23 Oktyabr 2017, Bazar ertəsi - 15:37

Dünya çempionları: Mixael Şumaxer

Dünya çempionları: Mixael Şumaxer

Müəllif: Elçin Zodorov, redaktor

10:13 - 08 Mart, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına 17 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Formula1-dən daha çox tanınan çempion – Mixael Şumaxer!

Mixael Şumaxer1 969-cu il yanvarın 3-də Hürt-Hermülhaymda Rolf və Elizabet Şumaxerlərin ailəsində doğulub. Bənna olan Rolfun maddi imkanları zəif idi. Oğlu 4 yaşında olarkən ona öz imkanlarına uyğun çox sadə bir kart düzəldir. Bu kartla qəza edən Mixaeli valideynləri Kerpen-Horremdə kartinq klubuna yazdırırlar. O, klubun ən azyaşlı üzvü olur. Altı yaşında olanda atası ona istifadə edilmiş kart hissələrindən nisbətən yaxşı kart düzəldir və Şumaxer onunla ilk klub çempionluğunu əldə edir. Oğluna dəstək olmaq üçün Rolf əlavə iş kimi kartinq klubunda təmir işləri görməyə başlayır. Elizabet isə klubun yeməkxanasında işə düzəlir. Əlavə işlərinin olmasına rəğmən ailə Mixael üçün yaxşı kart ala bilmir. Onun haqqında yerli qəzetlərdə tez-tez xəbərlər çıxır və yerli iş adamlarının verdiyi dəstək hesabına Mixael yarışlara davam edə bilir.

Kartinq pilotu lisenziyası almaq üçün Almaniyada minimum yaş həddi 14 olduğundan, Mixael lisenziyasını 1981-ci ildə 12 yaşında Lüksemburqdan alır. 1983-cü ildə Almaniya kartinq lisenziyasını da alan gənc pilot bir il sonra ölkəsində Junior kateqoriyasında kartinq çempionatının qalibi olur.

Mixael Şumaxer kartinq illərində

 

1985-ci ildə Adolf Nobertin Eurokart komandasına qoşulur. 1987-ci ildə həm Almaniya, həm də Avropa üzrə kartinq çempionu olur. 1988-ci ildə Almaniya Formula Ford və Formula König seriyalarında təkoturacaqlı maşın yarışlarında ilk addımlarını atır.

1989-cu ildə sonradan meneceri olacaq Villi Veberin WTS Formula3 komandasına keçir və növbəti iki ildə onun maddi dəstəyi ilə yarışlara çıxır. 1990-cı ildə Formula 3 seriyasında Almaniya çempionu olur. Eyni zamanda, 1989-cu ildə sonradan özü kimi Formula1 pilotu olacaq Hayns Harald Frentsen və Karl Vendlinger ilə birlikdə Mercedes Junior Racing proqramına qoşuluraq World Sports-Prototype çempionatında mübarizə aparır. O, əslində bununla səhvə yol vermişdi, çünki karyerasının onunla eyni mərhələsində olan digər gənc istedadlar Formula1-ə keçid yolu olan F3000 seriyasına üz tuturdular. Amma Veber Şumaxerə uzun yarışların, güclü avtomobillərin və mətbuat konfranslarının onun gələcəyi üçün yaxşı olacağını bildirmişdi. İki mövsüm bu seriyada yarışan pilot eyni zamanda 1991-ci ildə F3000 seriyasında Yaponiya yarışında mübarizə aparır və 2-ci yeri tutur.

Bu illərə nəzər saldığımızda, maraqlı olan odur ki, Frentsen və Vendlinger daha istedadlı pilot kimi hər kəs tərəfindən qəbul edilsələr də, gələcəkə Formula1 karyeraları Mixaelinki ilə heç müqayisə belə olunmayacaqdı…

FORMULA1 KARYERASI

Mixael komandası ilə birlikdə yeddinci çempionluğunu qeyd edir. 2004-cü il

 

Statistika
Yarışdığı illər1991-2006, 2010-2012
Yarışdığı komandalarJordan, Benetton, Ferrari, Mercedes AMG
İştirak (Start)308 (306)
Çempionluq7 (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004)
Qələbə91
Podium155
Xal1566
Poul68
Sürətli dövrə77
İlk yarışıBelçika Qran Prisi, 1991-ci il
İlk qələbəsiBelçika Qran Prisi, 1992-ci il
Son qələbəsiÇin Qran Prisi, 2006-cı il
Son yarışıBraziliya Qran Prisi, 2012-ci il

 

Onun Formula1-də debütü də qəribə alınır. 1991-ci ildə Belçika Qran Prisindən avvəl Jordan komandasının pilotu Bertran Qaşo adi yolda sürət həddini keçdiyi üçün həbs edilir. Jordan-ın sahibi Eddi Cordan komandaya maliyyə gətirə biləcək pilot axtarır. Mercedes-in 150 min funt sterlinq ödəməsi nəticəsində Şumaxer Jordan komandasının pilotu olur və 32 nömrəli bolidlə Formula1-də debüt edir. Belçika Qran Prisinin keçirildiyi Spanı tanımaq üçün motosiklet ilə cəmi bir dövrə vurur. Sıralanma turunda 11 illik Formula1 karyerası olan komanda yoldaşı Andrea de Çezarini üstələyərək yeddinci olur ki, bu da komanda üçün mövsüm ərzində ən yaxşı nəticə idi. Amma ilk dövrədə yaşadığı texniki problem üzündən yarışı yarımçıq saxlamalı olur.

Belçika yarışından sonra Ford mühərrikləri ilə təchiz edilmiş Benetton komandası ilə müqavilə imzalayır. Jordan komandası buna görə məhkəməyə müraciət etsə də, bu müraciətləri rədd edilir, çünki onların Mixael ilə müqavilələri yox idi. Şumaxer 1991-ci il mövsümünün qalan yarışlarında Benetton-da çıxış edir. Yeni komandasında ikinci yarışı olan İtaliya Qran Prisində komanda yoldaşı, üçqat dünya çempionu Nelson Pikeni üstələyərək beşinci yeri tutur və bu, Mixaelin həmin mövsümdə ən yaxşı nəticəsi olur. Ayrton Sennanın çempion olduğu mövsümü  6 yarışda qazandığı 4 xalla 14-cü yerdə başa vurur.

1992-ci ildə Sauber komandası Formula1-də debütünü Mercedes motorları ilə etmək istəyir. Mercedes Formula1-ə qayıdacağı təqdirdə, Mixael müqaviləyə görə onlarla yarışmalı idi. Lakin həmin il debüt baş tutmur, həm də Şumaxer Benetton-da qalmaq istədiyini bildirir. Uğurlu mövsüm keçirən alman sürücü Meksikada ilk podiumunu, Belçikada isə ilk qələbəsini əldə edir. Səkkiz dəfə podiuma yüksəldiyi mövsümü Naycel Mənsell və Rikkardo Patrezedən sonra üçüncü yerdə tamamlayır. Növbəti il Williams-ın sürücüləri Deymon Hill və Alen Prost yarışlarda dominantlıq edirlər. Sadəcə Portuqaliya Qran Prisində qələbə qazana bilən Şumaxer mövsümü 52 xalla dördüncü yerdə tamamlayır.

Mixael Şumaxer ona ilk titulu qazandıran Benetton-Ford B194 ilə. Silverstoun, 1994-cü il

 

1994-cü ildə Williams-ın son dövrlərdəki üstünlüyü demək olar ki, başa çatır. Bu da komandaya üstünlük verən elektron vasitələrin FİA tərəfindən qadağan edilməsinə görə olur. Mixael üçqat dünya çempionu Ayrton Sennanın həlak olduğu San Marino Qran Prisi də daxil olmaqla, ilk yeddi yarışın altısında qalib gəlir. İspaniyada da qələbəyə yaxın olur, lakin sürət qutusundakı problemlə görə yalnız ikinci ola bilir. Britaniya Qran Prisinin isinmə dövrəsində ötmə etdiyi üçün cəzalandırılır. Lakin cəzaya məhəl qoymadığı üçün yarışdan xaric edilir. Növbəti cəzanı isə qalib gəldiyi Belçika Qran Prisindən sonra alır. Onun maşınına keçirilən baxış zamanı maşının altlığındakı taxta parçasının reqlamentə uyğun olmadığı aşkarlanır və qazandığı nəticə ləğv edilir. Növbəti iki yarışa da buraxılmır. Avstraliyadakı mövsümün son yarışında çempionluq uğrunda mübarizə apardığı Deymon Hillə 36-cı dövrədə insident yaşayır və hər iki sürücü yarışı saxlamalı olur. Beləliklə, Mixael 7 qələbə qazandığı mövsümdə Hilli cəmi bir xal üstələyərək ilk titulunu əldə edir. Mixael növbəti mövsüm titulunu qoruya bilir. Benetton həmin mövsüm Williams-la eyni motora sahib olur. Alman sürücü mövsüm ərzində 9 yarışda qalib gəlir və ən yaxın izləyicisi Hilli 33 xal üstələyir. Qazqandığı doqquz qələbə ilə Naycel Mənsellin 1992-ci ildəki bir mövsümdə ən çox qələbə qazanmaq rekordunu təkrarlayır.

Şumaxer Benetton ilə müqaviləsinin bitməməsinə baxmayaraq, 1996-cı ildə Ferrari-yə keçir. Bu, çox riskli bir addım kimi görünürdü, çünki Ferrari yaxşı təsir bağışlamırdı və sonuncu dəfə Mühəndislər Kubokunu 1983-cü ildə qazana bilmişdilər. Ferrari-nin tərkibində çempion olan son sürücü isə 1979-cu ildə titulu qazanan Codi Şekter idi. Şumaxer isə əslində karyerasının qızıl dövrünü keçirəcəyi bir komandaya gəlmişdi… Müqaviləyə görə, Mixael Ferrari-dən iki il ərzində 60 milyon dollar qazanmalı idi. Şumaxer Ferrari ilə ilk mövsümündə üç qələbə qazanır ki, bu da komandanın son 5 ildə qazandığı qələbə sayından çox idi. Mixael komandasının Mühəndislər Kubokunda ikinci yeri tutmasına kömək edir.

1997-ci il Mixael və Williams-ın pilotu Jak Vilnöv arasındakı mübarizə ilə yadda qalır. İlk yarışlardan çempionatda liderliyi ələ alan Jak mövsümün ortalarında Mixaelə uduzur və son yarışdan əvvəl Mixael bir xal fərqlə lider olur. Mövsümün son yarışı olan Avropa Qran Prisində qəribə hadisə baş verir. Sıralanma turunda Mixael, Frentsen və Vilnövün dövrəvi nəticələri eyni olur – 1:21.072. Nəticəni daha tez göstərən pilot kimi Jak Vilnöv yarışa pouldan başlayır. Şumaxer yarışda liderliyi ələ alsa da, texniki problemlə üzləşir. Sonra isə Jak Vilnöv ilə toqquşaraq yarışı dayandırmalı olur. Vilnöv yarışda üçüncü yeri tutaraq çempion olur. Jakla qəzada Şumaxer günahkar hesab edilir və o, həmin il üçün pilotlar çempionatından xaric edilir. Amma qazandığı nəticələr və xallar Mühəndislər Kubokunda və karyerasının statistikalarında öz əksini tapır.

Əzəli və centlemen rəqiblər – Mika Həkkinen və Mixael Şumaxer

 

1998-ci ildə McLaren-in finlandiyalı sürücüsü və Mixaelin ən böyük rəqiblərindən biri olan Mika Həkkinen ilk titulunu qazanır. Şumaxer 6 yarışda qalib gəlsə də, yekunda Mikadan 14 xal geri qalır. Növbəti il Mixaelin McLaren-ə keçəcəyi, onun yerinə isə Devid Kulthardın gələcəyi danışılır. Ron Dennis onu komandaya gətirmək istəyir, lakin buna Mixaelin sponorlarla müqaviləsindəki şərtlər mane olur – o, rəqib komandada çıxış edə bilməzdi. 1999-cu ildə Mixaelin səyləri Ferrari-yə uzun müddətdən sonra Mühəndislər Kubokunu qazandırır. O, üçüncü titulunu da qazana bilərdi, Britaniyadakı qəzada ayaqları sınmasaydı… Yeddi yarışı buraxmalı olan Mixael son iki yarışda qayıdır və hər iki halda ikinci yeri tutur. Çempionatı isə beşinci yerdə tamamlayır. Həmin yeddi yarışda onu Mika Salo əvəzləyir. Mixaelin komanda yoldaşı Eddi İrvayn titula çox yaxın olsa da, yekunda Həkkinenə cəmi iki xalla məğlub olur.

2000-ci ilə əla başlayan Mixael ilk altı yarışın dördündə qalib gəlir. Lakin mövsümün ortasında yaşadığı problemlər Həkkinenin ona çatması ilə nəticələnir. Mövsümün sonuna doğru vəziyyət yenidən onun xeyrinə dəyişir və Şumaxer üçüncü titulunu qazanır. Bu, bir Ferrari sürücüsünün 21 il ərzində ilk titulu olur. İtaliyadakı yarışda karyerasının 41-ci qələbəsini qazanaraq Sennaya çatır. Yarışdan sonra mətbuat konfransında bunun necə hiss olduğu soruşulduqda göz yaşlarını saxlaya bilmir. Həkkinen də danışa bilmir və sözün üçüncü yeri tutan Ralf Şumaxerə (Mixaelin qardaşı) verilməsini istəyir.

2001-ci ildə ona heç kim rəqib ola bilmir. Karyerasının son mövsümünü keçirən Mika Həkkinen də çempionluq yarışından uzaq qalır. Kanada Qran Prisində Ralf birinci, Mixael isə ikinci olur və bir yarışda ilk iki yeri tutan yeganə qardaşlar kimi tarixə düşürlər. Doqquz qələbə qazanaraq özünə və Naycel Mənsellə aid olan bir mövsümdə ən çox yarışda qalib gəlmək rekordunu bir daha təkrarlayır. Belçika Qran Prisində karyerasının 52-ci qələbəsini qazanan Mixael 51 qələbəsi olan Alen Prostu keçir və qələbə sayına görə birinci yerə yüksəlir. Mövsümü 123 xalla çempion kimi başa vurur.

Mixael Şumaxer F2002 ilə. Kanada Qran Prisi, 2002-ci il

 

2002-ci ilə də yaxşı başlayan Mixael ilk altı yarışın beşində qalib gəlir. Avstriyadakı yarışda komanda yoldaşı Rubens Barrikello finişə az qalmış yavaşlayaraq Mixaelin qələbə qazanmasına şərait yaradır. Podium mərasimində Mixael onu birinci pilləyə öz yanına qaldırır. ABŞ Qran Prisində isə “borcunu qaytarır” – yarışın finişinə bir neçə metr qalmış sürətini azaldır və Barrikello finişi birinci keçir. Mixael mövsümün sonuna altı yarış qalmış titulunu rəsmiləşdirir və çempionluq sayında Xuan Manuel Fanxioya çatır. Özünə və Mənsellə aid olan bir mövsümdə ən çox qələbə qazanmaq rekordunu 11 qələbə ilə yeniləyir. Heç bir problemlə üzləşməyən Mixael mövsümün bütün yarışlarını podiumda tamamlayır.

Növbəti mövsüm Ferrari, McLaren-Mercedes və Williams-BMW arasındakı böyük rəqabətə səhnə olur. Son yarışlara qədər Şumaxer, Kimi Rəykkönen və Xuan Pablo Montoya çempionluq şansını qoruyur. Amerika Qran Prisində Montoya bu şansını itirir. Son yarışda isə Şumaxerə 1 xal titul üçün kifayət edirdi və o, 8-ci yeri tutaraq çempion olur. Qeyd edək ki, 2003-ci ilədək yarışda ilk altı yeri tutan sürücülərə xal verilirdisə, 2003-cü ildə xal sistemi dəyişdirilmiş və ilk səkkiz yeri tutan sürücülərə xal verilməyə başlamışdı. Mixael 93 xalla altıncıcı dəfə çempion olur və bu sahədə Fanxionu keçir.

2004-cü ildən çox danışmağa dəyməz. Mixael ilk 13 yarışın 12-də qalib gəlir. Monakoda təhlükəsizlik maşını trasda olanda Montoya ilə arasında baş verən insidentə görə yarışı dayandırmalı olur. Mövsümü 13 qələbə ilə başa vurur və bu sahədə özünə aid rekordu yeniləyir. Yekunda 148 xalla – komanda yoldaşı Barrikellonu 32 xallıq fərqlə üstələyərək yeddinci və sonuncu titulunu qazanır.

2005-ci ildə Ferrari-nin istifadə etdiyi Bridgestone təkərlərinin Michelin təkərləri ilə mübarizədə uduzmasına görə çempionluq yarışından uzaq qalır. Fernando Alonsonun titul qazandığı mövsümü  62 xalla üçüncü yerdə tamamlayır. Yeganə qələbəsini altı sürücünün start aldığı ABŞ Qran Prisində qazanır. Növbəti mövsümə də Renault-nun pilotu Fernando Alonso yaxşı başlayır.

Mixael Şumaxer Ferrari-də yarışdığı son maşın Ferrari 248 ilə. 2006-cı il

 

Amma mövsümün ortalarından sonra Mixael ardıcıl qələbələrlə çempionatda liderliyi ələ alır. Çin Qran Prisində karyerasının son qələbəsini qazanır. Amma Yaponiya Qran Prisində yarışı tamamlaya bilmir, Braziliyakı son yarışda da problemlər yaşayır və mövsümü 121 xalla ikinci yerdə başa vurur. Mixael İtaliya Qran Prisində mövsümün sonunda Formula1 karyerasını bitirəcəyini açıqlayır.

Karyerasını bitirməsinə baxmayaraq, Formula1-dən və Ferrari-dən ayrılmır. Növbəti illərdə Ferrari-də müxtəlif vəzifələrdə çalışır. 2009-cu ildə Macarıstan Qran Prisində başından zədə alan Felipe Massanı əvəzləməsi gözlənilir. Mixael bunun üçün 2007-ci ilin maşını ilə testlər edir. Lakin 2009-cu ilin maşını ilə də testlər etmək istədikdə, Willaims, Red Bull və Toro Rosso buna etiraz bildirirlər. Mixael yekunda ilin əvvəlində motosiklet sürərkən boynundan aldığı zədəni əsas gətirərək təklifi qəbul etmir. İlin sonunda isə növbəti mövsüm Formula1-ə qayıdacaq Mercedes-də çıxış edəcəyini açıqlayır.

Mixael 2010-cu ildə yenidən sürücü kimi Formula1-ə qayıdır. Niko Rosberqlə üç il komanda yoldaşı olur. Ən yaxşı nəticəni 2012-ci ildə Avropa Qran Prisində əldə edir – Alonsonun qalib gəldiyi yarışda üçüncü olur. Həmin mövsüm Monakoda poul qazanmasına baxmayaraq, əvvəlki yarışda baş verənlərə görə ona startda beş yer itirmək cəzası verilmişdi. Mercedes-in çox da güclü olmadığı üç il ərzində özünün çempionluq illərindəki əzmini göstərə bilmir və hər üç mövsümdə Nikoya məğlub olur. 2012-ci ilin sonunda isə yeddi çempionluq, 91 qələbə, 155 podium, 68 poul və 77 sürətli dövrə əldə etdiyi təkrarolunmaz karyerasını tamamlayır.

Mixaelin son podiumu. Avropa Qran Prisində Fernando Alonso və Kimi Rəykkönendən sonra üçüncü olur. Valensiya, 2012-ci il.

 

Mixael Şumaxer bəlkə də Formula1-dəki fəaliyyətini davam etdirəcəkdi. Bəlkə də kralı olduğu bu idmana heç olmasa bir yarışlıq yenidən qayıdacaqdı. 2013-cü il dekabrın 29-da xizək sürərkən yıxılmasaydı, biz onu bəlkə hətta Bakıda da görə biləcəkdik. Formula1-də çıxdığı 306 yarışda almadığı xəsarəti Alp dağlarında xizək sürərkən alır. Qrenobl xəstəxanasına çatdırılan Mixael komaya düşür. Sonradan vəziyyəti bir qədər sabitləşir və evinə köçürülür. Qəzadan bəri səhhəti haqqında heç bir məlumat verilməyib. Meneceri Sabine Kem başqa mənbələrin verdiyi məlumatlara inanmamağa çağırıb. Son çıxışlarında isə bir daha Mixael barədə məlumat verilməyəcəyinə işarə vurub. İndi o necədir – biz bunu bilmirik. Bəlkə də bu, öz xahişidir, sakit həyat yaşamaq istəyir. Lakin istənilən halda, bu, onun milyonlarla, hətta yüz milyonlarla fanatına qarşı edilən hörmətsizlikdir.

Mixael 1995-ci ildə Korinna Betş ilə ailə qurub və onların iki övladı var. Oğlu Mik də atası kimi sürücüdür və istedadını artıq sübut edib. Şumaxerlər ailəsi Cenevrə gölünün yaxınlığında, xüsusi yanacaqdoldurma məntəqəsi və yeraltı qarajı olan malikanədə yaşayırlar. Eurobusiness jurnalı 2005-ci ildə karyerası boyu yüksək maaş alan və sponsorların da çox sevdiyi Mixaeli dünyanın ilk milyarder idmançısı olduğunu elan edib.

Mixael həyat yoldaşı Korinna ilə

 

Mixael Formula1-dən daha çox tanınır. Dünyanın istənilən yerində Formula1 desəniz, bəlkə də insanlar nədən bəhs etdiyinizi bilməz, amma Şumaxer deyildikdə hər kəs tanıyır. Bəlkə də Formula1 pilotu olduğunu, uğurlarını bilməyəcəklər, heç şəklini göstərsəniz tanımayacaqlar. Amma Şumaxer deyildikdə onun “sürən” olduğunu hamı bilir.

Mixael Formula1-in tarixinə silinməz izlər qoyub. O, həm də ən çox rekord yeniləyən sürücüdür. Hazırda ən çox çempionluq, ən çox qələbə, ən çox podium, ən çox poul və ən çox sürətli dövrə rekordları da daxil olmaqla, bir çox rekordu əlində saxlayır. Bəlkə də bütün rekordları nə vaxtsa qırılar, lakin 91 qələbəyə hansısa sürücünün çatacağı yaxın gələcəkdə inandırıcı görünmür.

Biz – bütün Formula1 fanatları səhhəti barədə pozitiv xəbərlər eşitməyə köklənmişik və səbirsizliklə gözləyirik. Ümid edirik ki, böyük çempion bizi çox intizarda saxlamayacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 3. 589
Teqlər , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
Paylaş

logo