Dünya çempionları: Niki Lauda

Formula1-in 68-ci mövsümünün başlamasına bir aydan az vaxt qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Həm Ferrari, həm də McLaren ilə çempion olmuş yeganə sürücü - Andreas Nikolaus "Niki" Lauda!

Niki Lauda 1949-cu il fevralın 22-də Avstriyanın paytaxtı Vyanada varlı bir ailədə anadan olub. Ailəsi onun avtoidmanı seçməsinə və yarışmasına narazılıq edib, lakin bütün bunlara baxmayaraq Niki fikrindən dönməyib. Hətta bəzən gizlincə yarışan Lauda ailəsinin ona yarışmaq üçün maddi dəstək göstərməməsinə görə çətinliklərlə qarşılaşıb. Bankdan 30 000 funt sterlinq kredit alan Niki March-ın Formula2 komandasına qoşulur. Öz istedadını tezliklə göstərə bilir və Formula1-ə keçir.

FORMULA1 KARYERASI

Niki Lauda

 

Statistika
Yarışdığı illər 1971-1979, 1982-1985
Yarışdığı komandalar March, BRM, Ferrari, Brabham, McLaren,
İştirak (Start) 177 (171)
Çempionluq 3 (1975, 1977, 1984)
Qələbə 25
Podium 54
Xal 420.5
Poul 24
Sürətli dövrə 24
İlk yarışı Avstriya Qran Prisi, 1971-ci il
İlk qələbəsi İspaniya Qran Prisi, 1974-cü il
Son qələbəsi Hollandiya Qran Prisi, 1985-ci il
Son yarışı Avstraliya Qran Prisi, 1985-ci il

1971-ci ildə March komandasının Formula2-dəki işləri pis getməsə də, Formula1-dəki vəziyyət bərbad idi. Həmin il Formula1-də yalnız öz vətənində yarışa çıxan Niki finişə çata bilmir. Növbəti il isə ilk tam mövsümünü keçirir. Lakin mövsümü xalsız başa vurur. 1973-cü ildə BRM komandasına keçməyə qərar verir və bunun üçün ikinci dəfə bankdan kredit götürməli olur. Mövsüm ərzində yalnız bir yarışda – Belçikada xal zonasına düşə bilir. Lakin BRM komandası üçün pis günlər başlayır. BRM-i tərk edərək Ferrari-yə keçən Kley Reqatsonidən yeni komandasına Laudanı soruşurlar. Kley onun barədə yaxşı sözlər deyir və Ferrari Nikini də komandaya qatır. Bunda Nikinin kreditlərini ödəmək üçün ona təklif edilən məbləğin də böyük rolu olur.

Son illərdəki uğursuzluqlardan sonra komanda Luka di Montedzemolonun rəhbərliyi altında dirçəlmə dövrünü yaşayır. Komandadakı debüt yarışında ikinci olan Niki mövsümün dördüncü yarışında İspaniyada ilk qələbəsini qazanır. Bu, həm də Ferrari-nin son üç ildəki ilk qələbəsi idi.

Niki Lauda Ferrari 312T ilə

Ardıcıl altı dəfə poul əldə edən Niki həm təcrübəsizlik, həm də maşının mexaniki problemlərinə görə mövsüm ərzində cəmi iki dəfə qalib gələ bilir – növbəti qələbə Hollandiyada əldə edilir. Son beş yarışda finiş görə bilmir və mövsümü dördüncü yerdə başa vurur. Növbəti ilin maşınının inkişafı üçün çox kömək edir, testlərdə fəal iştirak edir.

1975-ci il Lauda üçün “sakit” başlayır. İlk üç yarışda ancaq xal zonasına düşməklə kifayətlənir və dördüncü yarışda finişə çata bilmir. Lakin Monako Qran Prisindən etibarən beş yarışın dördündə qalib gəlir. Çempionluğunu vaxtından əvvəl – mövsümün sonuna bir yarış qalmış, Montsada üçüncü yeri tutaraq təmin edir. Reqatsoni həmin yarışda qalib gəlir və Ferrari son 11 ildə ilk dəfə Mühəndislər Kubokunun qalibi olur. Lauda həm də Nürburqrinqdə “Şimal ilməsi”ndə dövrəni yeddi dəqiqədən sürətlə başa vuran ilk sürücü olur.

Montedzemolonu əvəz edən Daniele Audettoyla münasibətlərinin gərginliyinə baxmayaraq, Lauda növbəti mövsümə əla start verir və ilk altı yarışın dördündə qalib gəlir. Digər iki yarışı isə ikinci yerdə başa vurur. Britaniyada mövsümdəki beşinci qələbəsini qazandıqdan sonra artıq titulu qazanacağına heç kim şübhə etmir, çünki xalı ən yaxın izləyicisindən ikiqat çox olur. Bunu bacarsa, Cek Brəbhəmdən sonra ardıcıl titul qazanan ilk sürücü olacaqdı. Lauda eyni zamanda Cim Klarka aid bir mövsümdə ən çox qələbə qazanmaq rekordunu qırmağa da çox yaxınlaşır. Lakin…

Niki Laudanın Nürburqrinqdəki qəzası. 1976-cı il.

Lauda Almaniya Qran Prisindən bir həftə əvvəl sürücüləri Nürburqrinqdəki yarışı boykot etməyə çağırır. Çünki 23 km uzunluğundakı trasın təhlükəli olduğunu hesab edir. Lakin sürücülərin çoxu bunun əleyhinə səs verir və yarışın keçirilməsinə qərar verilir. Yarışın ikinci dövrəsində Lauda idarəetməni itirərək maneəyə çırpılır və trasa qayıdır. Alovlanan maşınla Brett Lungerin Ford-u toqquşur. Lauda maşından çıxa bilmir. Lunger, Mertsario və Eduards onun maşından çıxarılmasına kömək edirlər. Xüsusilə baş nayihəsindən ağır yanıq xəsarətləri alan Laudanın ciyərlərinə də zəhərli qaz dolur və qanı zəhərlənir. Maşından çıxarılarkən şüuru açıq olsa da, tezliklə komaya düşür. Başının çox hissəsi yanan Lauda bir çox estetik əməliyyatlardan keçməli olur və o vaxtdan bəri həmişə beysbolksa geyinir. Onun beysbolkaları əsasən sponsor şirkətlərinə aid olur.

Qəzadan sonra Ferrari etiraz əlaməti olaraq Avstriya Qran Prisini boykot edir. Laudanın qəzaya uğraması və yarışları buraxması ən çox onun əzəli rəqibi Ceyms Hanta sərf edir. Fürsətdən istifadə edən Ceyms mövsümün ikinci hissəsində beş qələbə qazanır. Lauda qəzadan altı həftə sonra yarışlara qayıdır. Yaponiyada yağışlı havada keçirilən mövsümün son Qran Prisində Hantı 3 xal fərqlə üstələyən Lauda yarışı vaxtından əvvəl dayandırır. Buna səbəb kimi isə yolu görməkdə çətinlik çəkdiyini, yağışın buna daha da mane olduğunu göstərir. Hant finiş xəttini üçüncü keçir və Laudanı bir xal üstələyərək ilk və yeganə titulunu qazanır.

Əzəli rəqbilər – Niki Lauda və Ceyms Hant

Komanda ilə münasibətləri Yaponiya Qran prisindən sonra daha da pisləşir. Karlos Röytemanın komandada olması da onu narahat edir və Ferrari-nin onu sıxışdırdığını, Karlosa üstünlük verdiyini bildirir. Bütün bunlara baxmayaraq, 1977-ci ildə 3 qələbə, 10 podium əldə edir və çempion olur. Jil Vilnövün üçüncü sürücü kimi komandaya gətirilməsindən sonra isə Ferrari-ni tərk edir və mövsümün son iki yarışını buraxır. Növbəti mövsüm Brabham-in təklif etdiyi bir milyon dollarlıq maaşı qəbul edir. Yeni komandasındakı ilk ilində qələbələr və podiumlar əldə edə bilsə də, 1979-cu il çox pis keçir və cəmi iki yarışda xal zonasına düşə bilir. Mövsümün sonunda isə Formula1-dən getdiyini açıqlayır.

Lauda 1982-ci ildə Formula1-ə qayıdır. McLaren-lə uğurlu testlərdən sonra yeganə problem qalır – komandanın əsas sponsoru olan Marlboro-nu Laudanın yarışlara tam hazır olduğuna inandırmaq. Bunun öhdəsindən gəlirlər və Lauda da özünü tezliklə təsdiq edir – mövsümün üçüncü yarışında ABŞ-da qələbə qazanır. Növbəti qələbə Britaniyada gəlir və Niki mövsümü beşinci yerdə tamamlayır. Növbəti mövsümün ilk iki yarışında podiuma yüksəlsə də, bu uğuru davam etdirə bilmir. Qalan yarışların ancaq üçündə finişə çata bilir. 1984-cü il isə McLaren üçün olduqca uğurlu alınır. Komanda gələcəyin dördqat dünya çempionu Alen Prostu da heyətinə qatır. Komanda yoldaşları ümumilikdə 16 yarışın 12-ni qazanırlar. Yekunda isə yarım xal fərqlə Prostu üstələyən Lauda çempion olur (Monako Qran Prisi tez başa çatdığından sürücülərə xalların yarısı verilmişdi). Mövsümün son yarışında Prost əlindən gələni edir. Yarışda qalib gəlsə də, bu kifayət etmir, çünki Lauda çempion olmasını təmin edən ikinci yeri tutur.

Lauda Prostun komandaya gəlməsini ilk vaxtlarda istəməsə də, sonradan ikilinin münasibəti yaxşı olur. Lauda Alenin istedadını görür və ona motivasiya verir. 1985-ci ildə Prostun mükəmməl mövsüm keçirərək çempion olması fonunda Laudanın işləri heç də yaxşı getmir. Hollandiyada yeganə qələbəsini qazanır. Belçikada məşqlərdəki qəzada biləyini qırır və Avropa Qran Prisinə çıxa bilmir. Mövsümün sonunda isə karyerasını tamamlayır.

Niki Lauda

Lauda daha sonra Formula1-də müxtəlif vəzifələr tutur. Hazırda isə Mercedes AMG komandasının qeyri-icraçı direktorudur və komandanın səhmlərinin 10%-nin sahibidir. İki hava yolları şirkətinin qurucusu olan Laudanın Marlen Knaus ilə nigahından iki oğlu – Matias və Lukas dünyaya gəlir. Qeyd edək ki, Matias da atası kimi yarışçıdır, Lukas isə ona menecerlik edir. Laudanın nigahdankənar Kristof adlı bir övladı da olur. 2008-ci ildə ona böyrəyini verən Birgin Vetzinger ilə evlənib və cütlüyün bir il sonra Maks və Mia adlı əkizləri dünyaya gəlir.

Niki Laudanın həyatını, yarış karyerasını ən yaxşı işıqlandıran əsər 2013-cü ildə çəkilmiş “Yarış” (Rush) filmidir. Filmdə onun avtoidmana gəlməsindən, Ferrari-yə keçidindən və xüsusilə də, Ceyms Hantla olan rəqabətindən bəhs edilir. Hantın 45 yaşında infarktdan ölməsinə Laudanın reaksiyası filmdə əks olunub: “Onun öldüyünü eşitdiyimdə qətiyyən təəccüblənmədim, sadəcə çox məyus oldum…”

Niki Lauda Formula1-də öz izini qoymuş nadir sürücülərdən biridir. Ən sürətlilərdən olmasa da, çox bilikli olması, maşınlarının üzərində çox çalışması çempionluqlarında mühüm rol oynayıb. 1976-cı ildə o cür ağır qəzadan sonra yenidən yarışlara qayıtmağa isə hər sürücü cəsarət etməzdi. Niki Laudasız Formula1-i elə bu gün də təsəvvür etmək çətindir. Buna görə də onu paddoklarda görə bildiyimiz üçün sevinməliyik…

 

, , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*