Ferrari-nin təkamülü (1950-2016-cı illər): 49-cu yazı – Ferrari F399

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 19 gün qalır – 19 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 49-cu yazımızda Ferrari-yə 16 illik fasilədən sonra Mühəndislər Kubokunu qazandıran F399 modelindən danışacağıq…

1998-ci ilin məğlubiyyətini yaşamaq Ferrari üçün ağır idi – heç kim güman etmirdi ki, McLaren maşınları bu qədər sürətli olacaqlar. Buna baxmayaraq, Skuderiyanın mövsümün gedişində rəqibləri ilə fərqi minimuma endirməsi komandanın öz gücünə inamını artırmışdı. Komanda yeni mövsümə böyük ümidlərlə və yaxşı əhval ruhiyyədə hazırlaşırdı. Skuderiyanın xeyrinə daha bir fakt var idi – 1999-cu ildən bütün komandalar Bridgestone təkərlərinə keçirdilər və McLaren bu sahədəki üstünlüyündən mərhum olacaqdı.

Yeni F399 (Skuderiya 1955-ci ildən sonra ilk dəfa maşının adında istehsal ilindən istifadə edirdi) sələfinin təkmilləşdirilmiş versiyası oldu – mühəndislər qazburaxma sistemini təkmilləşdirdilər, havaya qarşı müaviməti azaltmaqla və asfaltayatma qüvvəsini artırmaqla aerodinamikanı optimallaşdırdılar, soyutma sistemlərinin daha effektiv işləməsinə nail oldular, hava kanalının konstruksiyasını dəyişməklə ön antiqanadı yenilədilər. Ön asılqan dəyişməz qaldı, sadəcə əyilməyə nəzarət üçün 3-cü amortizator əlavə olundu. Arxa asılqan isə tam yeniləndi – keçən il ön asılqanda amortizator şaquli vəziyyətə gətirilmişdi, indi isə arxa asılqanda amortizator şaquli vəziyyətə gətirildi. Sükan da elektron gücləndirici ilə təchiz olundu.

Motorun yeni versiyasının gücü artırıldı, çəkisi azaldıldı və etibarlılığı artırıldı. Digər dəyişikliklərlə birlikdə yeni maşın sələfindən 20 kq yüngül alındı. Əlbəttə, reqlamentə uyğun olaraq maşının kütləsi artırıldı, amma əlavə edilən ballast nəticəsində maşının ağırlıq mərkəzi aşağı salındı, oxlara düşən çəki paylanması isə optimallaşdırılaraq sazlanmalar imkanı artırıldı.

McLaren maşınları əvvəlki kimi çox kiçik üstünlüyüə malik idilər. Monakoda kişik dubl etdikdən sonra Ferrari sürücüləri çempionatda ilk iki yeri tuturdular, çempionata başçılıq edən Mixael Şumaxer isə titul uğrunda mübarizədə aşkar favorit idi. Amma sonra bir neçə uğursuz yarış və Silverstounda əyləclərin imtinası nəticəsində baryerlərə çırpılma və ayağının sınması Mixaeli mübarizədən kənar qoydu. Onu əvəz edən Mika Salo titul uğrunda mübarizə apara bilməzdi, amma Eddi İrvayn son yarışa qədər titulu qazanmaq şansına malik idi, lakin şansını reallaşdıra bilmədi…

FERRARİ F399

Ferrari, Scuderia Ferrari, Ferrari F399, 1999

Ferrari komandası 16 ildən sonra titulu qazana bildi, amma 1999-cu ilin Mühəndislər Kuboku Skuderiya üçün sadəcə təssəli oldu – Mixael Şumaxer Silverstoundakı insident üzündən titul uğrunda mübarizəni daha bir il təxirə salmalı oldu.

Almaniyalı sürücü sıradan çıxdıqdan sonra Ferrari-dən titula namizəd Eddi İrvayn oldu: komandanın ikinci sürücüsü gözlənilmədən sürətli və aqressiv sürücüyə çevrildi. Mövsümün ilk yarışında təsqdüfi qələbədən sonra irlandiyalı sürücü Avstriyada, Almaniyada və Malayziyada qələbə qazanaraq son yarışa qədər titula namizədliyini saxladı. Amma həlledici Yaponiya Qran Prisində qələbə qazanan Mika Həkkinen ardıcıl ikinci tituluna sevindi.

Texniki baxımdan F399 modeli Ferrari-nin tarixində yeni bir mərhələ oldu. Ross Braun, Rori Börn və Paolo Martinellinin gərgin əməyi, nəhayət,  bəhrəsini verməyə başladı. Yarışdan yarışa McLaren-Mercedes-lə fərq azalırdı.

Mövsüm isə sürprizlə başlamışdı – Eddi İrvayn karyerasında ilk qələbəsini qazanmışdı. Yarışın gedişində daha sürətli olan McLaren sürücüləri texniki problemlər üzündən yarışı dayandırmalı olmuşdular. Mixael Şumaxer isə, keçən ilin son yarışında olduğu kimi, startda motoru söndüyü üçün yarışa sonuncu yerdən başlamalı olmuşdu.

İrlandiyalı sürücü mövsümün gedişində daha 3 yarışda qələbə qazandı, amma demək olmaz ki, bu yarışlarda inamlı çıxış etmişdi. Avstriyada qələbəni ona ilk döngədə toqquşan McLaren sürücüləri hədiyyə etmişdilər. Almaniyada yarışa başçılıq edən Mika Salo komandanın əmrinə görə titul uğrunda mübarizə aparan Eddini önə buraxmışdı. Elə Malayziyada da fasilədən sonra çempionata qayıdaraq rəqiblərini darmadağın edən Şumaxer komanda yoldaşını önə buraxmaqla Həkkinenin önünü kəsmişdi.

Yaponiya Qran Prisi ərəfəsində İrvayn çempionatda liderlik edirdi. Həkkinen ardıcıl ikinci titulunu qazanmaq üçün mütləq yarışda qələbə qazanmalı idi. Finlandiyalı sürücü mövsümü qeyr-bərabər keçirsə də, son yarışda gücünü topladı və Ferrari-nin sürücülərinə şans vermədi. İrvayn isə finişdə üçüncü oldu. Skuderiya 1983-cü ildən sonra həsrət qaldığı Mühəndislər Kuboku ilə təsəlli tapmalı oldu…

FERRARİ F399-UN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F399, 1999

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1999-cu il 16 31 3 6 17 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*