11 Dekabr 2017, Bazar ertəsi - 09:59

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 63-cü yazı – Ferrari F138

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 63-cü yazı – Ferrari F138

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:21 - 18 Mart, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 5 gün qalır – 5 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 63-cü yazımızda Skuderiyanın V8 atmosfer mühərriyi quraşdırılmış Ferrari F138 modelindən danışacağıq…

2013-cü ildə Ferrari yeni maşının adında buraxılış ilini mühərriyin silindrlərinin sayı ilə birləşdirməyi qərara aldı, bununla V8 atmosfer motorların Formula1-də sonuncu mövsümünü yad etdi – yeni model isə F138 adını aldı.

Digər top-komandalarda olduğu kimi, Ferrari də konstruktor ştabını iki qrupa bölməli oldu – bir qrup 2013-cü ilin layihəsi üzərində, digəri isə 2014-cü ilin layihəsi üzərində işləyirdi. 2014-cü ildə reqlamentin ciddi dəyişməsi, yeni V6 turbo motorların və ERS sisteminin tətbiq olunması gözlənilirdi. Bu yeniliklər isə ciddi mühəndis resurslarının cəlb olunmasını tələb edirdi. 2013-cü ildə isə qaydalar dəyişmədiyi üçün mühəndislər keçənilki maşınların modernizasiyası ilə məşğul oldular.

Skuderiya ilk növbədə maşının aerodinamikasını təkmilləşdirdi – bu sahə qırmızıların son illərdə ən zəif nöqtəsi idi. Vəziyyəti Maranelloda düzgün işləməyən aerodinamik boru daha da ağırlaşdırmışdı. Mütəxəssislər borunu yenidən qurduqları üçün Skuderiyanın mühəndisləri yeni maşını Kölndə – Toyota Motorsport-un bazasında test etdilər. Konseptual olaraq maşının aerodinamikası dəyişməmişdi, amma mühəndislər çoxsaylı kiçik əlavələr etmişdilər ki, bütün elementlərin düzgün işləməsini təmin etsinlər. Motor qapağındakı hava kanalı, ön və arxa qanadların konfiqurasiyası yenidən işlənmişdi, DRS sistemi optimallaşdırılmışdı. Soyutma sistemi dəyişməz qalsa da, yan pantonlar dəyişmişdi. Bundan başqa, növbəti dəfə əyləc sistemi təkmilləşmişdi. Konstruksiyanın bərkidilməsinə və kütlənin aşağı salınmasına böyük diqqət ayrılmışdı.

2013-cü ilin əsas elementlərindən biri də Pirelli təkərləri oldular. FİA-nın xahişi ilə yarışda 3-4 pit-stoplu taktikalardan istifadə olunmasını təmin etmək məqsədilə italyanlar çox tez dağılan tərkiblər hazırlamışdılar. Bu qərar bəzi mənfi hallara səbəb oldu: birincisi, təkərləri effektiv işləməyə məcbur etmək çox çətin idi, çünki təkərlərin işçi diapazonu çox dar idi. İkincisi, sürətli traslarda belə tərkiblər təhlükə yaradırdılar. Nəticədə Silverstounda bir neçə sürücü təkər partlaması ilə üzləşdi.

Bu problemi həll etməyə çalışan Pirelli keçənilki konstruksiyaya qayıdaraq polad əsaslı təkərlərdən kevlar əsaslı təkərlərə keçdi. Bu keçid qüvvələr nisbətinə də təsir etdi, Red Bull komandasının ciddi inkişafı isə titul uğrunda mübarizə barədə düşnməyə imkan vermədi – Sebastyan Fettel mövsümün ikinci yarısında bütün 9 yarışda qalib gəldi.

 

 

Mühəndislər Kubokunda Red Bull və Mercedes-dən sonra 3-cü olmaq komanda üçün elə də yaxşı nəticə deyildi, xüsusən də nəzərə alsaq ki, Barselonada Alonso qələbə qazandıqdan sonra titul uğrunda mübarizəyə ümid edirdi. Amma Ferrari-nin 2013-cü ildə titul ümidləri qar günəşdə əriyən kimi əridi, bunun əsas səbəbi isə heç də Pirelli-nin polad əsaslı təkərdən kevlar əsaslı təkərə keçməsi deyildi: Skuderiya bir daha mövsümün gedişində maşının modernizəsində zəif olduğunu sübut etdi. Testlər qadağan olunmuşdular, trasda dövrələri kompüter simulyatorları əvəz etmişdilər, Ferrari-nin özü isə böhrana düşmüşdü.

Bundan başqa, son illərin bəzi qərarları gözlənilməz fəsadlara səbəb oldu, məsələn, Aldo Kostanın işdən çxıarılması, Pət Frayın onu əvəz etməsi. Ümumiyyətlə, aerodinamika şöbəsi hamını məyus etdi: son mövsümlərdə Ferrari daim Red Bull-a çatmağa çalışırdı, amma şöbənin təklif etdiyi yeniliklər cari maşını Ədrian Nyuinin maşınlarına çatdırmaq əvəzinə daha da geri salırdı. F138-də də komandanın hazırladığı yeniliklərin böyük bir hissəsi effektiv olmadı, Red Bull isə mövsümün ikinci yarısında əlçatmaz oldu.

Mövsümə yaxşı başlayaraq mövsümün gedişində inkişaf etməyən maşınla çempionatda yüksək məqsədlər uğrunda mübarizə aparmaq mümkün deyil. Komanda ümid edirdi ki, gələn ildən – Formula1 tarixində yeni turbo eranın başlaması ilə çempionatda vəziyyəti dəyişə biləcək.

Mövsümün əvvəlində isə hamı çempionatda gərgin mübarizə gözləyirdi, çünki rəqiblər güclənmişdilər və əvvəlki mövsümdə Red Bull-un son yarışda titul qazanmasını unutmamışdılar. Mövsümün ilk beş yarışından ikisində qələbə qazanan Fernando Alonso da titula namizəd oldu. Amma mövsümün gedişində onun nəticələri yarışdan yarışa pisləşirdi, mövsümün ikinci yarısında isə Ferrari nəinki Red Bull-a, hətta Mercedes-ə uduzurdu. Amma Alonso növbəti dəfə vitse-çempion ola bildi, düzdür, bu dəfə onu ardıcıl 4-cü titulunu qazanmış Fetteldən böyük bir uçurum (155 xal) ayırdı…

 

FERRARİ F138-iN ÇEMPİONATDA STATİSTİKASI

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
2013-cü il193802101

Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 15. 429
Teqlər ,
Paylaş

logo