19 Noyabr 2017, Bazar - 08:45

Ferrari-nin yeni güc qurğusu tam dəyişdirilib

Ferrari-nin yeni güc qurğusu tam dəyişdirilib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:27 - 12 Fevral, 2016

Skuderiyanın qarşıdakı mövsüm üçün hazırladığı yeni maşında iki gün əvvəl yeni motoru işə salıblar. Komanda yaxşı başa düşür ki, yenilənmiş güc qurğusunun uğuru onların çempionluq iddialarının əsas tərkib hissəsidir…

F-1.az xatırladır ki, son iki ildə hər hansı bir komandanın hazırladığı yeni maşın aerodinamik cəhətdən nə qədər mükəmməl olsa da, yaxşı güc qurğusu olmadan müasir Formula1-də uğur qazanmaq mümkün deyil.

Ferrari komandasının daxilindən mətbuata sızan şayiələrə görə, komanda mövsümlərarası fasilə zamanı motorun təkmilləşdirilməsi üzərində ciddi işləyib, hətta radikal dəyişikliklər tətbiq olunub. Komandanın məqsədi aydındır: Mercedes motorçularının müəyyən etdiyi 900 at qüvvəsinə bərabər olan həddi keçmək lazımdır.

Bir neçə gün əvvəl Ferrari-nin keçmiş idman direktoru Massimo Rivola İtaliyanın Avtoİdman Federasiyasında keçirilən görüş zamanı demişdi ki, Skuderiyanın yeni hazırladığı motora çox inanır…

Massimo Rivola: “Düşünürəm ki, güc qurğusu nöqteyi nəzərindən Mecedes-ə çatmaq üçün mühəndislərimiz əla iş görüblər. Ümid edirəm ki, komanda paralel olaraq şassi baxımından mövcud olan geriqalmanı da aradan qaldırıb”.

Bazada 667 indeksi almış yeni Ferrari maşını gözlənildiyinə görə peletonda ən qısa burun elementinə malik olacaq, düzdür, quruluşuna görə keçənilki Mercedes və Toro Rosso-nun burunlarına bənzəyəcək. Yeni şassidə Ceyms Əllison dartıcı asılqanlardan imtina edərək yenidən itələyici asılqanlara qayıdıb. Şassinin yan pantonları aşağı endirilməklə, daha yığcam ötürmələr qutusundan istifadə olunmaqla arxa təkərlərin ətrafı daraldılmış və bununla da şassinin ağırlıq mərkəzi cüzi də olsa, aşağı endirilib.

Əvvəl xəbər verilmişdi ki, daxili yanma mühərriklərində (DYM) yanma xarakteristikası dəyişdirilib, son məlumatlara görə isə, DYM-in effektliyini və şassinin aerodinamik xüsusiyyətlərini artırmaq üçün güc qurğusunun elementlərində ciddi yerdəyişmə olunub.

Məşhur Corcio Piolanın eksklüziv təsviri də göstərir ki, Ferrari əsl inqilaba hazırlaşır. Əsas dəyişiklikləri qeyd və təhlil edək:

1. Keçənilki SF15-T böyük interkuler turbomotorun silindr bloklarının arasında idi. Qarşıdakı mövsümdə onun radiatorlarının sahəsi məhsuldarlığı artımaq üçün böyüdüləcək – motorun dartı qüvvəsini artırmaq üçün böyük təzə hava kütləsi lazımdır. Riski azaltmaq üçün interkuler iki yerı bölünüb. Böyük hissə şassinin içində yanacaq çəninin üzərində yerləşəcək, balaca hissə isə sol pantonun içərisinə yerləşdirilib.

2. İstilik enerjisinin MGU-H motor-generatoru yeganə detaldır ki, elə əvvəlki yerində qalacaq.

3. Kinetik enerjinin MGU-K motor-generatoru keçən il ötürmələr qutusunun qarşısında idi, bu il isə sol pantona köçürülməklə mühərrik səviyyəsində yer alacaq. Renault və Mercedes motorlarında MGU-K elə əvvəldən sol pantonda idi.

4. Yağ çəninin də yeri dəyişdirilib – yeni maşında çən daha aşağıdadır və kifayət qədər enlidir, məhz bunun sayəsində şassinin ağırlıq mərkəzi aşağı salınıb.

5. Ferrari-nin yeni motoru dəyişən uzunluğa malik olan buraxıcı kollektorlarla təchiz olunacaq, keçənilki motorda bu kollektorlardan istifadə etmək mümkün deyildi, çünki silindr blokunun arasında interkuler var idi. Eyni kollektorlar keçən il Mercedes motorlarında çox effektiv tətbiq olunmuşdu. Bu cür kollektorlar yanma kamerasına tam daxil olduqları üçün yanacaq-hava qarışığı daha keyfiyyətli yanmaya məruz qalır.

6. Keçənilki maşında istifadə olunan ilişmə muftası bu dəfə birləşdirici valın köməyilə ötürmələr qutusunun içinə yerləşdirilib.

Mühəndislərin fikrincə, bu yerdəyişmələr motorun gücünü artırmaqla yanaşı, şassinin arxa hissəsini aerodinamik etməklə daha çox asfalta yatma qüvvəsi əldə etmək mümkün olacaq. Bütün bu deyilənlər hələlik yalnız hesablamaların nəticəsidir, real vəziyyəti isə 10 gündən sonra trasda biləcəyik. Bəlkə də Avstraliyaya qədər bilməyəcəyik…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 344
Teqlər , , , ,
Paylaş

logo