22 Noyabr 2017, Çərşənbə - 20:42

Haas F1 Team – Haas VF-17

Haas F1 Team – Haas VF-17

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:36 - 26 Fevral, 2017

Amerika təmsilçisi yeni maşınını mövsümöncəsi testlərə bir gün qalmış təqdim edib, daha doğrusu, maşının şəkilləri komandanın saytında və sosial şəbəkə hesablarında dərc olunub. Amma VF-17-nin ilk şəkilləri hələ dünəndən internetdə yayılmışdı.

Yeni maşın VF-17 adlanır – VF 1988-ci ildə Cin Haasın başçılıq etdiyi şirkətin istehsal etdiyi Vertikal-Frezer dəzgahının adıdır, rəqəmlər isə 2017-ci ili ifadə edirlər.

Komanda debüt ilində hamını təəccübləndirməklə Mühəndislər Kubokunu 8-ci yerdə başa vurmuşdu – bu il komandanın məqsədi orta qrupda liderə çevrilməkdir. Hərçənd, reqlamentin ciddi dəyişdiyi bir vaxtda proqnoz vermək çox çətindir.

 

Cin Haas, komandanın sahibi: “Formula1-də iştirakımız elə səviyyədə etibar təmin edir ki, onu adi reklam vasitəsilə qazanmaq mümkün deyil. İnsanlar sadəcə sözlərə inanmırlar, hər sözə sübut istəyirlər – yalnız isbatdan sonra sizin arxanızca getməyə hazır olurlar.

Biz əvvəldən belə metod seçmişdik – insanları öz bacarıqlarımıza inandırmalıyıq, bunu digərləri edə bilmirlər. Düşünürəm ki, elə dəzgah və avadanlıq istehsalçıları da işə bu cür yanaşırlar.

Daha böyük, daha yaxşı, daha sürətli, daha yüngül – sənaye istehsalında da buna çalışırıq, elə avtoidmanda da. İnsanlar görürlər ki, biz Formula1-də uğurlu çıxış edirik və hesab edirlər ki, Haas Automation şirkəti dünya standartlı dəzgahlar istehsal edir”.

 

Günter Ştayner, komandanın başçısı: “Düşünürəm ki, 2016-cı illə müqayisədə bizim maşında yalnız pedallar dəyişməyib – qalan bütün detallar keçənilki ilə müqayisədə çox fərqlənir.

Siz həmişə maşını sürətli etməyə çalışrısınız – adətən bunun üçün maşının kütləsini azaltmaq ən asan yoldur. Ona görə də bu il biz daha çox ballastdan istifadə edə bilərik və bunun sayəsində daha optimal çəki paylanmasına nail ola bilərik. Maşının aerodinamikası bu il tamamilə yenilənib. Enli təkərlərə öyrəşmək isə müəyyən vaxt tələb edəcək.

Estetik baxımdan maşın daha aqressiv görüünr, aerodinamika daha effektiv olub. Keçənilki maşının zəif yerlərini bu il aradan qaldırmağa çalışmışıq”.

 

Keçən il komandanın bütün xallarını Roman Qrojan qazanmışdı, onun yeni komanda yoldaşı Renault-dan gəlmiş Kevin Maqnussen olacaq…

Roman Qrojan: “Məşq qrafikini bu il dəyişməli oldum, artan sürətlər və yüklənmələr əzələ artırmağa imkan verdi. Boyun əzələlərimiz və bədən əzələlərimiz ilk yarışlarda yəqin ki, ağrıyacaq, amma sonra hər şey yoluna düşəcək. Bütün bədənimiz yüksək sürətlərə tab gətirməyə hazır olmalıdır.

Komandada hamının əhvalı yaxşıdır, elə təəssürat var ki, heç qış tətilinə ayrılmamışdıq. Testlər maraqlı olacaq. Ümid edirəm ki, yeni təkərlərlə tez dil tapacam. Bizi gərgin test proqramı gözləyir. Əminəm ki, mövsümün ilk yarışında keçən il olduğu kimi hamını təəccübləndirə biləcəyik”.

Kevin Maqnussen: “Fiziki hazırlıqda boş dayanmaq olmaz, ona görə də bu il tətilim çox tez başa çatdı, hər günümü isə məşq zalında keçirdim. Barselona testlərində belə sürətli maşını ram etməyin nə dərəcədə çətin olmasına baxarıq.

Sükan arxasına keçmək üçün səbirsizlənirəm. Keçən mövsüm başa çatdıqdan iki hədtə sonra artıq yarış üçün darıxmağa başlamışdım. Ümid edirəm ki, yeni komandada yeni maşının davranışı xoşuma gələcək və mən onu sürməkdən həzz alacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 3. 990
Teqlər , , , , ,
Paylaş

logo