Dinlədiyimizdə yarışları xatırladığımız musiqilər

Çoxumuz avtoidmanı, avtomobilləri və sürəti sevirik. Bəzilərimiz Formula1-i, bəzilərimiz okeanın o tayında keçirilən İndyCar-ı, bəzilərimiz MotoGP-ni, bəzilərimiz Dünya Dözümlülük Çempionatını, bəzilərimiz isə Dünya Ralli Çempionatını maraqla izləyirik. Lakin biz əminik ki, əksəriyyətiniz musiqiləri də sevirsiniz. Bəs sizin avtoidmanla bağlı mahnılardan xəbəriniz varmı? Yoxdur? F-1.az saytı olaraq bu musiqiləri nəzərinizə çatdırırıq.

1. Robbi Uilyams – Supreme

Robbi Uilyams bu mahnısının klipini fanatı olduğu Formula1 əfsanəsi Ceki Stüarta həsr edib. Britaniyalı ifaçı klipdə (klipdəki adı Bob Uilyams) üçqat Dünya Çempionuna qarşı mübarizə aparsa da, sonda gülməli bir hadisəyə görə çempionluqdan olur. Qəzetlərdən yazıların verilməsi klipi daha gözəl və maraqlı edib. Bundan başqa kombinezonlarda Good Year əvəzinə Bob’s Year loqolarının vurulması da maraqlı nüanslardandır.

2. Fleetwood Mac – The Chain

Bu mahnını çoxunuz bəlkə eşitməmisiniz, amma The Chain 1978-ci ildən bəri Formula1-in himni sayılır. Belə ki, mahnı ilk dəfə 1977-ci ildə oxunub və 1978-ci ildən etibarən BBC kanalında Formula1 verilişi başlayan zaman səsləndirilirdi. Bu ənənə 1997-ci ilə – BBC Formula1 yayımlarını dayandırana qədər davam etdi. Lakin Britaniyanın məşhur kanalı 2009-cu ildə Formula1-in yayım hüquqlarını yenidən aldı və fanlar verilişlərin yenidən bu musiqi ilə başlamasını istədilər. BBC isə fanların sözünü yerdə salmadı…

 

 

Bu klassik versiyası:

Bu isə müasir versiyası:

 

Burada isə BBC-nin Formula1-ə aid konsertində Fleetwood Mac qrupunu sabiq komanda rəhbəri və Formula1 şərhçisi Eddi Cordan barabanda müşayiət edir.

 

 

3. Corc Hərrison – Faster

The Beatles qrupunun ən sakit və səssiz üzvü olan Corc bu mahnı barədə belə demişdi: “Məqsədim uşaqların, yəni Codi Şekterin, Emerson Fittipaldinin və Niki Laudanın xoşuna gələcək bir mahnı yazmaq idi”. Əslində Hərrison barədə danışanda çox adam onun Formula1-ə olan sevgisini, Britaniya yarışlarından əvvəl sürücülər üçün evində verdiyi şənlikləri və Deymon Hillə karyerasının əvvəllərində məsləhətçilik etdiyini qeyd etmirlər.

 

 

4. Mark Knopfler – Speedway at Nazareth

Bu mahnı əsl avtoidmansevərlərə həsr olunub. Adından da göründüyü kimi mahnıda baş rolda Pelsinvanyada yerləşən və 1910-cu ildən 2004-cü ilə qədər fasilələrlə fəaliyyət göstərmiş Nazaret yarış trasından söhbət gedir. Bəzi iddialara görə, Mark bu mahnını yaxın dostu və keçmiş Formula1 sürücüsü Stefan Yohanssona həsr edib. Musiqinin sonundakı solonu dinlədikdə isə adam özünü bir yarışın içində hiss edir. Amma mahnının adını daşıdığı Nazaret trası artıq bir xarabalıqdan fərqlənmir…

 

 

5. Kris Ri – Saudade

Formula1-də sürücülərin şərəfinə də bəzi mahnılar yazılıb. Bunlardan ən gözəli isə, məncə, Kris Rinin üçqat Dünya Çempionu, 1994-cü ildə Dünyasını yarışda qəza edərək dəyişmiş Ayrton Sennanın xatirəsinə yazdığı Saudade (Darıxıram) mahnısıdır. Hansımız Ayrton Senna üçün darıxmırıq ki?

 

 

6. A Latchkey Requiem Ayrton Senna

Ayrton Sennayahəsr olunan mahnılar Saudade ilə bitmir. Əslində onun kimi böyük bir əfsanə üçün nə həsr eləsələr, azdır. Növbədə isə Ayrton Sennaya həsr olunmuş A Latchkey rekviyemidir. Musiqini dinlərkən gözünüzə braziliyalı sürücünün debütü, Toleman ilə 1984-cü ildə Monakoda göstərdiyi şou, 1988-ci ilin Yaponiya Qran Prisində sonuncu yerlərə düşsə də, yarışı qazanaraq çempion olması, 1992-ci ildə Monakodakı mükəmməl müdafiəsi, 1993-cü ildə Doninqton Parkda 40 saniyə ərzində 5-ci yerdən liderliyə yüksəlməsi və s. gələcək. Dinlərkən sadəcə gözlərinizi yumun…

 

 

7. DJ Visage – The Schumacher Song

Növbədə digər əfsanəvi sürücü – Mixael Şumaxerə həsr olunmuş bir musiqi var. Danimarkalı DJ Formula1-in rekordsmeni üçün elə bir mahnı hazırlayıb ki, dinlərkən özünüz də fərqində olmadan rəqs etməyə başlaya bilərsiniz.

 

8. Mika Sundqvist – Häkkisen Mika

Mixael Şumaxerə mahnı həsr edilsin, onun əzəli rəqibi Mika Həkkinenə yox? Finalndiyalı sürücü 98-ci və 99-cu illərdə Dünya Çempionu olmuş və 2000-ci ildə mübarizəni son yarışlara qədər davam etdirmişdi. Mixael Şumaxer də xatirələrində Həkknenin ən güclü rəqibi olduğunu dəfələrlə bildirib. Musiqidə də Mika Həkkinendən və onun rəqiblərinə qarşı apardığı mübarizədən bəhs edilir.

 

 

9. Melendi – Magic Alonso

Fernando Alonso Formula1-in İspaniyada tanınması üçün böyük işlər görüb. Belə ki, Alonso 2003-cü ildə Macarıstan yarışını qazanaraq, Formula1 tarixinin qələbə qazanan ilk ispaniyalı sürücüsü oldu. 2005-ci ildə qazandığı çempionluqdan sonra isə El Nano ləqəbli sürücü Pireney yarımadasında qəhrəman elan edildi və haqqında çoxlu mahnılar, dastanlar yazılmağa başladı. Biz sizin üçün o mahnılardan ən tanınmışını təqdim edirik.

 

10. Era – Mother

Doğrudur, bu mahnının avtoidmanla yaxından və ya uzaqdan əlaqəsi yoxdur, amma Silvester Stallone 2001-ci ildə Yarışçı (Driven) filmini çəkdikdən sonra avtoidmansevərlərin favoritlərindən biri oldu. Stallonenin ssenarisini yazdığı film elə də uğurlu alınmadı, hətta bərbad sayılırdı. Amma filmdə son yarışdan əvvəl olan səhnə, sürücülərin son yarışdan əvvəl son hazırlıqları insana təsir edir. Təbii ki, burada Era-nın da böyük rolu var.

 

 

11. Alister Qriffin – Just Drive

Bu mahnı əslində Formula1 üçün yazılmayıb, amma çıxdığı 2012-ci ildən bəri Sky Sport kanalında bütün yarış həftəsonunda bu mahnı verilir. Buna görə də F1 həvəskarlarının əsas favoritlərindən biri sayılır. Qriffinin Just Drive deməsi isə sizi yarış üçün həyəcanlandırmağa bəs edir.

 

 

12. Alister Qriffin – You Are Always No. 1

Əslində bu mahnı da Formula1 üçün yazılmayıb. Amma Sebastyan Fettel 2012-ci ildə üçüncü titulunu qazandıqdan sonra bu mahnı ona həsr edildi və almaniyalı sürücünün fanlarının əsas favoritlərində birinə çevrildi.

 

 

13. Qəri Nyumən və ya Fear Factory – Cars

Dinləyəndə bizi həyəcanlandıran, yarışda hiss etdirən daha bir musiqi. Əslində bu mahnını ilk dəfə 1979-cu ildə Qəri Nyumən ifa etsə də, Fear Factory qrupu musiqini yarış həvəskarlarına sevdirib. Xüsusən də, Test Drive 6 oyununu oynayanlar bu mahnını çox gözəl xatırlayırlar.

 

https://youtu.be/Ldyx3KHOFXw

 

 

14. Devid Qetta – Dangerous

Devid Qettanın bu klipi bizə bir az Robbi Uilyamsın Supreme mahnısını xatırladır. Klipdə Qettanın əsas rəqibi isə Ceyms Purefoydur. Məşhur DJ bu klipdə Lotus-un 2012-ci il bolidi E20-ni idarə edir. Klipin əvvəlində rəqiblərin bir-birini görməyə gözü olmasa da, sonda dost olurlar. Podiumun son pilləsini isə Roman Qrojan tutur.

Klipin əvvəlində isə deyilən bəzi sözlər Formula1 əfsanələrini xatırladır – “Əgər ikinci olsan, sən məğlubların öndə gedəni sayılırsan” (İkinci olan ilk məğlub olandır – Ayrton Senna).

P.S. Klip çəkilən dövrlər Lotus komandası pis vəziyyətdə idi və 2014-cü ildə podium görməmişdi. Təbii ki, britaniyalıların 2013-cü ildə 14 podium qazandıqdan sonra 2014-cü ildə cəmi 3 yarışda xal qazanmasını fanları həzm edə bilmirdi. Bu klipdən sonra isə fanlar özlərinə kiçik bir təsəlli verdilər – “Nəhayət ki, Lotus da podiuma yüksələ bildi”

 

 

14. The Nadas – Walk Away

Bu mahnını çoxunuz bilmirsiniz. Əslində normaldır. Bu mahnı 2005-ci ildə Fransada yayımlanmağa başlayan və 2010-cu ilə qədər davam edən Pinks verilişinin ən məşhur saundtreklərindəndir. Verilişdə küçə yarışları keçirilirdi. Yollar qanuna əsasən bağlanırdı və küçə yarışları keçirilirdi. Yarışdan əvvəl rəqiblər bir-birilərilə avtomobillərinin sənədlərini dəyişidrirdilər. Qaydalara əsasən, qalib gələn tərəf məğlub olanın avtomobilini götürürdü.

 

https://youtu.be/AHQ62POZNqw

 

15. Tina Törner – Simply The Best

Bu mahnı 1991-ci ildə çartlara çıxıb. Amma amerikalı müğənni 1993-cü ildə Avstraliyada konsert verərkən, Formula1-in ən böyük əfsanəsi sayılan Ayrton Senna da zalda idi. Bu vaxtı Törner braziliyalı sürücünü yanına çağıraraq, bildirdi ki, indi oxuyacağı mahnı məhz onun üçün yazılıb və Simply The Best mahnısını ifa etməyə başladı. Təxminən bir ildən sonra isə Senna dünyasını dəyişdi və bundan sonra üçqat Dünya Çempionunun fanları onu yad edərkən, bu mahnını oxumağa başladılar.

 

https://youtu.be/sYZEVBA4cAs

 

16. Jorj Bize – Les Toreadors

Yazımızı isə yarışlarda olduğu kimi Les Toreadors simfoniyası ilə bağlayırıq. Əminəm ki, bütün Formula1 həvəskarları bu şah əsəri Formula1 yarışlarından sonra podium mərasimində eşidiblər. Hətta bu musiqiyə yarış qaliblərinin himni də demək olar.

 

, , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*