17 Dekabr 2017, Bazar - 12:08

Daniel Rikkardo Bakıya səfər edib

Daniel Rikkardo Bakıya səfər edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:03 - 30 Noyabr, 2017

Bu ilin yayında baş tutmuş sonuncu Azərbaycan Qran Prisinin qalibi xoş xatirələri yada salmaq üçün paytaxtımıza səfər edib.

Formula1 üzrə 2017-ci ilin Dünya Çempionatı baş çatdıqdan dərhal sonra Red Bull komandasının pilotu Daniel Rikkardo dünən Bakıya gəlib. Çempionatı 5-ci yerdə başa vuran D.Rikkardo ötən yay Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı birinci bitirməklə builki çempionatda qazandığı yeganə qələbənin sevincini təkrar yaşamaq üçün Azərbaycanın paytaxtına səfər edib.

F-1.az xatırladır ki, Formula1 təqvimində yer alan ən yeni şəhər trası olan Bakı Şəhər Halqası bu yay Dünya Çempionatının ən həyəcanlı və ən dramatik yarışına ev sahibliyi etmişdi. Avtoidman tarixinin unudulmaz günlərindən biri sayılan bu yarışda Red Bull pilotu möhtəşəm çıxış nümayiş etdirərək podiumun ən yüksək pilləsinə çıxmışdı. Sıralanma turunda keçirdiyi qəza nəticəsində yarışa 10-cu yerdən başlayan D.Rikkardo trasda olan qırıntılara görə bolidin əyləc sisteminin həddindən artıq qizması səbəbindən 5-ci dövrədə pit-stop etmək məcburiyyətində qalmışdı. Buna baxmayaraq, o böyük əzm nümayiş etdirərək itirdiyi mövqeləri təkrar qazanaraq yarışı ən öndə başa vurmuşdu. Onun təbəssümlü üzündəki qələbə sevinci heç vaxt Bakıdakı qədər olmamışdı.

Lyuis Həmiltonla Sebastyan Fettelin 15-ci döngədə toqquşması son illərin yarışlarında qeydə alınmış ən yaddaqalan hadisələrdən biri olmuşdu və həmçinin, 18 yaşlı Ləns Stroll məhz bu yarışda Formula1 tarixində podiuma çıxan ən gənc debütant adını qazanmışdı. Bu məqamlar Azərbaycanın paytaxtı Bakı şəhərinin gözoxşayan mənzərəsi fonunda və Formula1 təqvimində yer alan ən çətin traslardan biri olan Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı unudulmaz etmişdi.

D.Rikkardo Bakıya səfərinin ilk günündə möhtəşəm qələbə qazandığı trasda gəzintiyə çıxıb və trasın ən maraqlı yerlərinə, o cümlədən Formula1 tarixində ən əlamətdar yerlərdən birinə çevrilmiş 7.6 metrlik ən ensiz hissəyə – İçəri Şəhər divarlarının yanından keçən 8-11-ci döngələrdəki hissəyə baş çəkib. Həmçinin, o, Bakının tarixi Qız Qalasının yaxınlığında yerləşən 18-ci döngədə və trasın gözəl mənəzərəyə sahib dənizkənarı bulvara paralel olaraq uzanan “iki istiqamətli” hissəsində də olub.

Tras gəzintisindən başqa D.Rikkardo Çempionlar Liqasında mübarizə aparan ilk Azərbaycan komandası Qarabağ FK-nın heyəti ilə də görüşüb. Red Bull pilotunun ziyarəti zamanı komanda gələn həftə AS Roma ilə keçirəcəyi növbəti görüşə hazırlıqlarını davam etdirirdi. Burada Red Bull pilotu komandanın təlim-məşq keçirdiyi meydana çıxaraq öz futbol bacarığını nümayiş etdirib.

Bakıya səfər edən D.Rikkardo yenidən bu şəhərdə olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq həqiqətən də çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı keçən yarışda iştirak etməmişəm. Yarışa 10-cu yerdən başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda önə keçərək qələbə qazandım. Bu hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda bu yarış çox əyləncəli idi. Bu Qran Pri mənim ən çox sevdiyim yarışlardan birinə çevrilib. Mən şəhər traslarında yarışmağı sevirəm və bu tras olduqca sürətlidir. Burada olduğum hər səfərdə, bu gün də daxil olmaqla, böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bu şəhər həqiqətən çox gözəldir və avtoidmanın yeni azarkeşlərinə burada bizim təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur. Mən apreldə yenidən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu səfər yarışa daha ön sıralardan başlayaraq, təkrar qələbə qazanacam!”

Red Bull pilotu D.Rikkardo səfər çərçivəsində tras gəzintisi ilə yanaşı Bakıda yerli azarkeşlər, media nümayəndələri və BŞH-nin kollektivi ilə silsilə görüşlər keçirəcək…

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 50
Teqlər , , , , ,
Paylaş

logo