Ferrari-nin təkamülü (1950-2016-cı illər): 65-ci yazı – Ferrari SF15-T

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 3 gün qalır – 3 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 65-ci yazımızda Skuderiyaya V6 turbo mühərriyi ilə ilk poul və qələbə qazandıran Ferrari SF15-T modelindən danışacağıq…

2014-cü ildə uğursuz və qələbəsiz mövsüm keçirən Skuderiya 2015-ci ildə inkişaf edərək pozitiv mövsüm keçirdi. Komandanın rəhbərliyində və texniki ştabında dəyişikliklər edilmişdi, elə sürücü heyəti də dəyişmişdi – Kimi Rəykkönenin komanda yoldaşı dördqat dünya çempionu Sebastyan Fettel olmuşdu.

Maşının adı Scuderia Ferrari 2015 Turbo ifadəsinin abbreviaturasından təşkil olunmuşdu. Ceyms Əllison reqlamentdə heç bir dəyişikliyin olmadığı dövrdə sadəcə keçənilki maşını təkmilləşdirməklə məşğul olmuşdu. Motorçular isə mövsümlərarası fasilədə keçənilki motoru yüngülləşdirməklə effektivliyini artırmağa çalışmışdılar.

Əllison maşının burun elementini daha estetik formaya salmışdı. Ön və arxa qanadlar reqlament çərçivəsində daha mürəkkəb forma almışdılar – Əllisonun əvvəlki komandalarda da hazırladığı maşınlar təkərə qənaət etdiyi üçün, yeni Ferrari də təkərlə qənaətcil davranırdı. Əllison hətta ön asılqanları dəyişmədən dartıcı formada saxlamışdı.

Yan pantonların və maşının arxa hissəsi optimallaşdırılaraq daha dar forma almışdı ki, bu hissədə asfaltayatma qüvvəsinin artımını və döngələrdə stabilliyi təmin etsin. Əyləclərin soyutma sistemi də optimallaşdırıldı – təkər ətrafında hava axının xarakteristikasını yaxşılaşdırmaqla Pirelli təkərlərindən daha effektiv istifadəyə nail olundu.

Güc qurğusu ciddi dəyişikliyə uğradı – daxili yanma mühərriyi daha effektiv oldu, rekuperasiya və enerjinin paylanması sistemi optimallaşdırıldı, keçən il komandanın başağrısına çevrilmiş elektron sistemlər də yenidən hazırlandılar.

Reqlamentdə minimum çəki 702 kq-a qaldırıldığı üçün mühəndislər ballastlarla maşının ağırlıq mərkəzini aşağı salaraq çəki paylanmasını da optimallaşdırdılar…

FERRARİ SF15-T

Ferrari, Scuderia Ferrari, Ferrari SF15-T, 2015, Kimi Raikkonen, Sebastian Vettel

Ceyms Əllisonun başçılığı altında hazırlanmış ilk maşın komandaya böyük ümidlər verdi. SF15-T sələfinin təkmilləşdirilmiş versiyası idi. Ceyms birinci növbədə maşına “eybəcərlik” verən burundan azad olmuşdu. Digər aerodinamik elementlər də reqlament çərçivəsində optimallaşdırılmışdılar.

Dondurulmuş reqlament çərçivəsində mühəndislər ixtiyarlarında olan şərti ballardan istifadə etməklə güc qurğusunun kütləsini azaldaraq effektivliyini artırmışdılar. Maşının ağırlıq mərkəzinin aşağı salınması, çəki paylanmasının optimallaşdırılması maşını döngələrdə daha stabil etmişdi.

Hələ mövsümöncəsi testlərdən aydın oldu ki, builki maşın sələfindən çox sürətlidir. Komandanın yeni başçısı Mauritsio Arrivabene komandanın məqsədini maraqlı ifadə etmişdi: “Əgər mövsümdə 2 qələbə qazansaq – bu uğurdur, 3 qələbə qazansaq – ideal nəticədir, 4 qələbə qazansaq – mən Maranello ətrafındakı təpələrdə çılpaq gəzəcəm”.

Fettel komanda başçısını soyundurmağa bir addımda dayandı – almaniyalı sürücü qırmızı kombinezonda artıq 2-ci yarışında əsas rəqiblərindən bir pit-stop az keçirərək inamlı qələbə qazandı. Daha iki qələbə qazanan Fettel komandasının minimum proqramı yerinə yetirməsini təmin etdi. Skuderiya ən yaxşı nəticəsini isə Sinqapurda bayram etdi – Fettelin qələbəsini Rəykkönen 3-lüklə tamamladı.

Ümumiyyətlə, mövsümdə Red Bull komandası Reanult motorlarına görə zəif çıxış edirdi, SF15-T isə yeni Williams maşınından sürətli idi. Ona görə də mövsümün bir çox yarışlarında qırımız sürücü podiuma çıxırdı. Fettel mövsümün sonuna qədər Niko Rosberqlə vitse-çempionluq uğrunda mübarizə apardı və sonda məğlub oldu. Titulu isə vaxtından əvvəl Lyuis Həmilton qazanmışdı…

FERRARİ SF15-T-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari SF15-T, 2015, Kimi Raikkonen, Sebastian Vettel

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
2015-ci il 19 38 1 3 16 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*