Böyük Britaniya Qran Prisi, 12.07.1998

F-1.az Formula1 tarixində özünəməxsus yeri olan yarışlar barədə material hazırlamağa davam edir. Bu gün söhbət açacağımız hadisə 1998-ci ilin bu gününə təsadüf edib. Amma əvvəlcə gəlin yarışöncəsi hadisələrin necə cərəyan etməsinə nəzər salaq.

1998-ci il mövsümü McLaren komandası üçün gözəl başlamışdı. Ədrian Nyuinin hazırladığı yeni maşınlar güclü Mercedes motorları ilə rəqiblərinə əlçatmaz olmuşdular. Ona görə də mövsümün yaz yarışları Uokinq komandasının dominantlığı ilə keçmişdi – Mika Həkkinen və Devid Kulthard 6 yarışda 5 dəfə qələbəyə sevinmişdilər. Amma Kanada və Fransada qazandığı ardıcıl qələbələr Mikanın uğursuzluğu fonunda Mixael Şumaxerin vəziyyətini xeyli yaxşılaşdırmışdı – Mixael mövsümün ilk yarısını finlandiyalı sürücüdən 6 xal geridə başa vurmuşdu.

Mövsümün ikinci yarısı Britaniyada əfsanəvi Silverstoun trasında başlayırdı. Şənbə günü sıralanma turunda Mika inamlı qələbə qazandı – finlandiyalı Mixaeli təxminən yarım saniyə üstələdi. Amma bazar gününə hava proqnozu yağış vəd edirdi və ekspertlər bu fərqin maşının sazlanmaları ilə bağlı olduğunu güman etdilər.

Gecədən yağan yağış startdan bir qədər əvvəl kəssə də, mexaniklər maşınları start düzlüyünə çıxararkən göyün üzünə baxırdılar – liderlər keçid təkərləri ilə start almağa üstünlük verdilər. Startda heç nə dəyişmədi – Mika poulun üstünlüyünü qoruyaraq ilk döngəyə lider kimi daxil oldu və bir neçə dövrə təkərlərini qızdırdaqdan sonra almaniyalı sürücü ilə fərqi artırmağa başladı. Mixaelin başı isə artıq McLaren-in digər sürücüsü Kulthardın hücumlarını dəf etməyə qarışmışdı – altıncı dövrədə şotlandiyalının hücumu uğurla başa çatdı və ikinciliyə yüksələn Devid komanda yoldaşının dalınca yollandı. Şumaxer gümüşü oxlara uduzurdu, xüsusən də damcılamağa başlayan yağış fərqin artmasına imkan yaratdı.

İki planlı pit-stopdan birincisi vəziyyəti dəyişmədi – amma Mika yağış təkərlərinə keçdi, DiSi isə keçid təkərlərində qaldı. Trasda şərait elə idi ki, hər iki təkər tərkibi eyni işləyirdi və McLaren sürücüləri yağış təkərlərində qalan Mixael üzərindəki üstünlüklərini artırmağa davam etdilər.

Yarışın ekvatoru arxada qalanda isə məlum oldu ki, təkər tərkibləri arasında fərq var – Kulthard növbəti dövrəvi sürücünü keçərkən kənara çıxmalı oldu və yerində fırlanaraq mübarizəni dayandırdı. İkinci yerə yüksələn Şumaxer həmin anda Həkkinenə 40 saniyə uduzurdu.

Düzdür, güclənmiş yağış altında səhvə yol verərək trasdan çıxdığı üçün Mika 10 saniyə itirməli oldu. Amma onun bəxti gətirdi ki, hələ yoluna davam edə bildi, çünki yağış çox güclənmişdi və hakimlər trasa Təhlükəsizlik Maşınını buraxmalı oldular. TM trası tərk etdikdən sonra məlum oldu ki, su ilə dolu olan trasda Mixaelin sürəti Mikadan daha çoxdur.

Mika müqavimət göstərməyə çalışsa da, trasdan çıxmalı oldu və Mixael liderliyi ələ aldı. Mixael hər dövrə 2-3 saniyə finlandiyalı sürücüdən sürətli idi, hamı ondan ardıcıl 3-cü qələbəni gözlədiyi halda zərbə hakimlərdən gəldi – finişə iki dövrə qalmış almaniyalı sürücü 10 saniyəlik Dayan və Get (Stop&Go) cəzası almışdı!

Cərimənin səbəbi nə idi? Bu suala hələ də dəqiq cavabı heç kim bilmir. Rəsmi protokolda deyilirdi ki, “Mixael sarı bayraqlar altında ötmə etmişdi”. Bəziləri güman edirdilər ki, almaniyalı sürücü TM-in arxasında hansısa dövrəvi sürücünü keçmişdi.

Dörd il əvvəl Silverstounda almaniyalı sürücü cəzalandırılmışdı, amma o zaman komandası yarış direktoru ilə uzun müddət mübahisə etdiyi üçün sürücüyə yarışda qara bayraq göstərilmişdi, yarışdan sonra isə daha ağır cəza əlavə olunmuşdu və iki yarışı da buraxmalı olmuşdu. Ona görə də bu dəfə Skuderiyanın texniki direktoru Ross Braun sürücüsünə bildirdi ki, cəriməni çəkmək üçün 3 dövrəsi var.

Şumaxer bunu eşidən kimi iki ardıcıl sürətli dövrə vurdu və pit-leynə yollandı. Amma hələ Ferrari mexaniklərinin yanında dayanmamış pit-leyndə finiş xəttini keçdi. Mixael trasa qayıtdı və 3-cü yeri tutduğunu güman edərək daha bir dövrə vurdu və yalnız komandası xəbər verdikdən sonra bildi ki, yarışda qalib gəlib.

McLaren bu nəticədən çox məyus olmuşdu, Ron Dennis hətta hakimlərin qərarından şikayət etmək istəyirdi. Amma Ross Braun bir daha özünü ağıllı mütəxəssis kimi göstərdi – qərar 58-ci dövrədə verilmişdi, qərarın yerinə yetirilməsinə 3 dövrə icazə verilir, yarış isə 60 dövrədən ibarət idi.

Ona görə də Mika bu dəfə ikinci oldu. Çempionatda isə onun üstünlüyü cəmi 2 xala düşdü.

Mixaelin pit-leyndə qələbəsi isə F1 tarixində bu günə qədər elə yeganə hal kimi qalmaqdadır…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*