24 Noyabr 2017, Cümə - 09:41

Dünya çempionları: Jak Vilnöv

Dünya çempionları: Jak Vilnöv

Müəllif: Elçin Zodorov, redaktor

10:15 - 10 Mart, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına 15 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: yeganə kanadalı çempion – Jak Josef Şarl Vilnöv!

Jak Vilnöv 1971-ci il aprelin 9-da Sen-Jan-sur-Rişeldə sabiq Formula1 sürücüsü Jil Vilnöv və Yoann adlı xanımın ailəsində anadan olub. Onun biri ögey olmaqla iki bacısı var. Jak adlı əmisi də CART seriyasında yarışıb. Jakın 11 yaşı olanda – 1982-ci ildə atası Belçika Qran Prisinin sıralanma turunda faciəvi şəkildə həlak olur. Atasının ölümündən iki il sonra Jak atası kimi yarışçı olmaq üçün anasından icazə alır. Anası ümid edir ki, əgər Jakı kartinqə aparsa, o da riyaziyyatdan aldığı pis qiymətləri düzəldəcək. Bir il sonra anası onu İmola trasında kartinq sürməyə aparır. Onun sürüş tərzi tras sahiblərinin diqqətini cəlb edir. Ona sürmək üçün elə həmin gün əvvəlcə daha güclü kart, sonra isə Formula4 maşını verirlər.

Əmisi Jakı tezliklə Jim Russel Racing Driver School-a yazdırır. Üç gün davam edən kurslarda Jil yaşıdlarından çox fərqlənir. Yekunda Jaka diplom verilir və kursun rəhbəri onu gördüyü ən istedadlı gənc adlandırır. 1987-ci ildə həm Kanadadan, həm də İtaliyadan sürücülük lisenziyası alır. 1988-ci ildə Alfa Cup-da sabiq Formula1 sürücüləri ilə yarışır və heç də pis nəticələr göstərmir. Üç il İtaliya Formula3 seiyasında yarışıb nəticə əldə etmədikdən sonra 1992-ci ildə Yaponiya Formula3 seriyasına keçir və mövsümü ikinci yerdə tamamlayır.

1994-cü və 1995-ci illərdə CART-da yarışır. İlk mövsümü altıncı yerdə tamamlayır. Növbəti mövsüm İndianapolis 500 yarışında dramatik qələbə qazanır. Mövsümü çempion kimi başa vurur. Həm uğurları, həm də soyadına görə Frənk Uilyamsın diqqətini cəlb edir və 1996-cı ildə Williams komandası ilə Formula1-də yarışmaq üçün dəvət alır. 1995-ci ilin sonunda testlərə qoşulur.

FORMULA1 KARYERASI

Jak Vilnöv komandası ilə birlikdə çempionluğuna sevinir. 1997-ci il

 

Statistika
Yarışdığı illər1996-2006
Yarışdığı komandalarWilliams, BAR, Renault, Sauber, BMW Sauber
İştirak (Start)165 (163)
Çempionluq1 (1997)
Qələbə11
Podium23
Xal235
Poul13
Sürətli dövrə9
İlk yarışıAvstraliya Qran Prisi, 1996-cı il
İlk qələbəsiAvropa Qran Prisi, 1996-cı il
Son qələbəsiLüksemburq Qran Prisi, 1997-ci il
Son yarışıAlmaniya Qran Prisi, 2006-cı il

 

Jak Vilnöv Williams-la ikiillik müqavilə imzalayır. Şərtlərdə hər şey qaydasında olarsa, müqavilənin daha bir il uzadılacağı nəzərdə tutulur. Formula1-dəki ilk yarışındaca özünü sübut edir. Pouldan başladığı və sürətli dövrəni vurduğu Avstraliya yarışında qələbəyə çox yaxın olur. Lakin yanacaq sızması baş verdiyinə görə sürətini azaltmalı olur və komanda yoldaşı Deymon Hill onu keçir. Problemə baxmayaraq, finişə ikinci yerdə çata bilir və debüt yarışını podiumda tamamlayır. Nürburqrinqdə Mixael Şumaxerin təzyiqlərinə baxmayaraq, ilk qələbəsini qazanır. Daha üç yarışda qalib gəlir və Yaponiyadakı son yarışa Hilldən doqquz xal geridə çempionluq şansları ilə gedir. Bunun üçün Hillin xal qazanmaması, Jakın isə qalib gəlməsi lazım idi. Lakin əksi baş verir. Jakın finişə çata bilmədiyi yarışda Deymon qalib gələrək yeganə titulunu rəsmiləşdirir.

Növbəti mövsüm üçün Frənk Uilyamsın alman sürücü Hayns Harald Frentseni gətirmək istədiyini eşidən Deymon Hill komandanı tərk edir. Vilnöv komandanın əsas, Frentsen isə ikinci sürücüsü olur. Jak titul uğrunda bu dəfə Mxael Şumaxerlə vuruşmalı olur. Mövsüm ərzində yeddi qələbə qazanaraq çempionatda lider olan kanadalı sürücü Yaponiyada cümə günü keçirilən məşqlərdə sarı bayraqlara məhəl qoymadığı üçün cəzalandırılır. Poulu qazanmasına baxmayaraq, yarışa sonuncu yerdən başlamalı olsa da, komandasının apellyasiya şikayəti qəbul olunur və pouldan start alır. Olduqca ehtiyatlı yarışan Jak beşinci yeri tutaraq iki xal qazanır. Lakin yarışdan sonra Williams apellyasiya şikayətini geri götürür və onun nəticəsi ləğv edilir. Mixael bir xal fərqlə liderliyə yüksəlir.

Jak Vilnöv titul qazandığı Williams FW19 ilə Belçika Qran Prisində. Spa, 1997-ci il.

 

Xeresdə keçirilən mövsümün son yarışının 48-ci dövrəsində Şumaxerə hücum edir və onu keçir. Lakin Şumaxer onun üzərinə sürərək maşınını zədələyir. İnsidentdən sonra Jak zədələrə baxmayaraq yoluna davam etsə də, Mixael dayanmalı olur. Finiş xəttini üçüncü keçməsi Jaka titul qazanmaq üçün kifayət edir. Yarışdan sonra məlum insidentə görə Mixael Sürücülər çempionatından diskvalifikasiya olunur. Lakin qazandığı nəticələr həmin il Mühəndislər Kubokunda komandanın aktivindən silinmir və sürücünün statistik göstəricilərində öz əksini tapır.

Tituldan sonra Jakın işləri heç də yaxşı getmir. Növbəti mövsümdə də Willams-da qalır. Lakin onlar həmin mövsüm McLaren və Ferrari-nin çempionluq mübarizəsini uzaqdan izləməli olurlar. Mövsüm ərzində Vilnöv iki, Frentsen isə bir dəfə podiuma yüksəlirlər, müvafiq olaraq, 21 və 20 xal toplayırlar. Jak 1999-cu ildə yeni qurulmuş BAR komandasına keçir. Komandanın qurucularından biri də Vilnövün meneceri Kreyq Pollok olur. Rikkardo Zonta ilə BAR-ın uğurları üçün çalışan Jak zəif maşınla heç bir şey edə bilmir. Braziliyadakı qəzada sol ayağı zədələyən Zontanı üç yarışda Mika Salo əvəz edir. Jak Barselonada yarışa üçüncü yerdə davam etsə də, texniki problemlər həmin yarışı bitirməyə imkan vermir. Vilnöv mövsüm ərzindəki 16 yarışın 12-də finişi görə bilmir. Bunlardan da 11-i elə ilk 11 yarışa təsadüf edir.

Növbəti mövsüm Honda motorlarına keçən komandada vəziyyət bir qədər düzəlir. Bir çox yarışda xal qazanan kanadalı dörd dəfə podiumun bir addımlığında dayanır. Yekunda 17 xalla yeddinci olarkən, Zonta üç yarışda qazandığı üç xalla 14-cü olur. 2001-ci il faciə ilə başlayır. Avstraliyadakı yarışda qəzaya uğrayan Jakın maşınından çıxan təkər bir marşalın sinəsinə dəyir və onun ölümünə səbəb olur. Yekunda əvvəlki illə müqayisədə beş xal az toplasa da, iki yarışda – İspaniya və Almaniyada podiuma yüksəlir. Almaniyadakı podium onun karyerasında sonuncusu olur.

Jak Vilnöv BAR 004 ilə Kanada Qran Prisində. Monreal, 2002-ci il

 

2002-ci ildə xal zonasına düşməkdə çətinlik çəkən BAR komandası ilə dörd xal toplaya bilir. Həmin ilin əvvəlində Pollok işdən çıxarılır və onu Prodrive şirkətinin sahibi Deyvid Riçards əvəzləyir. Riçards tezliklə Vilnövün 15 milyon funt sterlinqlik maaşını müzakirə etməyə başlayır. Bu məsələ Vilnövü mövsümboyu çox narahat edir. 2003-cü ildə onun komanda yoldaşı gələcəyin dünya çempionu Censon Batton olur. Həmin mövsüm CART komandalarının birindən gələn sərfəli təklifi rədd edir və Formula1-də qalmaq istədiyini göstərir. Batton qazandığı xallarla Vilnövü üstələyir və mətbuat buna görə kanadalını çox tənqid edir. Mövsümün son yarışında isə Formula3 çempionu Takumo Sato tərəfindən əvəzlənir.

2004-cü il üçün heç bir komanda ilə müqaviləsi olmayan Jak yenidən yarışmaq istəyir. Bu istəyinə sentyabr ayında çatır – Renault-nun sürücüsü Yarno Trulli Flavio Briatore tərəfindən komandadan göndərilir və onu son üç yarışda Vilnöv əzələyir. Lakin bu yarışların heç birində xal qazana bilmir. Maşınlar əvvəlki ildəkilərdən daha sürətli idilər və onlara alışmaq çox çətin idi. Buna görə də Vilnöv istədiyi nəticələri göstərə bilmir. Lakin Sauber komandası ilə ikiillik müqavilə bağlayır.

2005-ci ildə Felipe Massa ilə komanda yoldaşı olan Jak üç yarışda xal zonasına düşə bilir və yekunda 9 xal toplayaraq Massadan geri qalır. Növbəti il komanda BMW tərəfindən alınır və BMW Sauber adlandırılır. Ferrari-yə keçən Massanı Nik Haydfeld əvəz edir. Mövsümün ilk 12 yarışında cəmi dörd dəfə xal zonasına düşən Jak Almaniya Qran Prisindəki qəzada deyilənlərə görə ciddi xəsarətlər alır. Onu polşalı debütant Robert Kubitsa əvəz edir və elə ilk yarşında – xaotik Macarıstan Qran Prisində yeddinci yeri tutur. Lakin maşının çəkisinin az olmasına görə nəticələri ləğv edilir. Buna baxmayaraq, Robertin çıxışı hamının diqqətini cəlb edir. Gün ərzində həm BMW, həm də Vilnöv əməkdaşlığın başa çatdığını, yarışa bilməyəcini açırlayırlar. Daha sonra məlum olur ki, Vilnöv gənc Kubitsanın istedadını görüb və polşalıya görə onun komandadan uzaqlaşdırılmasının qarşısını almaq üçün özü bu addımı atıb.

Jak Vilnöv

 

Vilnövün Formula1 karyerası başa çatsa da, sürücülük karyerası davam edir. Daha sonra müxtəlif seriyalarda yarışır və əsas uğurlarından biri də 2008-ci ildə 24 saatlıq Le Man marafonunda ikincilik olur. NASCAR-da da çıxış edən kanadalının yarışdığı son seriya 2015-2016-cı illərdə Formula E seriyası olur.

Gənc yaşlarında bir neçə dəfə nişanlanan, lakin onlarla ailə qurmayan Jakın ilk evliliyi Yohanna Martineslə 2006-cı ildə olub. Onların Jül və Conas adlı iki oğulları dünyaya gəlib. Cütlük 2009-cu ildə ayrılıb və Jak 2012-ci ildə Kamilla Lopezlə ailə qurub. İsveçrədə, daha sonra da vətənində yaşayan Vilnöv 2012-ci ildə Andorraya köçüb. Buna səbəb kimi vətənindəki sıxıcı mühiti və biznes üçün yaradılmış pis şəraiti göstərib.


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 4. 228
Teqlər , , , , , , , , , , , , , , , , , , ,
Paylaş

logo