Fettel startda 3 yer itirəcək

Avstriya Qran Prisinin stüardları sıralanma turunun ikinci sessiyasında Karlos Saynsı bloklayan Sebastyan Fetteli cəzalandırmaq qərarına gəliblər.

F-1.az xatırladır ki, sürətli dövrəsindən sonra aşağı sürətlə boksa qayıdan Sebastyanın maşını ilə toqquşmamaq üçün sürətli dövrədə olan Karlos trasdan kənara çıxmalı olub.

Stüardların otağında izahat verən almaniyalı sürücü bildirib ki, iki döngə arasında güzgülərdə arxadan gələn maşını görmək mümkün deyil, komanda isə onu barədə xəbərdar etməyib. Ferrari-nin nümayəndəsi sürücünün dediklərini təsdiq edib. Amma stüardlar qeyd ediblər ki, güzgülərdə görüntünün belə çətin olduğu bir yerdə Fettel trayektoriyada qalmaqla sürətini bu qədər azaltmalı deyildi.

Sonda onlar Fetteli startda 3 yer itirməklə cəzalandırıblar, sürücünün super lisenziyasına isə bir cərimə balı yazılıb.

Beləliklə, sabah yarışa ikinci cərgədən Rəykkönen və Ferstappen start verəcəklər. Fettel isə Rikkardonun yanında 3-cü cərgədən yarışa başlayacaq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*