24 Noyabr 2017, Cümə - 17:13

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 57-ci yazı – Ferrari F2007

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 57-ci yazı – Ferrari F2007

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:18 - 12 Mart, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 11 gün qalır – 11 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 57-ci yazımızda Skuderiyaya sürücülərin çempionatında sonuncu titulu qazandıran  F2007 modelindən danışacağıq…

2007-ci il Ferrari üçün böyük dəyişikliklər ili idi. Tarixin ən titullu sürücüsü Mixael Şumaxer karyerasını başa vurdu, onu komandada Kimi Rəykkönen əvəz etdi – 2003-cü və 2005-ci illərdə titul uğrunda McLaren-lə mübarizə aparan finlandiyalı sürücü Ferrari-də titul qazanmağa ümid edirdi. Şumaxerin ardınca Skuderiyanın texniki direktoru Ross Braun da komandanı tərk edərək Honda komandasına keçdi.

Yeni F2007 sələfindən çox fərqlənirdi. Hamının gözlədiyinin əksinə olaraq, Ferrari-nin mühəndisləri maşının təkər bazasını azaltmaq əvəzinə 85 mm artırmışdılar. Bununla maşının idarəetməsi çətinləşsə də, aerodinamikası ideal alınmışdı.

Yan pantonların və motor qapağındakı hava kanalının konfiqurasiyası dəyişmişdi. Rəqiblərindən sonra Skuderiyanın konstruktorları da ön asılqanda birtirli sxemdən imtina edərək tirsiz sxemə keçdilər. Bu dəyişiklik əslində konstruktor ştabındakı dəyişikliklə bağlı idi – Rori Börn hələ Benetton-da çalışarkən birtirli asılqanlardan istifadə edirdi, bu vərdişindən Ferrari-də də əl çəkməmişdi. Yeni konstruktorlar – Aldo Kosta və Nikolas Tombasis isə Ədrian Nyuinin iki il əvvəl tətbiq etməyə başladığı tirsiz sxemə keçməyə üstünlük verdilər. Kinematika baxımdan bu sxemin elə də böyük üstünlüyü yox idi, amma aerodinamika baxımından maşının altında hava axınının təşkilində böyük imkanlar verirdi.

F2007 üçün yeni karbon ötürmələr qutusu hazırlanmışdı, indi ötürmələrə daha sürətlə keçirmək olurdu. Qutu çox balaca alınmışdı, ona görə də maşının arxası çox dar hazırlanmışdı. Qutu həm də yüngül alınmışdı. Reqlamentə görə maşının minimal çəkisi 10 kq artırıldığı üçün komanda daha çox ballastdan istifadə edərək maşının ağırlıq mərkəzini aşağı sala bilmişdi, ona görə də maşın döngələrdə stabil və balanslı idi.

Bundan başqa, 2007-ci ildə bütün komandalar Bridgestone təkərlərindən istifadə edirdilər – Michelin şirkəti çempionatı tərk etmişdi. Sürəti aşağı salmaq və deşilmələrin riskini azaltmaq üçün FİA yaponlardan xahiş etmişdi ki, təkərləri daha sərt etsinlər. Motorların inkişafı isə ilk dəfə dondurulmuşdu – bütün komandalar motorların keçən ilin son yarışında olan versiyasından istifadə edirdilər.

 

FERRARİ F2007

Ferrari, Scuderia Ferrari, Ferrari F2007, 2007, Felipe Massa, Kimi Raikkonen

 

2007-ci ildə Formula1 dünyası F2007-nin sayəsində yenidən qırmızı rəngə boyandı. Ferrari rəqiblərindən fərqli olaraq daha uzun bazalı maşın hazırlamışdı. Maşın gözlənildiyi kimi yalnız Monako və Hunqarorinqdən başqa digər traslarda çox rəqabətədavamlı idi. Amma F2007-nin üstünlüyü bununla bitmirdi. Yeni maşının sələfindən fərqləri o qədər çox idi ki, sanki Skuderiya yeni nəslin maşınını hazırlamışdı.

Maşının aerodinamikası, birbaşa kuzovun aşağı hissəsinə bərkidilən ön asılqanı, forması və yerləşməsi dəyişmiş radiatorları, daha sərt Bridgestone təkərlərinə uyğun optimal çəki paylanması var idi. Mövsümün gedişində komanda ciddi yenilənmə paketləri də hazırlamışdı.

Məsələn, Macarıstanda maşına üçüncü köndələn amortizatorlu yeni arxa asılqan quraşdırılmışdı. Bu asılqan maşının yerdən aralığına nəzarət etməyə imkan verirdi – asılqan sayəsində Skuderiya mövsümün sonunu yüksək səviyyədə keçirdi. Yekunda Kimi Rəykkönen komanda üçün 15-ci sürücülər titulunu qazandı.

Mövsümün elə əvvəldən maraqlı olması gözlənirdi. Praktiki olaraq bütün top-komandalarda sürücü heyətində dəyişiklik var idi: Fernando Alonso çempion Renault komandasından McLaren-ə keçmişdi, Lyuis Həmilton McLaren-də debüt etmişdi, Kimi Rəykkönen isə McLaren-dən Ferrari-yə keçmişdi. Alonsonu Renault-da debütant Heykki Kovalaynen əvəz etmişdi. Bundan başqa, texniki və idman reqlamentində də dəyişikliklər var idi. Yeri gəlmişkən, McLaren komandasının konstruktor ştabında da ciddi dəyişiklik olmuşdu – Ədrian Nyui Red Bull komandasına keçmişdi.

Hesab edilirdi ki, McLaren-də ikiqat dünya çempionu Fernando Alonso, Ferrari-də isə komandanı yaxşı tanıyan Felipe Massa öz komandalarının liderlərinə çevriləcəklər, amma mövsümün ilk yarışında Kimi Rəykkönen qələbə qazandı, McLaren-də isə gənc Həmilton Alonsoya ciddi rəqib oldu.

Alonso və Həmiltonun qarşıdurması gözlənilməz hadisələrə səbəb oldu. Komandanın Lyuisə dəstək verdiyini güman edən Alonso FİA-ya hələ mövsümöncəsi testlərdə komandanın test sürücüsü Pedro de la Rosa ilə yazışması barədə məlumat verdi. FİA-ya məlum oldu ki, McLaren komandasının mühəndisləri Skuderiyanın mühəndisi Naycel Stepnidən vacib məlumatlar alırlarmış. Uzun araşdırmalardan sonra McLaren komandası 100 milyon dollar cərimələndi və Mühəndislər Kubokundan xaric olundu. Ona görə də Ferrari əvvəlcədən 15-ci Mühəndislər Kubokunu qazandı.

Amma ən maraqlı hadisələr trasda baş verdi: Həmilton və Alonsonun qarşıdurması Kimi Rəykkönenə mümkün olmayanı etməyə imkan verdi. Mövsümün son iki yarışında 17 xallıq geriqalmanı aradan qaldıran finlandiyalı sürücü McLaren-də 5 ilə edə bilmədiyini Ferrari-də elə debüt ilində elədi. Mövsümün son yarışına 3-cü yerdə gələn Kimi Braziliyadan dünya çempionu ranqında getdi – ona qədər belə bir hal çempionatın ilk ilində, 1950-ci ildə baş vermişdi və Nino Farina ilk çempion olmuşdu.

 

FERRARİ F2007-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F2007, 2007, Felipe Massa, Kimi Raikkonen

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
2007-ci il173499221

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 21. 273
Teqlər ,
Paylaş

logo