23 Oktyabr 2017, Bazar ertəsi - 15:28

Braziliya-2016: Yarış

Braziliya-2016: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

23:45 - 13 Noyabr, 2016

Niko Rosberq mövsümün sondan əvvəlki yarışına 19 xal üstünlüklə gəlib – qələbə və ya Həmiltonu 7 xaldan çox fərqlə üstələyə biləcəyi hər hansı nəticə onu çempion edəcəkdi. Lyuisin qarşısında isə yarışı Nikonun önündə bitirərək çempionluq şansını Əbu Dabiyə daşımaq vəzifəsi dayanmışdı.

F-1.az xatırladır ki, Mercedes AMG sürücülərinin üstünlüyü artıq məşqlərdən görünürdü. Hətta qısa İnterlaqos trasında belə digər komandalarla fərqlər kifayət qədər böyük idi. Cümə günü protokollara Həmilton, şənbə günü səhər isə Rosberq başçılıq etmişdi. Sıralanma turunda isə Lyuis mövsümdəki 11-ci, karyerasındakı 60-cı poulunu qazanmışdı.

Lyuis və Niko ilk sıranı zəbt edərkən, onlardan arxadakı dörd yer uğrunda Red Bull və Ferrari sürücüləri mübarizə aparmış, bu mübarizədə Rəykkönen qalib gəlmişdi. Ferstappen yarışa dördüncü, Fettel və Rikkardo isə müvafiq olaraq beşinci və altıncı yerlərdən başlamağa haqq qazanmışdılar.

Pirelli Braziliyaya Hard, Medium və Soft üçlüyünü gətirib. Amma bazar günü səhərdən başlayan yağışa görə FİA yarışa yağış təkərləri ilə başlamağı tələb edib.

Sıralanma turunda mövsümdəki ən yaxşı nəticəsini göstərən Roman Qrojan boksdan start düzlüyünə gələrkən qəzaya uğrayıb və start almayıb.

Yarışın güclənməsi ilə əlaqədar stüardlar startı 10 dəqiqə ləngidiblər. Hava şəraiti dəyişməyib və start Təhlükəsizlik Maşınının (SC) arxasında verilib. Trasın bəzi yerlərdinə – xüsusilə də, 4-cü və 5-ci döngələrdə su çox olub və sürücülər bundan şikayət ediblər. Təhlükəsizlik Maşınının arxasında ilk onluq belə olub: Həmilton – Rosberq – Rəykkönen – Ferstappen – Fettel – Rikkardo – Hülkenberq – Peres – Alonso – Bottas.

SC 8-ci dövrədə trası tərk edib. Həmilton və Rosberq mövqelərini qoruyublar, Ferstappen isə Rəykköneni keçib. Massa Qutyerresi keçidə icazə verilməyən anda keçdiyi üçün bir qədər sonra cəzalandırılıb. Maqnussen və Batton pit-stopa yollanaraq trasa keçid təkərlərlə qayıdıblar. Fettel 11-ci dövrədə yerində fırlanaraq vaxt itirib. Dərhal pit-stop edən alman sürücünün arxa sol təkərinin taxılmasında gecikmə baş verib. Fettel də trasa keçid təkərlərlə qayıdıb. On ikinci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rosberq – Ferstappen – Rəykkönen – Rikkardo – Hülkenberq – Peres – Sayns – Nasr – Okon.

On üçüncü dövrədə Eriksson qəzaya uğrayıb. Onun maşını start düzlüyündə sağ divara çırpıldıqdan sonra yolun əks tərəfində – pit yolunun girişində dayanıb. Giriş məhdudlaşdığı üçün stüardlar pit-leynin girişini bağlayıblar. Lakin Ferstappen bundan əvvəl təkərlərini dəyişməyə imkan tapıb. Rikkardo isə yolun bağlandığı elan edildikdən sonra pitə yollandığı üçün 5 saniyə cəzalandırılıb.

Yarış SC-nin arxasında davam edib. Erikssonun maşını bir neçə dəqiqədən sonra təxliyə olunub. On yeddinci dövrədə pit-leyn açılıb. Yağış güclənib və Fettel yarışın qırmızı bayraqlarla dayandırılmasını istəyib. Lakin 20-ci dövrədə Maylander trası tərk edib və restart verilib. Təhlükəsizlik maşını trası tərk etdikdən bir neçə saniyə sonra Rəykkönen start düzlüyündə idarəetməni itirib və qəza edib. Onunla heç kim toqquşmayıb. Yarış qırmızı bayraqlarla dayandırılıb.

Yağış güclənməsə də, yağmağa davam edib. FİA yolu təftiş edib və yarım saatlıq gözləmədən sonra sürücülər SC-nin arxasında və yağış təkərləri ilə trasa qayıdıblar. Kvyatla toqquşan Palmerin maşını zədələndiyindən, Renault sürücüsü trasa qayıtmayıb. Daniilin maşınında da zədə olmasına baxmayaraq, yarışı davam etdirib. SC-nin arxasında ilk onluq belə olub: Həmilton – Rosberq – Ferstappen – Hülkenberq – Peres – Sayns – Nasr – Rikkardo – Okon – Verlyayn.

Hülkenberqin arxa sağ təkəri deşilib və pit-stop etməli olub. Yağışın güclənəcəyi proqnozlaşdırılıb və yarış 28-ci dövrədə yenidən qırmızı bayraqlarla dayandırılıb. Bu qərar tamaşaçılar tərəfindən etirazla qarşılanıb. Fasilə yenə də yarım saat davam edib və sürücülər Təhlükəsizlik Maşınının arxasında yağış təkərləri ilə bir daha trasa qayıdıblar. Üç dövrə sonra restart verilib və Massa dərhal keçid təkərlərini taxmaq üçün pit-stop edib. Həmilton liderliyini qoruyub, Rikkardo Nasr və Saynsı, Alonso Verlyaynı, Kvyat isə Massanı qabaqlayıb. Ferstappen xarici radiusla Rosberqi keçib və Həmiltona çatmağa çalışıb, lakin yarışın lideri dərhal tempini artırıb. Otuz yeddinci dövrənin sonunda ilk onluq belə olub: Həmilton – Ferstappen – Rosberq – Peres – Rikkardo – Sayns – Nasr – Alonso – Fettel – Okon.

Yarışın 39-cu dövrəsində səhvə yol verən Maks xeyli vaxt itirib, lakin Rosberqə qarşı mövqeyini qoruya bilib. Rikkardo pit-stopda cəzasını çəkdikdən sonra təkərlərini dəyişib, Fettel isə yeddincilik uğrunda mübarizədə Alonsonu qabaqlayıb. Keçid təkərlər yaxşı işlədiyindən, 44-cü dövrədə Ferstappen boksa yollanıb və təkərlərini dəyişdirib. Lakin bir qədər sonra yağış güclənib və keçid təkərlərində olan sürücülərin templəri aşağı düşüb. Rosberq Ferstappenlə eyni yerdə səhvə yol verib, lakin idarəetməni itirməyib. Buna baxmayaraq, alman sürücü təxminən 5 saniyə itirib. Yarışın 48-ci dövrəsində Massa qəzaya uğrayıb. Təhlükəsizlik Maşını növbəti dəfə trasa çıxıb. Maşın təxliyə edilənə qədər pit-leynə giriş qadağan edilib.

İnterlaqosda duyğulu anlar yaşanıb – əlində Braziliya bayrağı ilə azarkeşləri salamlayan Massa göz yaşlarını saxlaya bilməyib. Doğma trasda son yarışına çıxan sürücünü pit-leyndə bütün komandaların üzvləri alqışlayıb. Onu həyat yoldaşı və oğlu qarşılayıblar.

Yarışın 52-ci dövrəsində pit-leynə girişə icazə verilib. Rikkardo dərhal yağış təkərlərinə keçib, Ferstappen də üç dövrə sonra eyni addımı atıb. Onun təkəri yeni olmasa da, digər sürücülərlə müqayisədə, az işlənmiş olub. Restart verilib və Həmilton mövqeyini qoruyub. 56-cı dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rosberq – Peres – Sayns – Fettel – Nasr – Hülkenberq – Okon – Kvyat – Bottas.

Ferstappen yarışın son dövrələrində sürətini artırıb. Gənc sürücü əvvəlcə Bottas, Kvyat və Okonu qabaqlayıb. Qutyerres ERS sistemindəki problemə görə yarışı tərk edib. Esteban məyusluğunu çox emosional şəkildə bildirib və onu sakitləşdirməyə çalışan rəhbərliklə arasında gərginlik olub. Lakin bir qədər sonra hər şeyi yoluna qoyublar. Sonrakı dövrələrdə Maks Rikkardo, Nasr və Hülkenberqi ötüb. Yarışın 67-ci dövrəsində Saynsı qabaqlayan Maks daha sonra Fetteli keçib. Podiuma çıxmağa çox yaxın olan Peresin istəyi baş tutmayıb – hollandiyalı onu da keçib və üçüncü yerə yüksəlib. Xal qazanmağa yaxın olan Okon isə son dövrədə Alonso və Bottasa keçilərək ilk onluqdakı mövqeyini itirib.

Braziliya Qran Prisi tarixə düşəcək – yarış 3 saat davam edib və möhtəşəm alınıb. Həmilton karyerasındakı 52-ci, İnterlaqosda ilk qələbəsini qazanıb. Yarışı ikinci yerdə başa vuran Rosberq çempionatdakı liderliyini qoruyub – onların arasındakı xal fərqi 12-ə enib. Yarışın qəhrəmanı Ferstappen üçüncü olub. Red Bull Mühəndislər Kubokunda ikinciliyi təmin edib. Williams-ın xalsız başa vurduğu yarışda Force İndia sürücüləri dördüncü və yeddinci yerləri tutaraq komandanın Mühəndislər Kubokundakı dördüncülüyü üçün böyük addım atıblar. Yarışı doqquzuncu yerdə başa vuran Nasr Sauber-ə olduqca böyük əhəmiyyət daşıyan 2 xal qazandırıb – komanda Mühəndislər Kubokunda Manor-u qabaqlayıb.

Mövsümə iki həftə sonra Əbu Dabidə yekun vurulacaq. Son yarışda çempionun kim olacağına aydınlıq gələcək. Vaxt tez ötüb keçəcək…

YerNSürücüKomandaZamanPit
144Lyuis HəmiltonMercedes AMG3:01:01.3352
26Niko RosberqMercedes AMG+ 0:11.4552
333Maks FerstappenRed Bull+ 0:21.4815
411Serxio PeresForce İndia+ 0:25.3462
55Sebastyan FettelFerrari+ 0:26.3343
655Karlos SaynsToro Rosso+ 0:29.1602
727Niko HülkenberqForce İndia+ 0:29.8273
83Daniel RikkardoRed Bull+ 0:30.4865
912Felipe NasrSauber+ 0:42.6202
1014Fernando AlonsoMcLaren+ 0:44.4323
1177Valtteri BottasWilliams+ 0:45.2924
1231Esteban OkonManor+ 0:45.8092
1326Daniil KvyatToro Rosso+ 0:51.1924
1420Kevin MaqnussenRenault+ 0:51.5554
1594Paskal VerlyaynManor+ 0:60.4983
1622Censon BattonMcLaren+ 0:81.9945

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:25.305 (67-ci dövrə, 181.846 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Esteban QutyerresHaas60ERS
Felipe MassaWilliams48Qəza
Colion PalmerRenault20Qəza
Kimi RəykkönenFerrari20Qəza
Markus ErikssonSauber13Qəza
Roman QrojanHaasQəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
16Niko RosberqMercedes AMG F1 Team367
244Lyuis HəmiltonMercedes AMG F1 Team355
33Daniel RikkardoRed Bull Racing246
45Sebastyan FettelScuderia Ferrari197
533Maks FerstappenRed Bull Racing192
67Kimi RəykkönenScuderia Ferrari178
711Serxio PeresSahara Force İndia F1 Team97
877Valtteri BottasWilliams Martini Racing85
927Niko HülkenberqSahara Force İndia F1 Team66
1014Fernando AlonsoMcLaren Honda Formula 1 Team53
1119Felipe MassaWilliams Martini Racing51
1255Karlos SaynsScuderia Toro Rosso46
138Roman QrojanHaas F1 Team29
1426Daniil KvyatScuderia Toro Rosso25
1522Censon BattonMcLaren Honda Formula 1 Team21
1620Kevin MaqnussenRenault Sport Formula 1 Team7
1712Felipe NasrSauber F1 Team2
1830Colion PalmerRenault Sport Formula 1 Team1
1994Paskal VerlyaynManor Racing MRT1
2047Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes722
2Red Bull RacingTAG Heuer446
3Scuderia FerrariFerrari375
4Sahara Force İndia F1 TeamMercedes163
5Williams Martini RacingMercedes136
6McLaren Honda Formula 1 TeamHonda75
7Scuderia Toro RossoFerrari63
8Haas F1 TeamFerrari29
9Renault Sport Formula 1 TeamRenault8
10Sauber F1 TeamFerrari2
11Manor Racing MRTMercedes1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 076
Teqlər , , , , , , , , ,
Paylaş

logo