20 Oktyabr 2018, Şənbə - 13:39

Dakar-2018, 2-ci gün: Peugeot və KamAZ liderliyi ələ alıblar

Dakar-2018, 2-ci gün: Peugeot və KamAZ liderliyi ələ alıblar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:02 - 08 Yanvar, 2018

Sayca 40-cı dəfə keçirilən əfsanəvi ralli marafonun ikinci günü arxada qalıb – liderlər yavaş-yavaş özlərini göstərirlər…

F-1.az bildirir ki, yubiley yarış daha çətin marşrut üzrə keçirilir və uzunluğu 267 kilometr olan dövrəvi 2-ci mərhələnin 90%-nin qumlu olması bunu bir daha sübut edir.

Bu dəfə marafona əvvəlcə avtombillər başlayıblar, ona görə də naviqasiya problemləri ilə də onlar üzləşiblər. Bu şəraitdə Peugeot-nun ulduz heyəti fərqlənib. Günün ən yaxşı nəticəsini isə Siril Depre göstərib – motosiklet üzərində Dakarın çoxsaylı qalibi avtomobilin sükanı arxasında ikinci qələbəsini qazanıb. Bu qələbə sayəsində Siril ümumi hesabda liderliyə yüksəlib.

Finişdə ikinci nəticəni Stefan Petransel göstərib – Dakarın canlı əfsanəsi komanda yoldaşına cəmi 48 saniyə uduzub, ümumi hesabda isə fərq yarım dəqiqənin altındadır. Ralli üzrə 9 qat dünya çempionu Sebastyen Löb bu dəfə 3-cü olub, amma ümumi hesabda fransalı sürücü Toyota-dan Jinel de Vilyersə uduzur. Hərçənd, Löb Depredən cəmi 6 dəqiqə geri qalır.

Peugeot-nun dördüncü sürücüsü, ralli üzrə ikqat dünya çempionu Karlos Sayns hələlik özünü göstərə bilməyib. Dünən yalnız 6-cı olan ispaniyalı veteran ümumi hesabda 8-cidir. İlk mərhələnin qalibi Toyota-nın sürücüsü Nasser əl Attiya bu dəfə problemlərlə üzləşib və ümumi hesabda 6-cı yerə geriləyib.

Motosikletçilərin yarışında Honda-dan Xuan Barreda fərqlənib – Xuan Dakarda artıq 20-ci qələbəsini qazanıb və bu qələbə sayəsində ümumi hesabda liderliyi ələ alıb. Dünən finişdə 2-ci olan Yamaha-dan Adriyen van Beveren elə ümumi hesabda da ikincidir. İlk mərhələnin qalibi KTM-dən Sem Sanderlənd geriləyərək 4-cü yerə düşüb. İkinci mərhələdə KTM sürücüləri, ümumiyyətlə, dominantlıq edə bilməyiblər.

Kvadrosikletlərin yarışında dəyişiklik yoxdur – İqnasio Kasale ikinci ardıcıl qələbəsini qazanıb və yenə də ikinci olan Sergey Karyakini artıq 2 dəqiqədən çox üstələyir. Ümumi hesabda 3-cü olan Pablo Kopetti 12 dəqiqə liderə uduzduğu üçün mübarizənin elə ilk iki sürücü arasında gedəcəyi artıq aydındır.

Eduard Nikolaev, KAMAZ Master, Dakar

 

Yük maşınlarının yarışında isə Dakarın son qalibi – KamAZ Master komandasının sürücüsü Eduard Nikolayev liderliyi ələ alıb. Eduard rəqiblərinin problemindən ustalıqla yararlanıb və hazırda böyük üstünlüklə marafona başçılıq edir. Tatra-nın sürücüsü Aleş Loprays rusiyalı sürücüyə 5 dəqiqə uduzur, İveco-dan Federiko Villaqra isə hələlik 3-cüdür.

Bu gün axşam marafonun 3-cü mərhələsinə start veriləcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Dakar
Mənbə
Baxış Sayı 594
Teqlər , ,
Paylaş

logo