24 Oktyabr 2017, Çərşənbə axşamı - 06:12

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 52-ci yazı – Ferrari F2002

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 52-ci yazı – Ferrari F2002

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:25 - 07 Mart, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 16 gün qalır – 16 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 52-ci yazımızda Mixael Şumaxeri əfsanəvi Xuan Manuel Fanxioya bərabər edən F2002 modelindən danışacağıq…

2002-ci ildə Ferrari-nin konstruktorları maşının konstruksiyasını yenilədilər. F2002 adını almış yeni şassi daha yığcam alınmaqla aerodinamika ilə işləri asanlaşdırdı, yeni titan ötürmələr qutusu sələfindən 15% yüngül olduğu üçün maşının ağırlıq mərkəzi bir qədər də aşağı salındı, nəticədə döngələrdə onun davranışı stabilləşdi.

Tam sıfırdan hazırlanmış arxa hissə arxa təkərlər ətrafında asfaltayatma qüvvəsini artırmağa və soyutmanı yaxşılatmağa imkan verdi. Yenilənmiş motor hələ də BMW motoruna uduzurdu, amma daha yığcam, daha qənaətcil idi. Dartıya nəzarət (trəkşn kontrol) sistemi yeniləndi. Arxa antiqanada yönəlmiş işlənmiş qazaların çıxış boruları periskop şəklini almışdılar – arxa asılqanın elementləri izafi qızmadan azad olundular və bu hissədə aerodinamika yaxşılaşdı.

Bu dəyişikliklərin nəticəsi gözləntiləri aşdı: mövsümün gedişində Ferrari-nin sürücüləri rəqiblərini darmadağın etdilər – F2002 tarixin ən yaxşı maşını elan olundu. Düzdür, uğurun əsas səbəbkarlarından biri də Bridgestone təkərləri idi: mövsümdən əvvəl McLaren komandası Michelin təkərlərinə keçdiyi üçün Ferrari yaponlar üçün yeganə top-komanda oldu. Nəticədə, Bridgestone məhz F2002-yə uyğun gələn təkərlər hazırlamışdı.

 

FERRARİ F2002

Ferrari, Scuderia Ferrari, Ferrari F2002, 2002, Michael Schumacher, Rubens Barrichello

 

2002-ci ilə Ferrari komandası yeni F2002 modelini hazırlamışdı – yeni maşın Skuderiyanın statusunu təsdiq etməklə bütün rəqiblərini ağır nokauta göndərmişdi. Yeni maşında bir çox novator ideyalar cəm olunmuşdu.

Skuderiyanın mühəndisləri altlığın arxa konusabənzər hissəsinə xüsusi diqqət ayırmışdılar – bu hissəyə “butulka boğazı” deyilir, nəticədə aerodinamik müqavimət göstəricisi yaxşılaşdı, arxa oxun asfaltayatma qüvvəsi isə artdı. Əslində F2002 sələfi ilə hibrid idi: maşının ön hissəsi F2001-dən çox da fərqlənmirdi, yan pantonlardan arxaya doğru asılqanlar da daxil olmaqla tam sıfırdan hazırlanmışdı.

Hava axınının dinamikasını yaxşılaşdırmaq və havaya qarşı müqaviməti azaltmaq üçün yan pantonların içindəki radiatorlar daxilə doğru əyilmişdilər. Bundan başqa maşının bütün əsas mexaniki komponentləri yenilənmişdi, yeni yüngül titan ötürmələr qutusu hazırlanmışdı. Konstruktorlar arxa hissənin aerodinamikasını optimallaşdırmışdılar, yeni motor isə 850 at qüvvəsində güc hasil edirdi.

Yekunda 2002-ci ildə Ferrari 15 qələbə qazanmaqla hər iki titulunu qorudu – Şumaxer 11 qələbə qazanmışdı. Almaniyalı sürücü 5-ci titulunu qazanmaqla Xuan Manuel Fanxionun 1957-ci ildəki rekordunu təkrarladı!

2002-ci il mövsümü Ferrari üçün ən uğurlu mövsüm oldu. Amma mövsümə komanda keçənilki maşınla başlamışdı, ona görə də 15 qələbədən 14-ü F2002-nin payına düşür. Buna baxmayaraq, Mixael maşınla ilk yarışındaca qələbə qazandı və podium onun karyerasında 100-cü podium oldu. Mövsümün sonuna qədər almaniyalı sürücü Prostu üstələyərək tarixdə ən çox podium qazanan sürücü oldu.

F2002-nin formasını komandanın qazandığı 9 qələbə dublu ifadə edir. Mixael mövsümün bütün yarışlarını podiumda başa vurduğu üçün artıq Fransa Qran Prisində, mövsümün sonuna 6 yarış qalmış titulu özünə təmin etdi.

Əvvəlki modeldə olduğu kimi F2002 də növbəti mövsümün ilk 4 yarışında istifadə olunmuşdu – rəqiblərin güclü maşınları ilə mübarizədə F2002 komandaya 3 poul və 1 qələbə qazanmağa imkan vermişdi.

 

FERRARİ F2002-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F2002, 2002, Michael Schumacher, Rubens Barrichello

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
2002-ci il1527814251
2003-cü il483131

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 6. 028
Teqlər ,
Paylaş

logo