23 Noyabr 2017, Cümə axşamı - 22:18

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 54-cü yazı – Ferrari F2004

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 54-cü yazı – Ferrari F2004

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:19 - 09 Mart, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 14 gün qalır – 14 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 54-cü yazımızda Mixael Şumaxerə sonuncu titulu qazandıran F2004 modelindən danışacağıq…

2004-cü ildə reqlament yenə dəyişdi, o cümlədən aerodinamika da dəyişdi – yuxarı hava kanalının arxasındakı elementlər qadağan olundular, yan pantonların hündürlüyü və arxa antiqanadın yan lövhələrinin sahəsi artırıldı. Bundan başqa, FİA elektronikanın təsirini məhdudlaşdırdı: starta nəzarət (launç kontrol) sistemi tam qadağan olundu, dartmaya nəzarət (trəkşn kontrol) sistemi isə yalnız 100 km/saat sürətdən sonra aktivləşirdi.

Amma ən əsas dəyişiklik tam başqa idi – indi həftəsonunda yalnız bir mühərrikdən istifadə etmək olardı. Ona görə də “sıralanma turu motorları” ləğv olundu. Mühərriklərin etibarlılığına artan tələblər bəzi komandaların rəqabətədavamlılığına təsir etdi.

Güman etmək olardı ki, bütün bu dəyişikliklər, üstəlik çempionatın təqvimində isti yarışların çox olması (belə havada Michelin təkərləri Bridgestone təkərlərindən daha yaxşı işləyirdilər), nəhayət, Skuderiyanı tituldan məhrum edəcək, xüsusən də, son çempionatın italyanlar üçün necə çətin keçməsini heç kim unutmamışdı. Amma praktikada mövsüm Mixael Şumaxer üçün sadəcə yüngül gəzintiyə çevrildi – mövsümün ilk 13 yarışında almaniyalı sürücü 12 qələbə qazanmaqla bütün mümkün statistik rekordları yenilədi.

Yeganə məğlubiyyət Monako Qran Prisində gəldi – Təhlükəsizlik Maşınının arxasında liderlik edən Mixael dövrəvi Montoya ilə tuneldə toqquşdu. Bu yarış Mixaelin mövsümdə finiş görmədiyi yeganə yarış oldu. Elə Barrikello da yalnız bir dəfə mübarizəni yarımçıq dayandırmışdı, o da başqa sürücü ilə toqquşmuşdu.

 

FERRARİ F2004

Ferrari, Scuderia Ferrari, Ferrari F2004, 2004, Michael Schumacher, Rubens Barrichello

 

2004-cü ildə Ferrari-nin ardıcıl 5, Mixaelin ardıcıl 4 zəfərli illərindən sonra hamı Formula1-də liderlərin dəyişməsini gözləyirdi, amma hər şey tam əksinə oldu. Ferrari-nin yeni hazırladığı F2004 tarixin ən uğurlu maşınlarından biri oldu. Mövsümün gedişində komanda 18 yarışda 15 qələbə qazanaraq 2002-ci ildə dominantlıq edən F2002-nin nəticələrini də üstələdi.

Bəs bu üstünlüyə səbəb nə idi? Cavab isə çox sadədir: bir yerə toplanmış müəyyən faktorlar. F2003 GA-in məntiqi davamı olan yeni maşın, Bridgestone təkərləri, konstruktor Rori Börn, motorçu Paolo Martinelli çətin bir məsələnin öhdəsindən gələ bildilər: mükəmməl olan bir maşını daha da təkmilləşdirdilər.

F2004 əslində rəqiblərin maşını kimi gözəl görünüşə malik deyildi, məsələn, Williams FW26 və ya McLaren MP4-19 daha gözəl görünürdülər, amma qırmızı maşın daha effektiv idi. F2004 sələfindən 5 sm qısa təkər bazasına malik idi, aerodinamikada gözəçarpmayan, amma vacib dəyişikliklər edilmişdi ki, yeni reqlament üzündən yoxa çıxan asfaltayatma qüvvəsini maksimum kompensasiya etsin.

F2004-ün ən güclü tərəfi hava axınının daxili təşkilinin optimallaşdırılması idi. Radiatorlar balaca olsa da, soyutma daha yaxşı alınmışdı, havaya qarşı müqavimət isə azalmışdı. Bunun sayəsində əldə olunmuş maksimal sürət rəqiblərini darmadağın etməyə imkan verdi. Yenilənmiş V10 motorunun gücü 900 at qüvvəsinə çatmışdı.

Maşının modernizə olunmuş versiyası 2005-ci ilin ilk iki yarışında da trasa çıxmışdı, amma yeni reqlament çərçivəsində elə də uğurlu olmamışdı – Barrikello Avstraliyada 2-ci olamqla yeganə podium qazanmışdı…

 

FERRARİ F2004-ÜN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F2004, 2004, Michael Schumacher, Rubens Barrichello

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
2004-cü il18361215291
2005-ci il240012

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 7. 023
Teqlər ,
Paylaş

logo