11 Dekabr 2017, Bazar ertəsi - 17:13

Ferrari-dən tətil öncəsi vacib dubl!

Ferrari-dən tətil öncəsi vacib dubl!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:55 - 30 İyul, 2017

Bu gün baş tutan Macarıstan Qran Prisinin yekun protokolunda ilk beşlikdə dəyişiklik olmayıb.

F-1.az bildirir ki, Hunqarorinqdə baş tutan yarışın startında ilk üçlük yerini qoruyub, amma Həmiltonu hər iki Red Bull sürücüsü üstələyib. Lakin 2-ci döngənin girişində əylənmədə səhvə yol verən Ferstappen komanda yoldaşı ilə təmas yaşayıb və Rikkardo üçün yarış başa çatıb.

Avstraliyalı sürücünün maşını trasda pis dayandığı üçün Təhlükəsizlik Maşını rejimi elan olunub. Danielin maşınından axan mayeni marşallar təmizlədikdən sonra yarışa restart verilib. Həmilton Maksa hücum etsə də, hollandiyalı sürücü yerini qoruyub – stüardlar isə ona 10 saniyəlik cərimə elan ediblər.

Hunqarorinqdə ötmək çox çətin olduğu üçün hamı pit-stop dalğasını gözləməli olub. Cəriməsi olduğu üçün Ferstappen daha gec boksa gedib – Mercedes və Ferrari sürücüləri boksa getdikləri üçün Maks bir müddət yarışa başçılıq edib. Pitdən trasa 2-ci yerdə qayıdan Fettel idarəetmə problemi yaşadığı üçün komanda yoldaşını arxasında ləngitməli olub. Bu zaman Mercedes komandası sürücülərinin yerini dəyişib ki, Həmiltona Ferrari-lərə hücum etmək şansı versin.

Amma Lyuis də finişə qədər Kimiyə hücum məsafəsinə yaxınlaşa bilməyib. Ona görə də sonuncu döngədə yenidən yerini Bottasa qaytarmalı olub. İlk beşlik üçün yarış elə başladığı yerlərdə də başa çatıb – 6-cı yerə isə Fernando Alonso yüksəlib. Dünən 36 yaşını bayram edən ikiqat dünya çempionu mövsümdə ən yaxşı nəticəsini əldə edib.

Fettel isə biraylıq tətil öncəsi mövsümdə 4-cü qələbəsini qazanaraq əsas rəqibi Həmilton üzərində üstünlüyü 14 xala çatdırıb. Ferrari mövsümdə ikinci dubldan sonra Mühəndislər Kubokunda Mercedes-lə fərqi 39 xala salıb.

Cəmi 4 həftədən sonra mübarizə Ardenn dağlarında əfsanəvi Spa trasında davam edəcək. Yarış barədə daha geniş reportaj hazırlanır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 26. 414
Teqlər , , , ,
Paylaş

logo