütüyən Hyundai avtomobillərinin sayını hesablasaq, birincilərin üstünlük təşkil etdiklərinin şahidi olarıq.

Hyundai Creta modelinin qabarit uzunluğu 4270 millimetr, eni 1780 millimetr, hündürlüyü isə 1630 millimetrdir. Krossoverin təkər bazasının uzunluğu 2590 millimetrə bərabərdir. Hyundai Creta 190 millimetrlik klirensə və 1825 kiloqram tam çəkiyə malikdir. Baqaj bölümünün həcmi 402 litr təşkil edir ki, arxa cərgənin oturacaqlarının qatlanması halında bu rəqəm 1396 litrə qədər artırıla bilər. Creta yeni nəsil Solaris/Accent modelinin platformasında yığılmışdır. Avtomobilin konstruksiyasında yüksək möhkəmlikli poladdan geniş istifadə edilmişdir ki, bu da krossoverin kuzovunun burulmaya qarşı sətrliyindən və yüksək dözümlülüyündən xəbər verir. Zahiri cəhətdən Creta heç də pis alınmamışdır. Avtomobil “dünya gözəli” olmasa da,  ona çirkin deməyə də haqqımız yoxdur. Məncə, Hyundai Creta çoxlarının asanlıqla qəbul edəcəyi zahiri görkəmə malikdir. Krossoverin ən yadda qalan elementləri qara rəngli ön dayaqlar və üçölçülü radiator barmaqlığıdır.

 

Avtomobilin interyeri də genişliyi və maraqlı tərtibatı ilə yadda qalır. Ön cərgədə sərbəst məkanın olduğunu anında hiss edirsən. Arxa cərgədə də gərək olan qədər yer mövcuddur. Hyundai Creta nə qədər yığcam görkəmə rəğmən, geniş daxili məkan təklif edir. Salonun tərtibatında istifadə edilən materiallar gözlədiyimizdən də yaxşı səviyyədədir. Buna misal olaraq ön panelin hazırlandığı yumşaq plastiki göstərmək olar.

Doğrudur, salonda sərt plastikə də rast gəlmək olar, lakin avtomobilin qiymətini və hədəflədiyi alıcı kütləsini nəzərə alsaq, bunu normal hal kimi qəbul etmək olar. İstənilən halda “kasib malı” seqmentində çıxış edən avtomobil üçün, Hyundai Creta yaxşı səviyyədə material seçimi ilə seçilir.

Müasir avtomobillərin erqonomikasında irad axtarmaq vaxt itkisindən başqa bir şey deyildir. Hyundai Creta modelinin salonu da erqonomik cəhətdən yaxşı tərtib edilmişdir. Sürücü oturacağına əyləşən andan rahatlıqla idarəetmə orqanlarından istifadə etmək mümkündür.

 

Bizim bazarda Hyundai Creta iki benzin mühərriki ilə təklif edilir. Bunlardan birincisi, test avtomobilinin kapotunun altında yerləşmiş, 123 at qüvvəsinə və 149 Nm fırlanma anına malik olan 1.6 litrlik atmosfer mühərriyidir. Krossoverin ən güclü variantı isə 150 at qüvvəsi və 192 Nm fırlanma anı olan 2.0 litrlik mühərrik ilə təchiz edilir. Ötürmələr qutusu – alternativsiz olaraq altıpilləli avtomatik ötürmələr qutusudur. Hyundai Creta üçün iki ötürmə sistemi təklif edilir: Creta 1.6 Komfort modeli yalnız öndən çəkişlidir. Creta 1.6 Aktiv təchizat səviyyəsində olan və 2.0 litlik mühərriklə təchiz edilmiş modellər tam çəkiş sistemi ilə təchiz edilirlər.

 

 

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 709
Teqlər , , ,
Paylaş

logo