Haas F1 Team – Haas VF-16

Haas F1 Team – Haas VF-16

Müəllif: Rahim N.Aliyev, baş redaktor

01:02 - 22 Fevral, 2016

Formula1-də yeni komandanın peyda olması həmişə nadir hadisə olub, xüsusən də ABŞ-dan olan komandanın. Bir neçə il əvvəl USF1 layihəsi maliyyə və təşkilati problemlər üzündən formalaşma mərhələsində uğursuzluğa düçar oldu, ona görə də Cin Haasın çempionata şəxsi komandası ilə gəlməsi xəbəri azarkeşlər tərəfindən skeptik qarşılanmışdı, amma amerikalı biznesmen son illərin debütantlarından fərqli bir yol seçdi.

F-1.az xəbər verir ki, Haas F1 komandası elə ilk günündən müxtəlif şirkətlərlə sıx əməkdaşlığa önəm verməyi üstün tutdu – əsas texniki tərəfdaş isə Ferrari seçildi. Çempionata gəlmək üçün əlavə bir il hazırlıq müddəti götürüldü, bütün işlər tam qrafikə uyğun yerinə yetirildi və budur, mövsümöncəsi testlərin başanmasına bir gün qalmış komanda Formula1-də debüt edəcəyi maşının studiya şəkillərini yayıb…

Haas VF-16

VF-16 indeksi vaxtılə Cin Haasın təsis etdiyi Haas Automation şirkətinə aiddir: 1988-ci ildə şirkətin istehsal etdiyi ilk rəqəmsal proqram təminatlı avadanlıq VF-1 adlanırdı. Abbreviaturada VF hərfləri vertikal-frezer dəzgahı deməkdir, 1 rəqəmi isə dəzgahın birinci olmasını göstərirdi.  Bu gün komandanın sahibi abbreviaturaya yeni məna verib…

Cin Haas: “Formula1 avtoidmanın yüksək liqasıdır, Haas Automation şirkəti isə yüksək səviyyəli dəzgahlar istehsal edir. Siz F1 kəlməsini eşidəndə dəqiq bilrsiniz ki, söhbət nədən gedir – qlobal miqyaslı yarış seriyasından, bu seriyada tətbiq olunan müasir yüksək səviyyəli texnologiyalardan, istedadlı mühəndis və konstruktorlardan.

Haas Automation ABŞ-da nüfuzlu şirkət kimi tanınır və mən istəyirəm ki, onun haqqında bütün dünya eşitsin. Bizim brendin Formula1-lə birləşməsi beynəlxalq miqyasda biznesi genişlətməyin ən yaxşı üsuludur”.

Yeni maşın dünən trasda debüt edib – bağlı qapılar arxasında komanda “çəkiliş günü” keçirib – tərəfdaşlar və sponsorlar yeni maşından razı qalıblar, çünki maşın problemsiz 100 km məsafə qət edib. Ona görə də komandanın başçısı və sürücülər gələcəyə nikbinliklə baxırlar…

Günter Ştayner, komandanın başçısı: “Haas Automation şirkətinin məhsulları daim təkmilləşdirilir, daha yaxşı və effektiv olurlar, ona görə də biz VF-16-nın hazırlanması zamanı Formula1-in ən effektiv maşını obrazını yaratmağa çalışdıq. Bizim kollektiv yeni və gəncdir, ona görə də biz təcrübəli komandaların işini izləyirdik ki, öz istiqamətimizi müəyyən edək.

Biz işə təcrübəli konstruktorları cəlb etdik, onlar kişik detalları belə diqqətlə öyrənirdilər. Bizim texniki tərəfdaşımız Ferrari-dir, güc qurğusunu onlardan aldıqdan sonra maşının arxa hissəsinin konstruksiyası və ölçüsünü təyin etdik.

Qarşıdakı mövsümdə bir məqsədimiz var – xal qazanmaq. Amma başlanğıc üçün trasa çıxmaq və yarışlarda finiş görmək lazımdır, eyni zamanda, azarkeşlərin və rəqiblərimizin hörmətini qazanmalıyıq. Sonra isə xal qazanmaq istəyirik, bu, bizim son məqsədimizdir.

Bizim komandanın tarixində baş verəcək sabahkı ilk testlərdə biz gördüyümüz işin düzgün olduğuna əmin olmalıyq, bütün sistemlərin düzgün işləməsini yoxlamalıyıq. İkinci testlərdə isə sürət üzərində işləyəcəyik. Maşın tam yenidir, ona görə də ilk testlər etibarlılıq baxımından da çox vacibdir.

Əgər problemlər yaşasaq Avstraliyaya maşınların göndərilməsinə qədər 10 gün ehtiyatımız olacaq. Ona görə də testlərdə maksimum məsafə qət etməyə çalışacayıq. Nə qədər çox məsafə qət etsək, maşın haqqında bir o qədər çox biləcəyik…”

Haas VF-16

Debüt mövsümündə Haas komandası təcrübəli sürücülərə etibar edib. Roman Qrojan üçün qarşıdakı mövsüm yeddinci olacaq, onun komanda yoldaşı Esteban Qutyerres isə ikiillik sürücü təcrübəsindən sonra keçən ili Ferrari simulyatorlarında çalışıb, Skuderiyanın mühəndislərinə bələd olub…

Roman Qrojan: “Hər şeydən əvvəl, biz maşını trasa çıxarmalıyıq, sonra isə tədricən təkmilləşdirməliyik. Ümid edirəm ki, testlərdə biz böyük məsafə qət edəcəyik. Komanda yenidir, mühəndislər, mexaniklər və sürücülər bir-birlərinə öyrəşməlidirlər. Maksimum məlumat toplamalıyıq və etibarlılıq problemlərini cəld həll etməyi öyrənməliyik, çünki test günləri elə də çox deyil, testlərdən dərhal sonra isə biz Melburna yola düşəcəyik.

Komandada ilk gündən Cin Haas, Günter Ştayner və bütün əməkdaşlar tərəfindən dəstək hiss etdim. Komandada amerikalı ruhu hiss olunur, hamı tezliklə yarışlara başlamaq istəyir! Formula1-də son 30 ildə ilk dəfə ABŞ komandası peyda olub – testlərin ilk günü yeni maşını trasa çıxarmaq həyəcanlı olacaq…”

Esteban Qutyerres: “Ehtiyat sürücü kimi bir il çalışdıqdan sonra bu gün çox həyəcanlıyam. Tezliklə starta çıxmaq istəyirəm. Maşının təkmilləşdirilməsi çox vacibdir, mövsümün startına inamla çıxmalıyıq, komanda mövsümə maksimum yaxşı hazırlaşıb.

Testlərdə böyük məsafə qət etmək olduqca vacibdir, bütün problemlərin üzə çıxarılması lazımdır. Əlbəttə, testlərdə bizi maraqlı işlər gözləyir. Biz hələ çox iş görməliyik, ilk növbədə isə komanda daxilində effektiv qarşılıqlı əməkdaşlıq qurmalıyıq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 493
Teqlər , , , , , ,
Paylaş