23 Oktyabr 2017, Bazar ertəsi - 10:00

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 47-ci yazı – Ferrari F310B

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 47-ci yazı – Ferrari F310B

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:22 - 02 Mart, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 21 gün qalır – 21 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 47-ci yazımızda Mixael Şumaxeri titulun bir addımlığında saxlayan “qırmızı Willimas” adlanan F310B modelindən danışacağıq…

1997-ci ildə Ferrari dünya çempionatının startına yeni  – F310B modelini çıxartdı. Maşının adından güman etmək olardı ki, yeni maşın keçənilkinin təkmilləşmiş versiyasıdır, amma bu əsla belə deyildi. Artıq təqdimat mərasimində mütəxəsislər diqqət etdilər ki, xarici görünüşünə görə yeni maşın sələfi F310-dan tam fərqlənir, əvəzində keçən il Williams-a titul qazandırmış Ədrian Nyuinin şedevri olan FW18 modelinin tam nüsxəsidir!

Yeni maşın sələfindən çox fərqlənirdi. Asılqanların konsepsiyası dəyişmişdi, ağırlıq mərkəzi aşağı salınmışdı. Yeni 7 pilləli titan korpuslu ötürmələr qutusu quraşdırılmışdı. F310 və F310B modellərində eyni olan yalnız V10 motoru idi, düzdür, onun da midernizədən sonra gücü 730 at qüvvəsini çatmışdı.

Yeni maşının konstruktoru Con Barnard idi, amma maşının nəticələrini Con kənardan izləməli oldu – mövsümün əvvəlində Jan Todt hələ Benetton-da Şumaxerlə çalışan Ross Braun və Rori Börnü komandaya gətirdi. Ona görə də komandanın ideologiyası dəyişdi: indi Skuderiya inqilabi yenilik axtarmırdı, əsas məqsəd stabil balanslı, aerodinamik effektiv və maksimum etibarlı maşının hazırlanması idi. Nəticə özünü çox gözlətmədi: 1997-ci ildə Mixael Şumaxer son yarışa qədər titul uğrunda mübarizə apardı…

 

FERRARİ F310B

Ferrari, Scuderia Ferrari, Ferrari F310B, 1997

 

F310B – Con Barnardın Ferrari komandasında hazırladığı sonuncu maşın idi. Mətbuat bu maşını “qırmızı Williams” adlandırırdı – maşın uzun və dik burundan yığcam və dar yan pantonlarına qədər bir il əvvəlki FW18 modelinin tam nüsxəsi idi.

Maraqlıdır ki, daha güclü V10 motoru sayəsində (deyilənlərə görə, Ferrari motoru Renault motorundan 30 at qüvvəsi güclü idi) F310B rəqiblərinin yeni maşını ilə aradakı fərqi tam bağlamışdı, hətta bəzi traslarda Ədrian Nyuinin Britaniya komandasındakı son maşınından sürətli idi. Əsas nailiyyət isə ondan ibarət idi ki, yeni maşın çox etibarlı alınmışdı – Şumaxer 17 yarışda cəmi 4 dəfə finiş görməmişdi.

Ferrari F310B 1990-cı ildən sonra ilk dəfə komandaya titul uğrunda mübarizə aparmağa imkan verən maşın oldu. Çempionatda Williams maşınlarının azca üstünlüyü olsa da, Mixael Şumaxerin idarə etdiyi F310B bəzi traslarda aşkar favoritə çevrilirdi. Nəticədə Mixael nəinki titul uğrunda mübarizə apardı, hətta son yarışa çempionatın lideri kimi başladı.

Düzdür, nəzərə almaq lazımdır ki, alman sürücünün tez-tez bəxti gətirmirdi. Mövsümün ikinci yarışında Braziliyada onun əsas rəqibi Williams-ın sürücüsü Jak Vilnöv ilk döngədə trasdan çıxdı, Şumaxer isə peletona başçılıq etdi. Amma startda motoru sönmüş Rubens Barrikelloya görə hakimlər yarışı dayandırdılar və təkrar start verdilər, finişdə Vilnöv 1-ci, Şumaxer isə 5-ci oldu. İki həftə sonra Argentinada tam əks vəziyyətdə – yenə də Barrikellonun iştirakı ilə startda insident yaşayan Şumaxerin maşını trayektoriyada donub qaldı, amma hakimlər bu dəfə sadəcə Təhlükəsizlik Maşınını trasa buraxmaqla kifayətləndilər.

Silverstounda Mixael yarışa başçılıq edirdi, amma bir neçə dollarlıq nasaz podşipnikə görə yarışı dayandırmalı oldu. Avstriyada Şumaxer podiuma namizəd olsa da, sarı bayraqlar altında ötməyə görə cərimə aldı. Yarışdan sonra isə məlum oldu ki, Mixaelə bayraqlar səhv göstərilib – xallar qaytarılmadı. Amma iki həftə əvvəl Montsada Vilnöv 3 dəfə sarı bayraqlar altında ötmə etdiyinə görə şərti cəza almışdı.

Nəhayət, bütün bədbəxtliklərin apofeozu Nürburqrinqdə baş tutan Lüksemburq Qran Prisində yaşandı. İlk döngədə Mixael öz doğma qardaşı Ralfla toqquşdu, Jordan-da ilk mövsümünü keçirən Ralf komanda yoldaşı ilə döngədə təmas yaşadıqdan sonra səmaya qalxaraq qardaşının maşınının üzərinə düşdü. Bununla da qardaşlar üçün yarış başa çatdı.

Maraqlıdır ki, bu yarışların hamısında Vilnöv qalib gəlmişdi. Bundan başqa kanadalı sürücü İspaniyada (Şumaxerin təkər problemləri var idi) və Macarıstanda (bütün yarışı liderlik edən Deymon Hill texniki problemlər üzündən son dövrədə Jakı irəli buraxmışdı) qalib gəlmişdi. Şumaxer isə Monako, Kanada, Fransa, Belçika və Yaponiyada qələbə qazanaraq, mövsümün son yarışına 1 xal üstünlüklə gəlmişdi.

Xeresdə baş tutan Avropa Qran Prisinin sıralanma turu tarixə düşdü – 3 sürücü (hər iki Williams sürücüsü və Mixael) tam eyni nəticə göstərdilər və yekun protokolda nəticəni göstərdikləri ardıcıllıqla düzüldülər. Poulu Vilnöv qazandı, Şumaxer 2-ci oldu.

Yarışda isə Şumaxer uzun müddət liderlik etdi, amma yarışın sonuna yaxın sürəti aşağı düşdü. Vilnöv hücum edərkən Mixael onun yolunu kəsdi, maşınlar toqquşdular. Ferrari trasdan çıxaraq çınqıllı sahədə qaldı, Williams-ın sürücüsü isə yoluna davam etdi və karyerasında yeganə titulunu qazandı. Şumaxer isə heç vitse-çempion da ola bilmədi – yarışdan sonra onun barəsində sərt qərar qəbul olundu: bütün xalları silindi, çempionatdan diskvalifikasiya olundu…

 

FERRARİ F310B-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F310B, 1997

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1997-ci il173435131

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 11. 709
Teqlər ,
Paylaş

logo