Mercedes AMG Petronas F1 Team – Mercedes W07 Hybrid

Mercedes AMG Petronas F1 Team – Mercedes W07 Hybrid

Müəllif: Rahim N.Aliyev, baş redaktor

13:51 - 23 Fevral, 2016

Bu il Mercedes AMG komandasının yeni maşını bir neçə mərhələdə təqdim olunub. Şənbə günü W07 Hybrid-in rəsm əsəri yayılıb, bazar günü studiya şəkilləri dərc olunub. Bu gün səhər isə pit yolunda komanda real maşını təqdim edib – fotoqraflar yeni maşının şəkillərini çəkiblər, jurnalistlərə komandanın relizi paylanıb.

F-1.az xatırladır ki, formula1 turbo motorlara keçdikdən sonra ardıcıl iki il Mercedes AMG komandasının dominantlığı davam edir və builki mövsümdə, reqlamentdə dəyişikliklərin minimal olduğu bir mövsümdə komanda müsbət ənənəni davam etdirmək fikrindədir.

Mercedes W07

Toto Volff, Mercedes Motorsport-un başçısı: “Əvvəlki iki mövsümdə qazandığımız üstünlüyü qoruyaraq bu il biz yenə də qələbələr və titullar qazanmaq istəyirik. Amma bizim idmanda hər şey sizin planlaşdırdığınız kimi olmur, xüsusən də bu il rəqiblərimiz çox güclüdürlər. Bu gün hər şey sıfırdan başlayır, ona görə də biz işimizi yenə hamıdan yaxşı görməliyik.

Əvvəlki nəticələri unutmalıyıq. Əlbəttə, 2014-cü ildə ilk titulu qazandıqdan sonra biz özümüzə inandıq, ona görə də keçənilki mövsümə bir qədər fərqli hazırlaşmışdıq. Bizim fəlsəfəmiz dəyişməyib. Baş verənlərə real yanaşırıq. Mübarizə damalı bayrağa qədər davam edir – Melburnda bizim real mövqeyimizə aydınlıq gələcək.

Qışda güc qurğusunun və şassinin ayrılıqda və onların qarşılıqlı bir yerdə işləməsinin effektliyini bir qədər də artırmaq üzərində işlədik. Reqlament nisbətən stabildir, qüvvələr nisbəti bərabərləşir, maşını təkmilləşdirmək isə çətinləşir. Amma bizim güclü komandamız var, bizi bu çətinliklər qorxutmur.

Lyuis və Nikonun mübarizəsi bizim üçün eyni zamanda maraqlı və çətindir. Bir komandada iki rəqabətədavamlı sürücünü birləşdirsəniz və onlara titul uğrunda, yarışlarda qələbə uğrunda mübarizə aparmağa icazə versəniz, işin nə dərəcədə çətin olduğunu görəcəksiniz. Amma biz bunu olduğu kimi qəbul edirik və başa düşürük ki, tamaşaçılar top-sürücülər arasında da mübarizə görmək istəyirlər. Onların hər ikisi peşəkardır, onlar bilirlər ki, komanda ilə birlikdə böyük və tanınmış bir brendi təmsil edirlər. Mən ümid edirəm ki, onların arasında sıx mübarizə bu il də davam edəcək…”

Mercedes W07

Pəddi Lou, texniki direktor: “Uğurlu 2015-ci il mövsümündən sonra biz keçənilki maşının zəif yerlərini müəyyən edərək onları aradanq aldırmaqla məşğul olmuşuq. Bizim məqsədimiz bütün sahələrdə birinci olmaqdır, hərçənd, komanda keçən il fantastik nəticələr göstərdi. Amma müəyyən istiqamətlərdə hələ irəliləmək olar, xüsusən də keçənilki Sinqapur yarışı göstərdi ki, bizim maşında optimallaşdırılmalı yerlə var.

Stabil reqlamentdə inqilabi kəşfdən söhbət gedə bilməz, amma biz hər sahədə təkmilləşdirmə işləri görmüşük. Xarici görünüşcə builki maşın sələfinə oxşasa da, onun korpusu altında bir çox inqilabi texniki yeniliklər var. Komanda əla işləyib.

Mövsümöncəsi testlərin müddəti ilbəil azalır, hazırda biz minimum qış hazırlıq proqramına çatmışıq – cəmi iki dördgünlük seriyamız var. Ona görə də bazada əməkdaşların işi çoxalıb, çünki yoxlamaların çoxunu stendlərdə aparmışıq.

Bundan başqa, hər iki test seriyası bilavasitə ilk yarış ərəfəsində olduğu üçün Barselona və Melburna arsındakı qısa zaman kəsiyində maşın üzərində ciddi təkmilləşmə işi də olmayacaq. Ona görə də testlər birbaşa mövsümün ilk səfər yarışlarına hazırlıq kimi qiymətləndirilir”.

Mercedes W07

Əndi Kauel, Mercedes AMG High Performance Powertrains-in icraçı direktoru: “Müasir güc qurğularından maksimum yararlanmaq üçün bütün istiqamətlərdə onların effektliyini artırmaq lazımdır. Bu həm yanacağın mühərrikdə yanmasına, həm enerjinin müxtəlif yollarla ötürülməsinə – MGU-H, MGU-K motor-generatorlarla, trubinlə, kompressorla, elektronika ilə, batareya ilə, yəni hamısına aiddir. Biz hər bir element üzərində daim işləyirik ki, sonda gücün artırlmasına nail olaq, digər tərəfdən, keçənilki etibarlılıq problemlərinin təkrarlanmamasına çalışırıq.

Keçən il biz Montsada güc qurğumuzu yenilədik, amma yeni motoru yalnız zavod komandamıza verə bildik. İndi isə bütün müştərilərimizə tam yeni motor təqdim etmişik. Melburnda eyni motor səkkiz maşında çalışacaq, bu, bizim gələcək inkişafımız üçün vacibdir”.

Mercedes W07

Lyuis Həmilton: “Qış tətilin əsas hadisəsi elə tətilin özü idi. Heç bir yarış yox idi – yalnız ailə, dostlarım və snoubord. Bu il mən hazırlıq proqramında dəyişiklik etdim. Bəzən hazırlığa tez başlamalı olursunuz, bəzən gec. Keçən mövsüm mən məşqlərə gec başlamışdım, amma bu dəfə elə dekabr ayından başladım, milad bayramında qısa fasilə elədim. Bu günə qədər çəkimə nəzarət edirəm. Hazırlıq proqramım da rəngarəng olub!

Mövsüm uzundur? Mən yarışmağı sevirəm, ona görə də təqvimdə nə qədər yarış çox olsa, mənim üçün yaxşıdır. Hərçənd, 21 yarış komanda əməkdaşları üçün çoxdur, onlar  bütün mövsümü gərgin işləyir və demək olar ki, ailələrini görmürlər. Maşın və sürücülərin yüklənməsi bu il çox olacaq, daha çox xal itirmək və qazanamq olacaq, deməli, mübarizə də açıq və maraqlı olacaq. Bu il Bakıdakı yeni trasda da debüt edəcəyik (Avropa Qran Prisi), çempionat Almaniyaya qayıdacaq – bu yarışları səbrsizliklə gözləyirəm. Məncə, əla mövsüm olacaq!

Mən artıq çoxdan yarışlarda iştirak edirəm, amma yeni maşının sükanı arxasında ilk dəfə trasa çıxmaq həmişə həyəcanlı alınır. Elə bilin ki, avtosalona gəlmisiniz və yeni maşın alaraq evə qayıdırsınız.

Mən statistikaya fikir vermirəm, amma insanlar mənim uğurlarımı sayıb mənə bildirəndə, inanın, mənə çox xoş olur. Bu yaxınlarda evdə atam mənə uşaqlıq illərimin çəkilişlərini göstərmişdi, çox balaca idim, kart sürürdüm və Formula1-ə düşmək istəyirdim. İndi isə arzumla yaşayıram.

Mənim müxtəlif motivasiya mənbələrim var. Yarışlarda daim maksimum rəqabətədavamlı olmağa çalışıram, bunun özü də motivasiyadır. Məşqlərə gəlincə, hər il yeni ilham mənbəyi axtarmalı oluram. Hazırda əla formadayam!

Keçən mövsümün son yarışları? Mən bu barədə düşünmək istəmirəm, çünki bu yarışlar mənim titul uğrunda mübarizəmə təsir etmirdilər. Əlbəttə, mən həmişə qələbə qazanmaq istəyirəm və buna da can atıram, amma son yarışlarda mənim diqqətim başqa yerdə idi.

Mən bilirəm ki, bu il Niko çox güclü olacaq, ona görə də mən səviyyəmi daha yüksəyə qaldırmalıyam. Məsələ belədir ki, bunu necə edim? Mən iki il ardıcıl maksimum nəticə göstərmişəm, bunu üçüncü dəfə təkrar etmək çox çətin olacaq, amma mən mübarizə aparacam və əlimdən gələni edəcəm”.

Niko Rosberq: “Qış tətilini ailəmlə birlikdə əla keçirdim, vaxtın çoxunu evdə balaca qızımla oynadım. Əlbəttə, məşqləri unutmadım, çoxlu məşq etdim. Keçən mövsümün sonuncu gününün səhəri mənim üçün yeni mövsümün ilk günü idi. Bu il gərgin mübarizəyə köklənmişəm.

Qış tətilində maksimum optimal fiziki forma yığmışam, mövsümün gedişində isə bu formanı saxlamağa çalışacam. Tətildə əsasən üzgüçülüklə məşğul olmuşam, çoxlu velosiped sürmüşəm. Yarış zamanı yüklənən əzələləri, xüsusən boyun əzələlərini xüsusi proqram üzrə məşq eləmişəm. Reaksiyamı artırmaq üçün stolüstü tennis oynamışam.

Mən çox şadam ki, Almaniya Qran Prisi təqvimə qayıdır. Bizim yarış olmadan Formula1-i təsəvvür edə bilmirəm. İki il əvvəl Hokkenhaymda qələbə qazanmışdım, bu il yenə də doğma trasda, şirkətimizin əməkdaşlarının gözləri önündə qələbə qazanmaq istəyirəm.

Bu il Bakıda yeni yarış olacaq, biz hamımız onu səbrsizliklə gözləyirik. Mən şəhər və ölkə haqqında xoş sözlər eşitmişəm. Trasın konfiqurasiyasını da görmüşəm, möhtəşəmdir! Yeni tras həmişə yeni çağırışdır, biz vəziyyətə uyğunlaşmalıyıq, çünki trasdan nə gözlədiyimizi özümüz də bilmirik.

Bu il təqvimdə 21 yarış olacaq – azarkeşlər üçün, sürücülər üçün bu yaxşıdır, məncə, hər bir şeydə maksimum hədd olduğu kimi biz də təvimdə maksimum həddə çatmışıq. Komandanın əməkdaşlarını düşünün – mexaniklər, mühəndislər komanda ilə birlikdə daim səyahət edirlər. Onlar daim evlərindən, ailələrindən uzaqda olurlar. Çox güman ki, hazırda hər şey normaldır, amma mövsümün ortalarında onların sağlamlığı diqqət mərkəzində olacaq.

Yeni maşının sükanı arxasında trasa ilk çıxış həmişə həyəcanlıdır. Nəzərə almaq lazımdır ki, hamı bizdə qələbə uğrunda mübarizə aparacaq maşın gözləyir. Maşın trasa çıxana qədər biz bütün layihələri, eskizləri görürük, mühəndislərlə saatlarla müzakirələr aparırıq, hər bir detalı müzakirə edirik. Maşın, nəhayət, trasa çıxanda, hamımız azad nəfəs alırıq.

Bu il Sinqapurda özümün 200-cü yarışını keçirəcəm. Artıq uzun müddətdir ki, çempionatdayam. Ümid edirəm ki, qarşıda məni hələ uzun illər gözləyir. Sinqapurda bayram təşkil etməyi düşünürəm, düzdür, əgər çempionatda qələbə qazansam, daha böyük bayram şənliyi təşkil edəcəm.

Son iki ildə mənim əlimdə titul qazana biləcək maşın olub, amma hələ arzumu gerçəkləşdirə bilməmişəm. Mən sübut etmişəm ki, qələbə qazana bilərəm, ona görə də son addımı atmaq üçün əlimdən gələni edəcəm! Əminəm ki, qarşıdakı il mənim ilim olacaq.

Keçən mövsümün sonunu əla keçirdim, poullar və qələbələr seriyasını bu il də davam etdirmək fikrindəyəm. Çox nikbin köklənmişəm. Məni tituldan ayıran addımı atmaq üçün həlledici faktoru axtarıram. Bilirəm ki, şansım var…”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 590
Teqlər , , , , , , , ,
Paylaş