24 Noyabr 2017, Cümə - 09:44

Dünya çempionları: Fernando Alonso

Dünya çempionları: Fernando Alonso

Müəllif: Elçin Zodorov, redaktor

11:07 - 12 Mart, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına 14 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Mixael Şumaxerin çempionluq seriyasına son qoyan sürücü – Fernando Alonso Dias!

Fernando Alonso 1981-ci il iyulun 29-da İspaniyanın şimalındakı Ovyedo şəhərində anadan olub. Onun atası Xose Luis yaşadıqları Ovyedo şəhəri yaxınlığındakı partlayıcı maddələrin hazırlandığı zavodda mexanik, anası ilə univermağın əməkdaş olub. Fernandonun Lorena adlı özündən böyük bacısı var. Həvəskar kartinq yarışçısı olan atası bu marağının övladlarına da keçməsini istəyir və səkkiz yaşlı Lorena üçün kart düzəldir. Lakin Lorena üç yaşlı Fernandondan fərqli olaraq, buna maraq göstərmir. Fernando aldığı təhsili də avtoidmana görə yarımçıq qoyur.

Alonso karyerasına üç yaşından başlayır. Yarışdığı rəqibləri ondan 3-4 yaş böyük olurlar. Yağışlı havalarda yarışmaq üçün yağış təkərləri almaq imkanları olmadığından, sliklərlə sürür. Kartinqdə iştirak edən Fernandonun mexaniki də öz atası olur. Onun karyerasını inkişaf etdirməsi üçün ailənin kifayət qədər maddi imkanı yox idi, lakin Fernandonun uğurları sponsorların diqqətini cəlb edir və onlar da tələb olunan vəsaiti verirlər. O, öz istedadını tezliklə göstərir – 1993-cü ildən etibarən Junior kateqoriyası üzrə ardıcıl dörd il İspaniya Kartinq Çempionatının qalibi olur. 1997-ci ildə İspaniya və İtaliyada İnter-A titulunun sahibi olur. Bu uğuru vətənində təkrarladığı növbəti ildə də Avropa Kartinq Çempionatında ikinci olur.

Fernando bir neçə seriyada yarışdıqdan sonra 2000-ci ildə Formula3000-də mübarizə aparır. Seriyada yarışan sürücülərin hamısından yaşda xeyli balaca olan Alonso ilk yeddi yarışda xal qazana bilməsə də, mövsümün sonuna doğru yaxşı nəticələr əldə edir. Son iki yarışda bir qələbə və bir ikincilik qazanaraq çempionatı dördüncü yerdə tamamlayır.

FORMULA1 KARYERASI

Fernando Alonso

 

Statistika
Yarışdığı illər2001-
Yarışdığı komandalarMinardi, Renault, McLaren, Ferrari
İştirak (Start)274 (273)
Çempionluq2 (2005, 2006)
Qələbə32
Podium97
Xal1832
Poul22
Sürətli dövrə22
İlk yarışıAvstraliya Qran Prisi, 2001-ci il
İlk qələbəsiMacarıstan Qran Prisi, 2003-cü il
Son qələbəsiİspaniya Qran Prisi, 2013-cü il
Son yarışıƏbu Dabi Qran Prisi, 2016-cı il

 

Fernando Alonso Minardi ilə Formula1-də debüt etdiyi vaxt Formula1 tarixinin ən gənc üçüncü sürücüsü olur. Komanda Pol Stoddartın başçılığı altında çempionatda debüt edir. PS01 adlı yeni bolid həm zəif, həm də etibarsız olur. Fernando sıralanma turlarında yaxşı nəticələr göstərir. Lakin ilk ilində xal qazanmaq Fernandoya qismət olmur. Həmin ilin sentyabr ayında meneceri Flavio Briatore onu gələn il Renault komandasında yarışdırmaq üçün çalışır. Lakin yekunda Fernando 2002-ci ili Renault-nun test sürücüsü kimi keçirməli olur.

Briatore növbəti mövsüm Censon Battonun əvəzinə Fernandonu yarışdırmaq qərarına gəlir. Flavio bu qərarına görə Britaniya mətbuatında kəskin tənqidlərə məruz qalsa da, komandanın texniki direktoru Mayk Qaskoyn F1 Racing-ə verdiyi müsahibədə qərarın düzgün olduğunu bildirir. Fernandonun testlərdəki iştirakı və komandaya etdiyi kömək bolidin inkişafında xüsusi rol oynayır. Fernando Malayziya Qran Prisində poul qazanan ən gənc sürücü olur.

Fernando Alonso Braziliya Qran Prisindəki ağır qəzadan sonra. İnterlaqos, 2013-cü il

 

Braziliya Qran Prisində 54-cü dövrənin son döngəsində Mark Uebber qəza edir. Fernando sürətini azalda bilmir və Uebberin maşınından çıxan təkərə dəyir, sonra isə maşını divara çırpılaraq yenidən trasa qayıdır. Qırmızı bayraqla dayandırılan yarışa yenidən start verilmir. Yarışın 75%-dən çoxu geridə qaldığından, sürücülərə tam xallar verilir. Fernando qələbə qazanan ən gənc sürücü adını Macarıstanda əldə edir. Mövsümü 55 xalla altıncı yerdə tamamlayır.

2004-cü ildə qələbə qazana bilməsə də, dörd dəfə podiuma yüksəlir və mövsümü dördüncü yerdə başa vurur. 2005-ci ildə Cankarlo Fizikella komandaya gəlir. Titul uğrunda mübarizə Alonso və McLaren-in sürücüsü Kimi Rəykkönen arasında gedir. Mövsümə əla başlayan Fernando yekunda 7 qələbə, 15 podiumla titulun sahibi olur və ən gənc çempion adına sahib olur (2010-cu ildə Fettel çempion olana qədər bu adı özündə saxlayır). Fernando qazandığı titul barədə belə deyir: “Bunu karyeram boyu məni dəstəkləyən ailəmə və yaxın dostlarıma həsr etmək istəyirəm. İspaniya Formula1 ölkəsi deyil və biz bu yolda tək mübarizə aparmışıq”.

Fernando ona ikinci titulunu qazandıran Renault R26 ilə. ABŞ, 2006-cı il

 

2006-cı ilin ilk hissəsi Alonsonun dominantlığı ilə keçir. İlk 9 yarışın hamısında podiumun ilk iki pilləsində olur və bu yarışlardan altısını qalib kimi başa vurur. Mövsümün ortasında texniki reqlamentdəki bəzi dəyişikliklərdən sonra Mixael Şumaxer də titul uğrunda mübarizəyə qoşulur. Çin Qran Prisindən sonra iki sürücünün xalları bərabərləşir. Lakin Mixaelin Yaponiyada tamamlaya bilmədiyi yarışda qalib gələn Fernando Braziliyada da onu üstələyir və ardıcıl ikinci titulunu əldə edir. Mixael mövsümün sonunda Formula1-dən gedir.

Fernando 2005-ci ilin sonunda – Renault ilə müqaviləsinin başa çatmasına bir il qalmış bildirir ki, 2007-ci ildə McLaren-ə keçə bilər. Komanda ilə qazandığı uğurlara görə Flavio Bratore ona 2006-cı ilin dekabrın 15-də McLaren maşını ilə test etməyə imkan yaradır. Alonso üzərində heç bir reklam olmayan MP4-21 ilə Xeresdə 95 dövrə vurur. McLaren onun komanda yoldaşının debütant Lyuis Həmilton olacağını və Fernandonun 39 milyon dollar qazanacağını açıqlayır. Olduqca gərgin keçən mövsümdə dörd dəfə qalib gəlir. Macarıstan Qran Prisinin sıralanma turunda baş verənlərdən sonra Alonso ilə Həmiltonun münasibətləri pisləşir. Fernando 109 xalla mövsümü üçüncü yerdə tamamlayır. İkinci yerdəki Həmiltonla eyni xala sahib olur, titulu qazanan Kimi Rəykkönenə isə cəmi bir xalla uduzur. Komanda ilə münasibətləri pozulan Fernandonun mövsümün sonunda gedəcəyi barədə xəbərlər yayılır. Noyabr ayında hər iki tərəf qarşılıqlı şəkildə üçillik müqaviləni ləğv etdiklərini, Fernandonun 2008-ci ildə istədiyi komandaya keçə biləcəyini açıqlayır. McLaren cəsusluq qalmaqalına görə Mühəndislər Kubokundan xaric edilir.

Fernando Alonso və Lyuis Həmilton podiumda. Montsa, 2007-ci il

 

Fernando 2008-ci ildə yenidən Renault-ya qayıdır. Lakin komanda onun çempion olduğu illərdəki qədər güclü deyildi. Buna baxmayaraq, Fernando Sinqapur və Yaponiyada qələbə qazanaraq çempionatda beşinci olur. Sinqapurdakı yarış sonradan Flavio Briatorenin Formula1-dən uzaqlaşdırılmasına səbəb olur. Komandadan göndərilən Nelson Pike 2009-cu ildə bildirir ki, Flavio Sinqapur yarışında ondan qəsdən qəza etməsini istəyir. Flavio hər şeyi elə hesablayır ki, yarış Fernandonun qələbəsi ilə bitir. FİA araşdırmalardan sonra Fernandonun bu hadisədə günahsız olduğunu bildirir. Növbəti il isə uğurlu olmur və Fernando cəmi bir podiumla kifayətlənir.

Fernando 2009-cu il sentyabrın 30-da növbəti mövsümdən etibarən Ferrari-də yarışacağını açıqlayır. Kimi Rəykkönen mövsümün sonunda komandadan gedir və Fernando Alonso Felipe Massa ilə komanda yoldaşı olur. Müqavilə 2012-ci ilin sonuna qədər nəzərdə tutulur. Bir çoxları iddia edir ki, tərəflər keçidlə bağlı əslində 2008-ci ildən razılığa gəliblər. Fernandonun yeni komandasındakı debütü qələbə ilə nəticələnsə də, mövsümün növbəti yarışlarında yaxşı nəticələr əldə edə bilmir. Çempionatın lideri demək olar ki, hər yarışda dəyişir. İtaliya Qran Prisindən etibarən dörd yarışın üçündə qalib gələn Alonso yenidən titul uğrunda mübarizədə ən güclü namizədlərdən biri olur. Əbu Dabidəki son yarışa 246 xalla çempionluğa ən yaxın sürücü olur. Lakin yarışı yeddinci yerdə tamamlayır və qalib gələn Fettel mövsümdə ilk dəfə çempionatda birinciliyə yüksəlir və ilk titulunu qazanır. Alonso 25 xallıq yeni sistemdə Fettelə cəmi dörd xalla uduzur.

Titul əldən gedir… Əbu Dabi, 2010-cu il

 

2011-ci ildə Red Bull əlçatmaz olur – Fettel 11 qələbə qazanır və böyük xal fərqi ilə titulun sahibi olur. Fernando yeganə qələbəsini Silverstounda əldə edir və doqquz dəfə podiuma yüksəlir. 2012-ci ili isə Fernandonun ən yaxşı mövsümlərindən biri adlandırmaq olar. Malayziyada qırmızı bayraqlarla uzun müddət dayandırılan yarışda qalib gəlir. Növbəti iki yarışda qarşılaşdığı texniki problemlər Fernandoya yüksək yerləri tutmağa imkan vermir. Mövsümün ilk yeddi yarışını yeddi müxtəlif sürücü qazanır və çempionatda maraqlı vəziyyət alınır. Lakin Valensiyadakı unudulmaz yarış bir çox şeyi dəyişir. Fernandonun 11-ci yerdən start aldığı yarışda onun çempionatdakı əsas rəqiblərindən Həmilton qəzaya görə, Fettel isə motora görə finişə çata bilmir. Yaxşı start alan və ardıcıl ötmələr edən Fernandoya bu amillər də kömək edir və finiş xəttini birinci keçir. Bu, həm də Şumaxerin son dəfə podiuma çıxdığı yarış olur. Almaniyada da qalib gələn Alonso Britaniyada son dövrələrdə daha təzə təkərlərə sahib olan Uebber tərəfindən keçilir. Mövsümün ikinci hissəsində isə vəziyyət tamamilə dəyişilir. Fettel ardıcıl dörd qələbə qazanır və Fernandonun əldə etdiyi 40 xaldan çox üstünlük əriyir. Braziliyadakı son yarış çempionu müəyyən etməli idi. Yarışa Fettel 273, Alonso isə 260 xalla gəlir. Yarışın startında Fettel yerində fırlanaraq gerilərə düşür. Sonra isə altıncı yerə qədər yüksələ bilir. Fernando səkkizinci yerdə başladığı yarışda ikinciliyə qədər gəlir, lakin Battona çatmaq mümkün olmur. Yekun nəticələrə görə Fettel 281 xalla çempion, Alonso isə 278 xalla ikinci olur.

2012-ci ildə Braziliya Qran Prisindən əvvəl yaımlanan poster – Yeni dünya çempionu axtarılır

 

Ferrari 2013-cü ilə yaxşı başlayır. Fernando Çində və İspaniyada qalib gəlir. Lakin bir il əvvəl olduğu kimi, Red Bull bu dəfə də yay fasiləsindən sonra əlçatmaz olur. Fettel Belçika Qran Prisindən Braziliya Qran Prisinə qədər olan doqquz yarışın hamısında qalib gələrək ardıcıl ən çox qələbə qazanan sürücü olur. Yekunda 397 xalla çempion olur və bu, rekorddur. Fernando isə yenə də ikinci yerin sahibi olur. 2014-cü ildə turbo mühərriklərə keçidlə Mercedes AMG dövrü başlayır. Fernando qələbə uğrunda mübarizəyə imkan verməyən maşınla yalnız iki dəfə – Çində və Macarıstanda podiuma yüksəlir. Mövsümün sonunda isə müqaviləsinin olmasına baxmayaraq, komandadan ayrılacağını və Honda mühərriklərinə keçən McLaren-də yarışacağını bildirir.

Fernandonun McLaren-dəki ikinci dövrü barədə danışmağa dəyməz. Honda mühərrikləri artıq üçüncü ildir ki, idmandadır, lakin hələ də gözlənilən nəticəni verə bilmir. Fernando 2015-ci ildən bəri bir dəfə də olsun nəinki qələbə, heç podium uğrunda mübarizə apara bilməyib. Nə Fernando, nə də iki il ərzində komanda yoldaşı olmuş Censon Batton. 2017-ci il mövsümü başlamaq üzrədir, lakin Honda-da dəyişiklik, inkişaf yoxdur… Fernando Alonsonun sürücü nömrəsi 7-dir

Fernando Alonso Linda Morselli ilə

 

Fernando 2006-cı ildə Rakel del Rosario ilə ailə qurur. Onlar 2011-ci ildə ayrılırlar. Sonra rus Daşa Kapustina ilə münasibəti olan Fernando ondan da ayrılır və həmerlisi Lara Alvarezlə görünürdü. Hazırda isə Linda Morselli ilə münasibətdədir. Fernando 2006-cı ildən 2010-cu ilə qədər Cenevrədə, daha sonra isə Luqanoda yaşayıb. Böyük məbləğdə vergi ödəməli olan ispan sürücü hazırda Dubayda yaşayır.

Fernando yaxşı sürücü olmaqla yanaşı, bir sıra səhv qərarların da sahibidir. Red Bull ona təklif göndərərkən Ferrari-ni seçməsəydi, hazırda bəlkə də ən azı altı titulun sahibi idi…


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 3. 975
Teqlər , , , , , , , , , , , , , , , ,
Paylaş

logo