2015-ci il reqlamentinə dəyişikliklər

2015-ci il reqlamentinə dəyişikliklər

Müəllif: Rahim N.Aliyev, baş redaktor

10:13 - 23 Mart, 2015

Keçən il Formula1-də çox ciddi dəyişikliklər baş vermişdi, bunun əsas səbəbi isə 1.6 litrlik V6 […]

Keçən il Formula1-də çox ciddi dəyişikliklər baş vermişdi, bunun əsas səbəbi isə 1.6 litrlik V6 turbomotorlara keçid idi. Bu il isə ciddi reqlament dəyişikliyi yoxdur. F-1.az bu dəyişiklikləri nəzərinizə çatdırır…

TEXNİKİ REQLAMENT

Keçənilki maşınlar yeni güc qurğusu ilə birlikdə çox ağır alınmışdılar, ona görə də sürücülər arıqlamalı olmuşdular, bəzi yarışlarda isə sürücünün içdiyi su qabının həcmini azaltmalı olmuşdular. FİA komandaların tənqidini nəzərə alaraq 2015-ci ildə maşınların minimal çəkisini qaldırıb – yarış həftəsonu ərzində maşının yanacaqsız çəkisi 702 kq-dan az olmamalıdır.

2014-cü ilə xas olan “donqar” burunların qarşısını almaq üçün FİA bu elementin ölçülərində dəyişiklik edib – təhlükəsizliyi və maşınların xarici görünüşünü yaxşılaşdırmaq üçün.

Maşınların altlığındakı nəzarət lövhəsi titandan hazırlanmalıdır. Əyləc diskləri isə təkərlə bərabər və eyni sürətlə fırlanmalıdır.

Ön və arxa asılqanları bir-biri ilə əlaqələndirən FRİC sistemi hələ keçən mövsümün ortasında qadağan olunmuşdu. İndi isə bu qadağa rəsmən reqlamentdə qyedə alınıb. Bundan sonra ön/arxa asılqanlar yalnız ön/arxa təkərlərin hərəkətlərinə reaksiya verməlidir.

Təhlükəsizlik yuvasının hər iki tərəfində Zylon materialından quraşdırılmış qoruyucu panelin hündürlüyü sürücünün başının yanında kokpitin hündürlüyünə qədər qaldırılıb.

İDMAN REQLAMENTİ

Aerodinamik testlər

Aerodinamik boruda iş saatları həftədə 85 saatdan 60 saatadək azaldılıb.

Aerodinamik boruda (WT_limit kəmiyyəti ) və CFD kompüterlərində testlərin ümumi saatını müəyyən edən WT kəmiyyətinin (WT <= WT_limit (1 - CFD/CFD_limit)) müddəti isə həftədə 30 saatdan 25 saata endirilib. CFD hesablama hidrodinamika sistemlərinin maksimum istehsal gücü də 30 Teraflopsdan 25 Teraflopsa salınıb. Bir gün ərzində aerodinamik boruda cəmi iki dəfə işləmək olar - komanda mövsüm ərzində yaınız bir aerodinamik borudan istifadə edə bilər. Güc qurğuları

Mövsümün gedişində hər bir sürücü cəmi 4 güc qurğusundan istifadə edə bilər. Bu il güc qurğusunun tam yenilənməsi üzündən sürücülər pit-leyndən start almaqla cərimə olunmayacaqlar, bu zaman hər bir modul üçün tətbiq olunan cərimələr toplanacaq.

FİA keçən ildən güc qurğusunu 6 əsas modula bölüb: daxili yanma mühərriyi, iki generator, rekuperasiya akkumulyatoru, turbin və elektron idarəetmə bloku.

Hər bir modulu mövsümün gedişində 4 dəfə cəriməsiz dəyişmək olar. Hər hansı bir modulun beşinci yenilənməsi startda 10 yer itirməklə cərimələnir, digər modulların beşinci yenilənməsi isə startda 5 yer itirməyə səbəb olacaq. Növbəti yenilənmələr zamanı da analoji cərimə sistemi tətbiq olunacaq.

Əgər sürücünün start mövqeyi cəriməni tam tətbiq etməyə imkan vermirsə, cərimənin yerdə qalan hissəsi növbəti yarışa keçirilmir, elə yarışın gedişində aşağıdakı sxemə uyğun cərimə ilə əvəz olunur:

– əgər tətbiq olunmayan cərimə mövqeyinin sayı 1-5 olarsa: yarışda 5 saniyəlik cərimə;

– əgər tətbiq olunmayan cərimə mövqeyinin sayı 6-10 olarsa: yarışda pit-leyndən keçmək;

– əgər tətbiq olunmayan cərimə mövqeyinin sayı 11-20 olarsa: yarışda 10 saniyəlik Stop&Go cəriməsi;

– əgər tətbiq olunmayan cərimə mövqeyinin sayı 21-dən çox olarsa: son nəticəyə zaman əlavə olunacaq.

Zaman cərimələri

Reqlamentin 16.3a bəndində nəzərdə olunmuş 5 saniyəlik cəriməyə yeni 10 saniyəlik cərimə əlavə olunacaq (bənd 16.3b) və eyni qayda ilə tətbiq ediləcək.

Maşının trasa təhlükəli buraxılması

Əgər yarışın gedişində pit-stopdan maşının təhlükəli çıxışı qeydə alınarsa, sürücü stüardlar tərəfindən 10 saniyəlik Stop&Go cəriməsi alacaq. Əgər təhlükəli çıxış mexaniki problemlərdən irəli gəlirsə və sürücü maşını sürməyə davam edirsə, onda stüardlar əlavə cərimə təyin edə bilərlər.

Sıralanma turu

Əgər sıralanma turunda 24 maşın iştirak edirsə, onda ilk iki sessiyanın hər birində 7 maşın mübarizədən kənar olur. Əgər sessiyada 22 maşın iştirak edirsə, ilk iki sessiyada mübarizəni dayandıran maşınların sayı 6 olacaq. Bu qayda ilə sessiyaya çıxan maşınların sayı azaldıqca, mübarizəni dayandıran maşınların da sayı azalır.

Təhlükəsizlik Maşını rejimində dövrəvi maşınların keçilməsi

Sonuncu dövrəvi maşın peletonun lideri keçdikdən sonra Təhlükəsizlik Maşını boksa qayıda bilər, yəni dövrəvi maşınların peletona çatmasını gözləməyə ehtiyac yoxdur.

Xallar

Mövsümün son yarışında ikiqat xalların hesablanması ləğv edilib.

Yerindən restart

Komandalarla məsləhətləşmələrdən sonra təhlükəsizlik problemləri nəzərə alındığı üçün 42.7 və 42.8 bəndləri ləğv edilib, yəni Təhlükəsizlik Maşını trasdan getdikdən sonra start düzlüyündən start verilməyəcək.

Virtual Təhlükəsizlik Maşını

Keçən mövsümün son mərhələlərində Virtual Təhlükəsizlik Maşını sistemini yoxladıqdan sonra Ümumdünya Şurası reqlamenti təsdiqləyib. Sistem yarışın direktoru tərəfindən tətbiq oluna bilər – yəni trasda real Təhlükəsizlik Maşınının çıxmasına ehtiyac olmasa, lakin tras kənarında duran marşallara təhlükə olarsa, yarış direktoru belə bir qərar qəbul edə bilər.

Virtual Təhlükəsizlik Maşını rejimində FİA-nın siqnal sistemində “VSC” yazısı işıqlanır, onun təsir zonasında bütün sürücülər sürətlərini ECU blokunda verələn sürətə qədər azaltmalıdırlar. Əgər sürücülər sürət məhdudiyyətini pozarlarsa, İdman Reqlamentinin 16.3 bəndinə müvafiq olaraq cərimələnə bilərlər.

VTM ejimində sürücülər pit-leynə girə bilməzlər, əlbəttə, planlı təkərlərin dəyişməsi bu qadağaya daxil deyil. Bundan başqa, VTM zamanı sürücülərə ötmə etmək də qadağandır, amma bu halda bəzi istisnalar var.

Pit-leynə daxil olarkən, təhülkəsizlik maşınının 1-ci xəttini keçdikdən sonra və pit-leynin çıxışındakı 2-ci əxttə qədər ötmə etmək olar. Əlbəttə, VTM zamanı hər hansı bir problem üzündən yavaşlayan maşını da ötmək olar.

Yarışın direktoru trasdakı vəziyyətin normallaşdığına əmin olduqdan sonra siqnal sistemində “VSC ENDİNG” yazısı işıqlandırılır və 10-15 saniyədən sonra “VSC” siqnalı yaşıl rənglə əvəz olunur, bundan sonra sürücülər yarışı davam etdirə bilərlər. 30 saniyədən sonra yaşıl işıqlar da sönəcək.

VTM rejimində keçirilən hər dövrə yarışın hesabına yazılır..

Yarışın dayandırılması

Yarış dayandırılarkən, pit-leynin çıxışı bağlanır, bütün maşınlar yavaş-yavaş pit-leynə qayıtmalıdırlar. Pit-leyndə 1-ci girən maşın çıxışda da birinci dayanmalıdır, digər maşınlar isə onun arxasında düzlməlidirlər.

Start düzlüyündə komandanın əməkdaşları və avadanlığı

Əgər starta 15 saniyəlik hazırlıq siqnalı verildikdən sonra hər hansı bir komandanın əməkdaşı və ya avadanlığı trasda qalarsa, onda əməkdaş və ya avadanlığın aid olduğu sürücü pit-leyndən start almalıdır. Əgər sürücü bu qaydaya məhəl qoymasa, yarışın gedişində 10 saniyəlik Stop&Go cəriməsi alacaq.

Testlər

Bu il komandalar Avropada 3 dördgünlük test sessiyası keçirəcəklər. Mövsümün gedişində isə 2 ikigünlük test sessiyası olacaq. Bu dörd gündən ikisi gənc sürücülərə ayrılmalıdır.

Komendant saatı və “bağlı park”

Cümə gecəsi komendant saatının müddəti bir saat uzadılaraq 7 saata çatdırılıb. “Bağlı park” rejimi isə artıq üçüncü sərbəst yürüşlərdən sonra tətbiq olunacaq.

Superlisenziya

Hər hansı bir sürücünün çempionatda iştirakına icazə verən superlisenziyanın alınması üçün yeni tələblər irəli sürülüb:

– adi sürücülük vəsiqəsinin olması;
– 18 yaşın tamam olması;
– idman reqlamentini bilməsi;
– Formula1 maşının sükanı arxasında 300 km məsafənin qət olunması;
– aşağı formula seriyalarında ikiillik iştirak təcrübəsinin olması;
– aşağı seriyalarda çıxış tutduğu mövqe ilə deyil, xüsusi ballarla qiymətləndiriləcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Təqvim
Mənbə
Baxış Sayı 1. 413
Teqlər , , ,
Paylaş