H.Tilke 2016-cı ilin Bakı Qran Prisi haqqında danışıb

Hermann Tilke Formula1 yarışları üzrə dünya çempionatının təqviminə qayıdan Meksika trası və təqvimdə gələn il debüt edəcək Bakı trası haqqında […]

Hermann Tilke Formula1 yarışları üzrə dünya çempionatının təqviminə qayıdan Meksika trası və təqvimdə gələn il debüt edəcək Bakı trası haqqında danışıb…

Dünyanın ən bahalı idman növü olan Formula1 yarışları həm də dünyanın ən baxımlı idman növü sayılır. Televiziya auditoriyasına görə bu diman növü yalnız dörd ildən bir keçirilən futbol üzrə Dünya Çempionatının final mərhələsindən geri qalır. Çempionatda hər il yeni ölkələr debüt edirlər. Bu il uzun fasilədən sonra Meksika yenidən çempionatın təqviminə qayıdıb, gələn il isə 800 at qüvvəsi olan motorların səsi gözəl Bakımızın küçələrindən gələcək.

Son illər çempionatda debüt edən yeni trasların arxitektoru olan almaniyalı mühəndis Hermann Tilke məşhur Formula1 bloqqeri Adam Kuperin qonağı olub və onun suallarını cavablandırıb. F-1.az-ın Kuperin bloquna (http://adamcooperf1.com) istinadən verdiyi məlumata görə, Tilke Meksika trasında görülən yenidənqurma işləri barədə danışıb…

Herman Tilke: “Bu trasda sonuncu dəfə Meksika Qran Prisi 1992-ci ildə keçirilib, ona görə də biz genişmiqyaslı rekonstruksiya işləri görməli olduq. Bütün yeniliklərlə yanaşı biz avtodromun özünəməxsusluğunu qorumağa çalışdıq.

Yeni bokslar və paddok kompleksi qurulub, düzdür, bizim boş yerimiz çox az idi. Start-finiş düzlüyündən sonra biz trasın konfiqurasiyasına bir neçə döngə əlavə etdik, çünki tamaşaçıları maraqlandıran əsas hadisələr bu ərazidə baş tutacaq. “İlanvari” döngə, yəni sürətli döngələr ardıcıllığı stadionun içində qalacaq – bu hissə əvvəllər də tamaşaçıların sevimlisi idi. Böyük konsert zalı qurulub, maşınlar yarış zamanı zalın içindən keçəcəklər. Əlbəttə, bu sahə trasın yavaş hissəsidir, amma bu sahə tamaşaçılar üçündür, burda kəskin mübarizə gözlənilir.”

Bundan sonra Tilke Bakı trası barədə səslənən tənqidi sualı da cavablandırmalı olub, almaniyalı mühəndis əmindir ki, trasın qrafiki onun real görünüşünü ifadə etmir…

Hermann Tilke: “Siz trası 3D qrafikada görməmisiniz, gördüyünüz şəkillərdə trasın gözəlliyini çatdırmaq mümkün deyil. Köhnə şəhərə doğru qalxan tras köhnə qala divarlarının yanından keçir – bu, çox maraqlı olacaq. Bu tras tamamilə müvəqqəti xarakter daşıyacaq. Bəzi sahələrdə biz örtüyü dəyişəcəyik. Tras çox sürətli olacaq və digər şəhər traslarından fərqlənəcək. Bakı trası Monako və ya Sinqapura bənzəməyəcək, tamamilə xüsusi bir tras olacaq…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*