23 Oktyabr 2017, Bazar ertəsi - 02:35

C.Batton 36 yaşını qeyd edib

C.Batton 36 yaşını qeyd edib

Müəllif: Elçin Zodorov, redaktor

07:36 - 20 Yanvar, 2016

Dünən 2009-cu ilin dünya çempionu Censon Battonun 36 yaşı tamam olub.

Censon Aleksandr Lions Batton 1980-cı ilin yanvar ayının 19-da İngiltərənin Frum şəhərində anadan olub.

Sürücülük karyerasına 8 yaşında kartinqdə başlayan Batton, sonralar British Formula Ford və British Formula3 yarışlarında çıxış edib. Formula1-ə gəlişi isə 2000-ci ilə təsadüf edir.

Formula1-də Williams komandasında debüt edən ingilis pilotun debüt ilində ən yaxşı nəticəsi Almaniya Qran Prisindəki dördüncülük olur. Mövsümü 12 xalla 8-ci yerdə başa vurur. Növbəti mövsümdə Benetton komandasına keçir və cəmi 2 xalla 17-ci ola bilir. 2002-ci ildə Renault-da (bir il əvvəl üzvü olduğu Benetton komandası) çıxış edir. Yekunda 14 xal toplayan Censon 7-ci yeri tutur.

2003-cü ildə BAR Honda komandasına keçir. 2003-cü ili 17 xalla 9-cu yerdə başa vuran pilot üçün 2004-cü il uğurlu alınır. Malayziya Qran Prisində karyerasında ilk dəfə podiuma yüksələn Batton bu uğuru mövsümün gedişində daha 9 dəfə təkrarlayır və yekunda 85 xalla 3-cü olur. Bir sıra çətinliklərlə keçən 2005-ci il mövsümündə 37 xalla 9-cu olur.

2006-cı il Batton üçün əlamətdar olur. Unudulmaz Macarıstan Qran Prisində karyerasının ilk qələbəsini qazanan Honda pilotu Malayziya və Braziliyada podiuma yüksəlir və mövsümü 56 xalla 6-cı yerdə yekunlaşdırır. 2007-ci ildə 6 xalla 15-ci, 2008-ci ildə isə 3 xalla 18-ci olur…

2009-cu il isə pilotun karyerasına qızıl hərflərlə yazılır. Brawn GP komandası mövsümöncəsi testlərdən üstün görünürdü. Bir çoxları bunu sponsor cəlb etmək üçün boş çənlə vurulmuş sürətli dövrələr hesab edirdi. Amma ilk yarışlardan komanda özünü sübut edir. Batton ilk 7 yarışın 6-nı qələbə ilə başa vurur. Türkiyə Qran Prisindən sonra mövsümün sonuna qədər qələbə qazana bilməsə də, liderliyini qoruyur və 95 xalla karyerasındakı ilk və hələ ki, yeganə çempionluq titulunu qazanır.

2010-cu ildən etibarən pilotun bu gün də davam edən McLaren karyerası başlayır. Yeni komanda ilə ilk ilində 2 qələbə qazanan pilot 7 dəfə podiuma yüksəlir və yekunda 214 xalla 5-ci olur. 2011-ci ildə 3 qələbə qazanır, 12 yarışı ilk 3-lükdə tamalayır. Kanada Qran Prisində yarışın gedişində ən arxaya düşməsinə baxmayaraq 2-ci yerə qədər irəliləyir. Yarışın son dövrəsində Fettelin səhvindən istifadə edərək liderliyə yüksəlir və qalib gəlir. Mövsümü 270 xalla 2-ci yerdə başa vurur. 2012-ci ildə 3 dəfə qalib gələn pilot 6 dəfə podiuma yüksəlir. Mövsümün son yarışı olan Braziliya Qran Prisində hələ ki, sonuncu olan qələbəsini qazanır…

2013-cü il çox da uğurlu keçmir. 73 xal toplayan pilot mövsümün yekununda 9-cu ola bilir.

2014-cü ildə turbo mühərriklərinə keçid onun komandası McLaren üçün uğurlu alınmır. Baxmayaraq ki, güclü Mercedes mühərrikləri ilə təchiz olunmuşdular. Mövsümün ilk yarışı olan Avstraliya Qran Prisində 3-cü yeri tutur ki, bu, onun mövsüm ərzində ən yaxşı nəticəsi olur. Sonda 126 xal toplayan pilot 8-ci yeri tutur.

Arxada qoyduğumuz mövsüm isə, McLaren komandası üçün gözlənilənlərdən daha pis keçir. Honda mühərrikləri ilə çıxış edən komanda demək olar ki, bütün yarışlarda etibarlılıq və sürət cəhətdən çox zəif təsir bağışlayır. Dörd yarışı xalla başa vuran Batton yekunda 16 xal toplayır və mövsümü komanda yoldaşı Fernando Alonsonun bir pillə önündə, 16-cı yerdə başa vurur.

Censon Batton ən çox yarışa çıxmış 3-cü pilotdur (hazırda karyerasını davam etdirən pilotlar arasında birinci). 284 yarışda start alan pilot yalnız Rubens Barikello (322) və Mixael Şumaxerdən (306) geri qalır.

Çıxdığı 284 yarışda 15 dəfə qalib gəlib, 50 dəfə podiuma yüksəlib. 8 dəfə poul qazanan Batton 8 dəfə də ən sürətli dövrəyə imza atıb.

Censon Batton Lyuis Həmilton və Fernando Alonsonu komanda yoldaşı kimi məğlub etməyi bacarmış yeganə pilotdur.

Uzun illər yaponiyalı modelyer Cessika Miçibata ilə münasibətdə olan və bir il əvvəl evlənən Censon, 2015-ci ilin dekabr ayında boşanıb.

Bir çox pilot kimi, o da Monakoda yaşayır.

F-1.az saytı adından xüsusilə yağışlı havalardakı gözəl çıxışı, ağıllı qərarları ilə seçilən Çempionu təbrik edirik. Ona karyerasında uğurlu davam arzu edir, gözəl çıxışı ilə zövqümüzü oxşamağa davam edəcəyinə inanırıq.

 

 

 

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 473
Teqlər , , , , , , , , , , , , , , , , , , , , , ,
Paylaş

logo