C.Batton: “Həmilton ən sürətlidir, amma Alonso ən güclüdür”

McLaren Honda komandasının sürücüsü Censon Batton bildirib ki, Alonso onun karyerası ərzində ən güclü komanda yoldaşıdır.

F-1.az xatırladır ki, Censon Batton 2000-ci ildən bəri yarışır və karyerası ərzində Ralf Şumaxer, Cankarlo Fizikella, Yarno Trulli, Jak Vilnöv, Takumo Sato, Rubens Barrikello, Lyuis Həmilton, Əntoni Dəvidson, Kristian Klin, Serxio Peres, Kevin Maqnussen, Fernando Alonso və Stoffel Vandorn kimi sürücülərlə komanda yoldaşı olub.

Batton bu yaxınlarda 300-cü Qran Prisinə çıxacaq. Britaniyalı sürücü buna görə çox həyəcanlıdır: “Formula1-i fərqli tərzdə yaşadım. V10, V8 və V6 mühərriklərdən istifadə etdim. Bir neçə fərqli qayda dəyişiklikləri ilə mübarizə apardım. Bu qədər dəyişiklik görmüş az sürücü var və digərlərinin əldə edə bilmədiyi təcrübələr qazandığım üçün xoşbəxtəm. 300-cü yarışa çatmaq üçün çətin yollar keçdiyimi bilirəm. Bu doğrudan da xüsusi və maraqlı statistikadır”.

Censon Batton bildirib ki, Alonso ilə işlədiyinə görə məmnundur: “Fernando çox ağıllı və xarizmatik adamdır. Təkcə bu deyil, o, eyni zamanda çox istedadlı sürücüdür. O, ikiqat Dünya Çempionudur və daha sonrakı illərdə də Çempion olmağa çox yaxın idi. Alonsonun çatışmayan cəhəti yoxdur. Yarışda da, sıralanma turunda da çox sürətlidir. Həmişə rəqabətədavamlıdır və buna görə də Alonso mənim üçün çətin rəqiblərdən biridir. Hər həftəsonu aramızda çətin mübarizə olur və bu, mənim üçün yaxşı testdir. O yaxşı dostdur. Ondan yaxşı komanda yoldaşım olmayıb”.

Batton Həmilton və Alonsonu müqayisə edib: “Lyuis bəlkə sıralanma tempinə görə güclüdür, amma sıralanma tempinə görə çempionluq əldə edilmir. Fernando hərtərəfli sürücüdür. Bütün komanda yoldaşlarımdan daha güclü sürücüdür”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*