23 Oktyabr 2017, Bazar ertəsi - 09:52

Dünya çempionları: Yoxen Rindt

Dünya çempionları: Yoxen Rindt

Müəllif: Elçin Zodorov, redaktor

10:26 - 24 Fevral, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına bir aydan az vaxt qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Ölümündən sonra çempion olan sürücü – Yoxen Rindt!

Yoxen Rindt 1942-ci il aprelin 18-də Almaniyanın Maynts şəhərində dünyaya gəlir. Avstriyalı olan anasının gəncliyində uğurlu tennis karyerası olur. Rindtin valideynləri Mayntsda sonradan ona miras qalan ədviyyat dəyirmanına sahib olurlar. Onlar Rindtin bir yaşı olanda İkinci Dünya Müharibəsində Hamburqda təşkil olunan hava hücumunda həlak olurlar. Balaca Yoxeni babası Avstriyanın Qrats şəhərinə öz yanına aparır və ona anasının valideynləri baxırlar. Baxmayaraq ki, babası onu alman vətəndaşlığında saxlayıb, Rindt Avstriya bayrağı altında yarışıb. Rindtə özünü alman yoxsa avstriyalı hesab etdiyi soruşulduqda həmişə “daha çox avropalı” cavabını verib.

Küçələrdə motosiklet yarışlarına da qoşulan çılğın Yoxenin sürücülük vəsiqəsi almaq şansları çox da böyük deyildi, çünki polis artıq onun səkkiz qayda pozuntusunu qeydə almışdı. Rindtin ilk maşını köhnə Volkswagen Beetle olur. 1961-ci ildə aralarında Helmut Markonun da olduğu dostları ilə Nürburqrinqdə keçirilən Almaniya Qran Prisini izləyən Rindtin avtoidmana olan marağı artır.

Sürücülük karyerasının ilk illərində müxtəlif yarışlarda iştirak edir və təhlükəli sürüşü ilə fərqlənir. Budapeştdəki bir yarışda isə maşının idarəetməsini itirərək azarkeşlərin olduğu yerdə qəza edir. Sonradan Formula2-dəki uğurlarına, xüsusilə də, qazandığı 29 qələbəyə görə ona “Formula2-nin kralı” adı verilir. Açıqtəkərli maşın yarışları ilə yanaşı, idman maşınları ilə də yarışan Yoxen 24 saatlıq Le Man marafonunda dörd dəfə çıxış edir. Əsas uğur isə 1965-ci ildə gəlir. Olduqca güclü maşınla qələbə qazanır.

FORMULA1 KARYERASI

Yoxen Rindt

 

Statistika
Yarışdığı illər1964-1970
Yarışdığı komandalarRob Walker, Cooper, Brabham, Lotus
İştirak (Start)62 (60)
Çempionluq1 (1970)
Qələbə6
Podium13
Xal107 (109)*
Poul10
Sürətli dövrə3
İlk yarışıAvstriya Qran Prisi, 1964-cü il
İlk qələbəsiABŞ Qran Prisi, 1969-cu il
Son qələbəsiAlmaniya Qran Prisi, 1970-ci il
Son yarışıİtaliya Qran Prisi, 1970-ci il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

Formula1-dəki debütünü 1964-cü ildə Avstriya Qran Prisində Rob Walker komandasının tərkibində – Brabham BT11-in sükanı arxasında edir. Bu, Yoxenin Formula1-də mövsüm ərzində çıxdığı yeganə yarış olur və finiş görə bilmir. Növbəti mövsüm Cooper-ə keçir. Uğurlu günlərindən uzaqda olan komandanın maşını qələbəyə imkan vermir. Rindtin mövsümdəki ən yaxşı nəticəsi Almaniyadakı dördüncülük olur. Cooper 1966-cı ilin maşınına doqquz yaşı olan 12 silindirli Maserati mühərrikini qoymaq qərarına gəlir. Bu mühərrik daha güclü, lakin daha ağır olur. Bryus MakLerinin komandadan ayırlmasından Con Sörtizin Ferrari-dən gəlməsinə qədər komandanın lideri olur. Həmin mövsüm Belçikada güclü yağış altında keçirilən yarışın dördüncü dövrəsində Sörtizi keçərək liderliyi ələ alır. Bir qədər sonra dəfələrlə yerində fırlanaraq maşınının zədələməsinə baxmayaraq, 21-ci dövrəyə qədər yerini vermir. Sörtiz nəhayət ki, onu keçir və qələbə qazanır. Rindt də karyerasının ilk podiumunu əldə edir. Dövrün qəzet və jurnallarında Rindtin cəsarətlə yarışdığı qeyd edilir. Mövsüm ərzində daha bir neçə podium əldə edir və mövsümü üçüncü yerdə tamamlayır.

Yoxan Rindt Cooper T81 ilə

1967-ci il uğursuz keçir – yalnız Belçika və İtaliya Qran Prilərini tamamlaya bilən Yoxen hər iki yarışda dördüncü olur. 1968-ci ildə Lotus və Honda-dan təkliflər alan Rindt Brabham-a keçməyə qərar verir. Bu qərara təsir edən əsas amil isə son iki ilin çempionunun məhz bu komandada yarışması olur. Lakin texniki problemlər mövsümboyu ondan əl çəkmir. Repco V8 motorları rəqabətədavamlı olmur. Yoxen ilin ilk günündə keçirilən Cənubi Afrika Qran Prisində üçüncü yeri tutur. Bu yarışda onun yaxın dostu Cim Klark qalib gəlir. Bu, Cimin Formula1-dəki son yarışı olur – iki ay sonra Nürburqrinqdə Formula2 yarışında həlak olur. Bu hadisədən çox sarsılan Yoxen ölkəsində verdiyi bir müsahibəsində belə deyir: “Əgər Cim Klark üçün də təhlükə varsa, bizim başımıza nələr gələ bilər?”

Mövsüm ərzində başa vura bildiyi digər yarış isə Nürburqrinqdəki yağışlı havadakı yarış olur və Yoxen burada da üçüncü yeri tutur. 1969-cu ildə Lotus-a keçir. Lakin yeni komandasına tez uyğunlaşa bilmir. Bunun səbəblərindən biri də Lotus maşınlarının olduqca çox problemlə üzləşmələri idi. Son 3 il ərzində maşındakı problemlərə görə 31 dəfə yarış yarımçıq qalmış, bu hadisələrin doqquzu elə Qrəhəm Hillin başına gəlmişdi. Qrəhəm isə zarafatından qalmırdı: “Mən həmişə öz təkərim tərəfindən keçilirəm. Bilirəm, mən Lotus idarə edirəm”. Rindt Lotus-a keçərkən onun dostu olan Berni Ekklstoun qeyd edir ki, Brabham-da qalmaq daha yaxşı seçim ola bilərdi, lakin Lotus-un sürəti Rindtə çempionluq şansı verə bilər. Rindt isə sanki gələcəyini görür: “Mən Lotus-da dünya çempionu ola və ya ölə bilərəm”. Lakin bilmədiyi, hətta heç vaxt bilmədiyi şey isə dediyi hər iki şeyin baş verməsi oldu…

Yoxen Rindt ikiqat dünya çempionu Qrəhəm Hill və Lotus-un sahibi Kolin Çəpmən ilə

Mövsümdə çıxdığı ilk altı yarışdan beşini tamamlaya bilməyən Yoxen nəhayət ki, ilk qələbəsini əldə edir. ABŞ Qran Prisindəki zəfər ona 50 min dollar qazandırır ki, bu da həmin dövr üçün rekord pul mükafatı olur. 1970-ci ildə Qrəhəmin getməsi ilə komandanın lideri olan Rindt mövsümə uğurlu start vermir. Cənubi Afrikadakı ilk yarışı 13-cü yerdə tamamlayır, İspaniyada isə finişə çata bilmir. Lotus 72 gözlənilən uğuru vermədiyindən, Rindt köhnə Lotus 49-a qayıdır və dramatik Monako Qran Prisini qələbə ilə başa vurur. Belçikada da yarışı yarımçıq saxlayan Rindt bu dəfə uğur zolağına düşür – Hollandiya Qran Prisindən Almaniya Qran Prisinə qədər olan dörd ardıcıl yarışda qalib gəlir.

Montsa sürətli trasdır və sürücülər burada slip strimdən çox istifadə edirlər. Bu səbəbə görə Lotus başda olmaqla bir çox komanda ön qanadı aşağı salmağa üstünlük verir. Ferrari-lər əvvəlki yarışda Lotus-dan 16 km/saat sürətli olurlar. Rindtin komanda yoldaşı Con Mils ön qanadların sazlanmasından narazı olur və maşını idarə etməyin asan olmadığını bildirir. Yoxen isə problemin olmadığını deyir. Növbəti gün məşqlərdə Rindt maksimal sürətlə dövrələr vurur. Sürəti hətta maşının limiti olan 330 km/saata qədər qaldırır. Beşinci dövrəsində Parabolikada idarəetməni itirən Rindt qəzaya uğrayır. Qəza anında ondan bir qədər arxada olan Denni Halm: “O, məni ikinci Lesmo döngəsində keçdi. Mən 200 metr arxada idim. Parabolikada onun maşını əvvəlcə sağa, sonra sola və sonra yenidən sağa tərəf döndü, yoldan çıxdı və maneəyə çırpıldı”.

Zərbə o qədər güclü olur ki, baryer yerindən qopur, maşın isə onun altına girir. Hər hansı hadisə zamanı maşından tez çıxmağı düşündüyü üçün təhlükəsizlik kəmərini bağlamayan Yoxen bəlkə də buna görə həlak olur – zərbənin təzyiqindən irəli atılan sürücü boğazından ölümcül xəsarət alır. Sonradan məlum olur ki, qəzanın səbəbi ön sağ əyləc valının quraşdırılmasında yol verilən səhlənkarlıq imiş… Xəstəxanaya aparılarkən yolda ölür və Lotus bütün maşınlarını yarışdan çəkir. Yarışın mükafatlandırma mərasimi sakit şəraitdə keçirilir. Uzun müddət araşdırmalar aparılır, günahkar kimi komanda və onun rəhbəri Kolin Çəpmən göstərilir. Çəpmən ona yönəldilmiş iddialardan yalnız hadisədən altı il sonra qurtula bilir.

Ceki Stüart Nina Rndtə çempionluq kubokunu təqdim edir

Mövsümdə beş qələbə qazanmış Yoxen həlak olarkən çempionata liderlik edirdi. Növbəti yarışlarda onun qazanmış olduğu 45 xala heç bir sürücü çata bilmir və Yoxen Rindt çempion olur. Çempionluq kuboku onun dul qalmış həyat yoldaşı Nino Rindtə əvvəlki ilin çempionu Ceki Stüart tərəfindən təqdim edilir. Yoxen Rindt ölümündən sonra titul qazanmış ilk və yeganə Formula1 sürücüsüdür…


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 3. 233
Teqlər , , , , , , , , , ,
Paylaş

logo