Britaniyalı gənc sürücünün ayaqları amputasiya olunub…

Britaniyanın Doninqton trasında Formula4 milli çempionatının növbəti yarışında keçirdiyi ağır qəzadan sonra həkimlər Billi Monqerin ayaqlarını xilas edə bilməyiblər.

F-1.az xatırladır ki, gənc sürücülərin bu çempionatda yarışları müxtəlif milli mərhələlərin dəstək yarışları kimi keçirilir. Bu dəfə Doninqtonda gənc sürücülər WTCC çempionatına dəstək vermək üçün bir araya gəliblər.

JHR Developments komandasının 17 yaşlı sürücüsü Monqer sıx qrupda mübarizə aparıb. Bu zaman öndə olan Carlin komandasının finlandiyalı sürücüsü Patrik Pasma yavaşlayıb, arxada olan sürücülər son anda ona çırpılmaqdan qurtula bilsələr də, Monqer bunu edə bilməyib və tam sürətlə rəqibinə çırpılıb.

https://www.youtube.com/watch?v=z_6FlFW_no8

 

İnsidentdən sonra xilasedicilər iki saat ərzində Monqeri maşından çıxara biliblər. Ayaqlarından ağır zədələr alan sürücü Nottingemin Kral Tibbi Mərkəzinə çatdırılıb, təəssüf ki, həkimlərin səyi heç bir nəticə verməyib və sürücünün ayaqları dizdən aşağı amputasiya olunub.

JHR komandasının başçısı Stiven Hanter Justgiving saytında səhifə açaraq, gənc sürücünün bərpa prosesinə vəsait toplayır.

Billi Formula4-də 2-ci mövsümünü keçirirdi və 5 yarışdan sonra 2 podiumla ümumi hesabda 6-cı yeri tuturdu. 2015-ci ildə britaniyalı sürücü Ginetta Junior çempionatını 5-ci yerdə tamamlamışdı.

Qəzada iştirak edən digər sürücü Pasma da xəstəxanaya çatdırılmışdı, amma sürücü ciddi zədə almadığı üçün bazar ertəsi evə buraxılmışdı.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*