16 Oktyabr 2018, Çərşənbə axşamı - 22:57

Ç.Uaytinq Bakıda mətbuat konfransı keçirib

Ç.Uaytinq Bakıda mətbuat konfransı keçirib

Müəllif: Elçin Zodorov, redaktor

13:27 - 08 İyun, 2016

Bakıda keçiriləcək Avropa Qran Prisinə 10 gündən də az vaxt qalır. FİA-nın yarış direktoru Çarli Uaytinq iki gün əvvəl Bakı Şəhər Halqasının növbəti təftişini edib.

F-1.az xəbər verir ki, trası başdan-ayağa gəzən Uaytinq görülən işlərlə tanış olduqdan sonra Hilton otelində mətbuat-konfransı keçirib.

Çarli Uaytinq: “Trasdakı son vəziyyətlə tanış oldum. Sonuncu gəlişimdən düz bir ay keçib və bu müddət ərzində trasda böyük həcmdə işlər görülüb. Hazırlıqlar qaydasında gedir. Bunu etmək çox çətin idi, çünki bu şəhər trasıdır və sakinlər bu yollardan gündəlik istifadə edirlər. Görüləcək çox az iş qalıb. Bəzi döngələrdə porebriklər qaydaya salınmalıdır. İşlər çox yüksək standartlara uyğun olaraq görülüb və bu, məni valeh edir. Sonuncu təftiş gələn həftənin 2-ci günü olacaq”.

FİA-nın rəsmi nümayəndəsi həm də saytımızın suallarını cavablandırıb:

  • Halo sisteminin tətbiqinə nə vaxt qərar veriləcək və bu sistem pilotun təhlükəsizliyini nə dərəcədə təmin edəcək?

Çarli Uaytinq: Halo sisteminin tətbiqi ilə bağlı qərar iyul ayında veriləcək. Biz bolidi 220 km/saat sürətlə hərəkət edərkən Halonun üzərinə təkərin düşməsini sınaqdan keçirdik və nəticələr bizi qane etdi.

  • Monakoda gördüyümüz hadisə – lyukların qapağının qopması Bakıda təkrar olunmayacaq ki? Yəni lyukların qapağını yaxşı yoxlamısınız?

Çarli Uaytinq: Doğru xatırlatdınız, bu cür hadisə yolverilməzdir. Əgər trasda lyuklar varsa, biz ya onun üstünü tamamilə asfalt qatı ilə bağlayırıq, ya da qaynaq işləri aparırıq. Tam əminliklə deyə bilərəm ki, həmin hadisə Bakıda təkrarlanmayacaq.

  • Trasımızda iki təhlükəli zona var – Neftçilər prospektindəki ikiyə bölünmüş hissə və Əziz Əliyev küçəsində yerləşən ən dar hissə. Bu hissələrdə görülmüş təhlükəsizlik tədbirlərindən razı qaldınızmı?

Çarli Uaytinq: Mən görülmüş təhlükəsizlik tədbirlərindən tamamilə məmnunam. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz həmin hissələrdəki təhlükəsizliklə bağlı məsələləri 2 ilə yaxındır ki, müzakirə edirdik. Nə etmək mümkündürsə, hamısı edilib. Bütün işlər yüksək səviyyədə görülüb. Düz buyurursuz, 8-ci döngədən 11-ci döngəyə qədər olan hissə ən dar hissə sayılır. Həmin hissədə hər hansı bir insident baş verərsə, yarışın dayandırılması mümkündür. Amma hər şey ən qısa zaman kəsiyində həll olunacaq. 

  • Bir qədər əvvəl Bakı yağışının şahidi oldunuz, belə bir yağış altında yarış keçiriləcəkmi? Təhlükəsizlik təmin olunacaqmı?

Çarli Uaytinq: Biz bundan da güclü yağış görmüşük və yarış istənilən havada keçiriləcək. Yağış təkərləri optimal çalışırlar. Onların protektorları kifayət qədər suyu maşının altından təmizləyə bilir. Yəni şəhər trasında yağış elə də qorxulu deyil. Təhlükəsizlik tədbirlərinə gəlincə, havadan asılı olmayaraq, bütün təhlükəsizlik tədbirləri görülüb və hər bir hal nəzərə alınıb. Ümid edirəm ki, hər şey yaxşı olacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 556
Teqlər , , ,
Paylaş

logo