18 Oktyabr 2017, Çərşənbə - 00:24

Dünya çempionları: Cim Klark

Dünya çempionları: Cim Klark

Müəllif: Elçin Zodorov, redaktor

10:24 - 20 Fevral, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına bir ay qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Karyerasını Lotus-a həsr etmiş pilot – Cim Klark!

Cim Klark 1936-cı il martın 4-də Şotlandiyanın Fayfşir şəhərində anadan olub. Ailənin ən kiçik övladı olan Cim valideynlərinin etirazlarına baxmayaraq, yerli yarışlara qoşulur və müxtəlif qələbələr əldə edir. 1958-ci ildə yarışdığı adam isə onu gələcəyin ulduzu edəcəkdi – Kolin Çəpmən. Bu hadisə onun Lotus-a, oradan da Formula1-ə yolunu açır.

FORMULA1 KARYERASI

Cim Klark Formula1-də debüt edir. Hollandiya Qran Prisi, 1962-ci il

 

Statistika
Yarışdığı illər1960-1968
Yarışdığı komandalarLotus
İştirak (Start)73 (72)
Çempionluq2 (1963, 1965)
Qələbə25
Podium32
Xal255 (274) *
Poul33
Sürətli dövrə28
İlk yarışıHollandiya Qran Prisi, 1960-cı il
İlk qələbəsiBelçika Qran Prisi, 1962-cı il
Son qələbəsiCənubi Afrika Qran Prisi, 1968-cu il
Son yarışıCənubi Afrika Qran Prisi, 1968-cu il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

Klarkın Formula1-də debütü 1960-cı il iyunun 6-da keçirilən Hollandiya Qran Prisinə təsadüf edir. Heç də pis yarışmayan sürücü son dövrələrdə boliddəki problemə görə yarışı dayandırmalı olur. Belçikada ilk xallarını qazanır, Portuqaliyada isə ilk dəfə podiuma yüksəlir. Növbəti mövsüm keçirilən İtaliya Qran Prisində isə Formula1 tarixinin ən faciəvi hadisələrindən birinin iştirakçısı olur.Volfqanq fon Trips və Cim Klarkın maşınları Parabolika döngəsində toqquşurlar. Fon Tripsin idarəetməni itirərək törətdiyi qəzada həm özü, həm də 15 azarkeş həlak olur. 1961-ci ildə 2 dəfə podiuma yüksələn Cim üçün növbəti mövsüm kifayət qədər uğurlu olur. Belçika, Britaniya və ABŞ-da qalib gələrək çempionatı ikinci yerdə başa vurur.

Cim Klark Belçika Qran Prisində. 1963-cü il

Cim 1963-cü ildə uzun müddət yenilənməyən rekorda imza atır – təqvimdəki 10 yarışdan 7-də, yəni, 70%-də qalib gəlir və ilk tituluna yiyələnir. Mövsüm ərzində qələbə qazandığı yeddi yarışdan birincisi olan Belçika Qran Prisi onun karyerasındakı ən yaxşı çıxışlarından biri hesab olunur. Belə ki, yağışlı və dumanlı havada səkkizinci yerdən start alan Cim yarışın lideri Qrəhəm Hill də daxil olmaqla, hamını keçərək birinciliyə yüksəlir. Yarışın 17-ci dövrəsində yağış daha da güclənir, lakin heç nə Cimi saxlaya bilmir. Bryus MakLarendən başqa bütün sürücüləri ən azı bir dövrə üstələyir və qalib gəlir. Cəmi altı nəfərin finişə çatdığını nəzərə alsaq, yarışın hansı şəraitdə keçdiyini müəyyən qədər təsəvvür etmək olar. Lakin indiki dövrdə yarış hakimləri trasda bir qədər su olduqda startı ləngidirlər…

Klark növbəti mövsümdə üç qələbə qazansa da, çempionluq yarışında Con Sörtiz və Qrəhəm Hilldən geri qalır. 1965-ci ildə isə yenidən zirvəyə qayıdır. İlk yeddi yarışdan 6-da qalib gəlir. Bu qələbələri ardıcıl qələbə hesab etmək olar, çünki İndianapolis 500 yarışında qatıldığı üçün ondan bir gün əvvəl baş tutan Monako Qran Prisində iştirak edə bilmir. Son üç yarışda xal qazana bilməməsi də onun turnir cədvəlindəki yerinə təsir etmir. İndianapolis yarışında da zəfər onun olur və Cim bu seriyada haradasa yarım əsrlik tarix ərzində qalib gələn ilk avropalı sürücü olur.

Cim Klark İndianapolis 500 yarışının qalibidir. 1965-ci il

1966-cı il ancaq ABŞ-dakı qələbə ilə əlamətdar olur. 1967-ci ildə isə qazandığı üç qələbə ilə yox, İtaliya Qran Prisindəki çıxışı ilə yadda qalır. Pouldan başladığı yarışa liderlik edən Cimin maşınının təkəri 12-ci dövrədə deşilir. Buna görə bütöv bir dövrəni deşilmiş təkərlə başa vuran şotland 16-cı yerə qədər geriləyir. Sonra isə rəqiblərini bir-bir keçən Cim yenidən liderliyə yüksələrək hamını təəccübləndirir. Lakin bəxt yenə də ondan üz döndərir – yarışın son dövrəsində yanacaq nasosunda problem yaranır, Cek Brəbhəm və Con Sörtiz onu keçirlər. Klark yarışı üçüncü yerdə tamamlaya bilir. Sörtiz isə cəmi 0.2 saniyə fərqlə finiş xəttinə birinci çatır.

1968-ci il… Mövsümün ilk yarışı Cənubi Afrika Respublikasında baş tutur. Cim Klarkdan möhtəşəm başlanğıc gəlir – pouldan başladığı yarışda qalib olur, eyni zamanda ən sürətli dövrəni də o vurur. Növbəti yarışa hələ 4 ay vaxt olduğundan Cim BOAC 1000 km yarışlarında iştirak edir. 1968-ci il aprelin 7-də Brənds Hətçdə keçirilən bu yarışlardan birində iştirak etməsi nəzərdə tutulan Cimə Hokkenhayma gəlmək tapşırılır. Komandanın Firestone ilə müqaviləsinə əsasən, onlar Formula2 yarışında iştirak etməli idilər. Yarışın iki hissədə keçirilməsi nəzərdə tutulur. Lakin birinci hissənin beşinci dövrəsində trasdan çıxan Cimin maşını ağaca çırpılır. Onun boynu sınır, kəllə sümüyündə çatlar əmələ gəlir. Gənc dünya çempionu xəstəxanaya çatmamış həyatını itirir.

Cim Klarkın qəzaya uğramış maşınının qalıqları

Qəzanın səbəbləri heç vaxt qəti olaraq müəyyən edilmir. Lakin tədqiqatçılar hadisəni arxa təkərlərin çıxması ilə əlaqələndirirlər. Onun ölümü idman dünyasını dərindən sarsıdır. Cimin dəfninə dünyanın hər bir yerindən insanlar gəlir. Kolin Çəpmən açıq şəkildə bildirir ki, ən yaxşı dostunu itirib. Mövsümün sonunda isə çempion onun komanda yoldaşı Qrəhəm Hill olur. Qəzaya səbəb kimi müxtəlif versiyalar səsləndirilirdi. Qəza yerində tədqiqatlar təyyarə qəzasında olduğu kimi aparılır və üç həftə davam edir. Sörtiz və Brəbhəm başda olmaqla, bir çox sürücülər əmin idilər ki, bu, Klarkın səhvindən baş verməyib. Onların fikrincə, Klark belə səhvə yol verəcək sürücü deyildi. Motor Sport jurnalının gənc müxbiri Endryu Marriott hadisəni belə qələmə alır: “O günlərdə Formula1-də ölüm hadisələri çox olurdu. Amma Cim Klark kimi parlaq istedadı və bacarığı olan birinin ölməsi? İnsanlar qəzanın arxa təkərlərə görə baş verdiyini hesab edirlər. Lakin Cosworth motorunun mexaniki ölçü vahidinin sıradan çıxmasının da buna səbəb olduğunu düşünənlər var”.

Qəzanın baş verdiyi yerdə onun xatirəsinə nəhəng abidə qoyulub. Dəyişikliklərdən sonra artıq həmin yer trasdan xeyli kənarda, meşəlik sahədə qalıb. Lakin oranı asanlıqla tapmaq mümkündür.

Cim Klarkın heykəli

Cim Klark qısa karyerasına böyük nailiyyətlər sığışdıra bilib. Öldüyü vaxt Formula1-in ən çox qələbə (25) və poul (33) qazanmış sürücüsü idi. O, ən çox Böyük Dəbilqə qazanan sürücüdür – 8 dəfə. İkinci yeri isə Alberto Askari və Mixael Şumaxer tuturlar – onlar beş dəfə buna nail olublar. Hər zaman Cim Klarkın bütün yarışlarda qalib gələcəyinə and içdiyi bildirilir. Düzdür, bunu etmək mümkün deyil. Lakin Cim çıxdığı hər üç yarışdan birində qalib gəlib. Podiuma 32 dəfə yüksəlsə də, bunların 25-də qalib gəlib. Ən maraqlısı isə odur ki, Cim Klark Formula1 karyerası boyunca cəmi bir yarışda – 1963-cü ildə keçirilən Almaniya Qran Prisində ikinci yeri tutub.

Təəssüflər olsun ki, Cim Klark da Formula1-in ilk illərindəki bir çox çempion kimi, diqqətdən kənarda qalan çempiondur. Ondan daha titullu on sürücü var, lakin artıq çoxdan bilirik ki, Formula1-də pilotun necəliyini təkcə titul sayı təyin etmir. Klarkın bir komandaya sadiq qaldığı qısa karyerasına nəzər saldıqda, statistikalara valeh olmamaq mümkün deyil. Kim bilir, o qəza olmasaydı, bəlkə də ən azı üçüncü çempionluğunu da əldə edəcəkdi.

Formula1 onun kimi bir idmançı gördüyü üçün şanslı idman növüdür, lakin təəssüflər olsun ki, biz onu canlı izləyə bilməmişik. Bunu desək, çox güman ki, heç kim bizi qınamaz: Cim Klark Formula1 tarixinin ən güclü beş sürücüsündən biridir…


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 4. 134
Teqlər , , , , , , , , ,
Paylaş

logo