Ferrari-nin təkamülü (1950-2016-cı illər): 61-ci yazı – Ferrari 150° İtalia

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 7 gün qalır – 7 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 61-ci yazımızda Fernando Alonsoya cəmi bir qələbə qazandırmış Ferrari 150° İtalia modelindən danışacağıq…

Skuderiyanın 2011-ci il mövsümü üçün hazırladığı maşın Şimali və Cənubi İtaliyanın birləşməsinin 150 illiyi şərəfinə Ferrari F150 adlanmalı idi, amma hələ fevral ayında Ford şirkəti bildirdi ki, F150 onun qeydiyyatdan keçmiş ticarət markasıdır (Amerika bazarı üçün istehsal olunan pikaplar belə adlanır). Konfliktdən uzaq olmaq üçün Ferrari yeni maşının adını dəyişməli oldu və trasa Ferrari 150° İtalia adı ilə çıxdı.

Birillik fasilədən sonra komandalar yenidən KERS-ə qayıtdılar – bu dəfə toplanan enerjinin miqdarı artdı, maşının minimal çəkisi də 620 kq-dan 640 kq-a qaldırıldı. İkiqat diffuzorlar, ön qanaddakı hərəkətli element və arxa qanadın effektivliyini artıran hava kanalları qadağan olundular. Əvəzində sürücünün trasın müəyyən sahələrində istifadə edə biləcəyi DRS – arxa qanadın hərəkətli elementi peyda oldu. Təkər təchizatçısı da dəyişdi – indi bütün komandalar Bridgestone əvəzinə Pirelli təkərlərindən istifadə edirdilər.

Yeni Ferrari maşını sələfindən ciddi fərqlənirdi, KERS-ə görə maşının aerodinamikasında dəyişikliklər edilmişdi. Arxa asılqanlar və əyləc sistemi tam dəyişdirilmiş, ön asılqanlar isə modernizə olunmuşdular. Ferrari 150° İtalia-nın monokoku hündür alınmışdı, yan pantonların hava kanalları isə yığcam olmuşdular.

Çoxsaylı dəyişikliklər istənilən nəticəni vermədi. Trasda Skuderiya Ədrian Nyuinin növbəti şedevrinə Red Bull RB7-yə və Sebastyan Fettelə qarşı heç nə edə bilmədi. Mövsümün ortasında isə məlum oldu ki, titul uğrunda mübarizə aparmaq alınmayacaq…

FERRARİ 150° İTALİA

Ferrari, Scuderia Ferrari, Ferrari 150° Italia, 2011, Fernando Alonso, Felipe Massa

 

Ferrari üçün daha bir uğursuz mövsüm – komanda titul uğrunda mübarizədən uzaq idi. Mövsümün pis startından sonra yayda Skuderiya müəyyən tərəqqiyə nail oldu, hətta FİA-nın köməyi ilə Alonso Britaniyada qələbə də qazandı. Amma bu qələbə komandanın əhvalını və vəziyyətini dəyişmədi – çempionatda Red Bull komandası və Sebastyan Fettel hegemeonluq edirdilər.

Komanda isə uğursuzluğun əsas mənbəyini Maranelloda səhv çalışan aerodinamik boruda gördü – boruda alınan məlumatlar trasda özünü doğrultmurdu. Alonsonun doğma vətənində Red Bull və McLaren sürücülərinə bir dövrə uduzduğu yarışdan sonra Aldo Kosta vəzifəsindən azad olundu. Ekspertlər, hətta Ferrari-nin prezidenti Luka di Montedzemolo da komandanın əməkdaşlarını konservatizmdə ittiham etdilər – mühəndislər son illərdə heç bir yeniliklə yadda qalmamışdılar.

Bu sərt tənqiddən sonra texniki inkişafın məsuliyyəti Pət Fraya keçdi, McLaren-in keçmiş strateqi vəziyyəti bir qədər düzəldə bildi. Britaniyada debüt edən maşının təkmilləşdirilmiş versiyası Alonsonu podiumun zirvəsinə qaldırdı.

Düzdür, FİA cəmi bir yarışda motorların kartoqrafiyasında dəyişikliyi qadağan etmişdi, ona görə də Britaniyada Red Bell sürücüləri imkanlarından zəif çıxış etmişdilər. Amma növbəti yarışlarda yenə də Ferrari rəqiblərinə ciddi uduzmağa başladı. Hətta həmişə güclü olduğu Spa və Montsada belə Red Bull və McLaren-ə uduzdu.

Maraqlıdır ki, komandanın mövsümdə qazandığı bütün podiumlar Alonsonun aktivində idi – Felipe Massa rəqibinə çox uduzsa da, daha bir mövsüm Skuderiyada qalacağı elan edildi. Çempionatda isə Red Bull və Fettel asanlıqla ardıcıl ikinci titullarını bayram etdilər…

FERRARİ 150° İTALİA-NIN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 150° Italia, 2011, Fernando Alonso, Felipe Massa

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
2011-ci il 19 38 0 1 10 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*