22 Noyabr 2017, Çərşənbə - 12:49

Formula1-də “komanda rəhbəri” dövrü deyəsən bitir…

Formula1-də “komanda rəhbəri” dövrü deyəsən bitir…

Müəllif: Elçin Zodorov, redaktor

14:20 - 09 Fevral, 2016

Yaxın keçmişə qədər Formula1-də hər komandada “komanda rəhbəri” anlayışı vardı. Bu postu tutan şəxs təkbaşına bütün qərarları verir, bütün sahələrə cavabdeh olurdu. Bundan 15-20 il əvvəl komanda rəhbərləri ən vacib insanlar idi. Amma günün tələblərinə uyğun olaraq, komandaların idarəetmə modeli dəyəşilməkdədir…

F-1.az-ın bir neçə gün əvvəl xəbər verdiyi kimi, Lotus komandasını alaraq illər sonra idmana zavod komandası kimi qayıdan Renault yeni maşının təqdimetmə mərasimində komandaya rəhbərlik edəcək şəxslərin adlarını və vəzifələrini də açıqladı. Frederik Vassyör yarış direktoru, Bob Bell texniki direktor, Siril Abitebul isə icraçı direktor təyin olundu. Yəni, komanda idarəetmə formasını Mercedes və McLaren komandaları kimi dəyişdi.

Əvvəllər isə Renault-ya qalmaqallarla yadda qalan məşhur Flavio Briatore başçılıq edirdi. Formula1-in rəhbəri Berni Ekklstounla da yaxın olan Flavio Renault-da çempionluqlar əldə etdi. Amma 2009-cu ildə bir il əvvəl Sinqapur Qran Prisində əl atdığı hiyləsi üzə çıxdı və o, Formula1-dən uzaqlaşdırıldı. Renault da komandanı satdı.

İndi isə komandanı yenidən aldılar. Əvvəllər Caterham komandasının rəhbəri olmuş Siril Abitebul yeni idarəetmə formasına ehtiyac olduğunu bildirir: “Flavio güclü rəhbər idi, komandanı, markanı möhtəşəm təmsil edirdi. Amma cavabdeh olduğu çox sahə var idi. O, böyük şəxsiyyətdi və hər şeydə azadlıq istəyirdi. Heç kimə hesabat vermək istəmirdi”.

Hazırda cəmi 2 komandanın –  Williams və Force İndia-nın sahibi həm də komandanın rəhbəridir. Qalan bütün komandalarda rəhbərlik edən şəxslər başqalarına hesabat vermək məcburiyyətindədirlər…

Mercedes 2013-cü ildə Ross Braundan sonra komanda rəhbəri vəzifəsini ləğv edib. Mercedes Motorsport-un rəhbəri Toto Volffdan başqa, Pəddi Lou icraçı direktor, Niki Lauda isə komandanın qeyri-icraçı direktorudur.

Toto Volff: “Komanda rəhbəri vəzifəsi keçmişdə qalıb. Digər böyük şirkətlərdə olduğu kimi, bütün qərarları bir adam verə bilməz”.

McLarendə sonuncu komanda rəhbəri 2014-ü ildə komandadan göndərilən Martin Uitmarş olub. Onun vəzifəsi indi idman direktoru Erik Bulye, yeni təyin olunmuş icraçı direktor Yost Kapito və əməliyyat direktoru Conatan Nil arasında paylaşılıb. Bu 3 şəxs komada ilə yanaşı bir neçə böyük şirkətin də rəhbəri olan Ron Dennisə hesabat verir.

Keçən il Lotus komandasının rəhbəri olan Jerar Lopes komandanın Renault-ya satılmasından sonra kiçik səhmdara çevrilib.

Jerar Lopes: “Bu idarəetmə formasının keçmişdə qaldığını deyə bilmərəm. Amma indi Formula1 bir qədər fərqlidir. Hər bir insana öz sahəsinə uyğun vəzifə verilməlidir. Formula1-ə baxmağa başladığım vaxtları xatırlayıram. Komanda rəhbərləri hər işi görürdülər. Əmrlər verir, strategiyalar hazırlayır, sponsorlar cəlb edir, sürücülərlə müqavilə bağlayırdılar. Müasir dövrdə bu işləri 4-5 nəfər icra edir.

Ferrari-də Mauritsio Arrivabene, Red Bull-da isə Kristian Horner komanda rəhbəri vəzifəsindədirlər. Amma onlar da müvafiq olaraq Sercio Markionne və Diter Mateşiçə hesabat verirlər.

Toro Rosso komandası Red Bull-a tabedir. İlk qadın rəhbər olan Monişa Kaltenborn isə komandanın qurucusu və ən böyük səhmdarı Piter Zauberdən asılıdır.

Cin Haas isə Günter Ştayneri komandaya rəhbər seçib. Amma son söz sahibinin özü olacağına heç kimin şübhəsi yoxdur.

Force İndia-nın sahiblərindən biri Vicey Malya həm də komanda rəhbəri vəzifəsindədir. Amma o, bütün yarışlara getmir və çox güvəndiyi müavini Bob Förnli onu əvəzləyir.

Formula1-in ən kiçik komandası hesab olunan Manor Racing komanda rəhbəri vəzifəsini sabiq pilot Aleks Vürsə təklif etsə də, rədd cavabı almışdı…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 447
Teqlər , , , , , , , , , , , , , , , , , , , , , ,
Paylaş

logo