Bəhreyn-2017: Sıralanma turu

Bu mövsüm rəqibləri Mercedes AMG-yə xeyli yaxınlaşıblar. İlk iki yarışda Lyuis Həmilton poulu qazansa da, Ferrari də poul uğrunda mübarizə aparırdı. İtalyanlar Bəhreyndəki həftəsonunu səbrsizliklə gözləyirdilər, çünki Ferrari bolidi isti havada daha yaxşı təsir bağışlayır.

F-1.az xatırladır ki, cümə günü birinci ikinci sərbəst yürüşlərdə Sebastyan Fettel liderlik etmiş, bu gün səhər keçirilən üçüncü sessiyada isə Maks Ferstappen hamıdan sürətli olmuşdu. Bu, hibrid motorlara keçiddən sonra Mercedes AMG sürücülərinin heç bir sərbəst yürüş sessiyasında protokollara başçılıq etmədiyi ilk həftəsonu olub.

İlk iki yarışı zədəsinə görə buraxmalı olan Paskal Verlyayn nəhayət ki, sükan arxasına keçib və Sauber-də debütünü edib. Onu ilk iki yarışda Antonio Covinatsi əvəzləmişdi.

Həftəsonu hava komandaların gözlədiyindən daha isti olub. Bu gün səhər məşqlərdə sürücülərə mane olan güclü şimal küləyi sıralanma turundan əvvəl sakitləşib. Pirelli Şanxayda olduğu kimi, bura da orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Medium təkərlərdən Bəhreyndə çox da əhəmiyyət daşımayan birinci və üçüncü sərbəst yürüşlərdə istifadə edilib. Soft və SuperSoft tərkibləri arasındakı fərq isə Şanxaydakı ilə müqayisədə, daha çox olub.

Bəhreyndə poulun sahibi olmaq çox da əhəmiyyətli  deyil – son 10 ildə yalnız üç dəfə yarışa öndən başlayan sürücü qalib gəlib.

Birinci sessiyada Mercedes AMG və Ferrari sürücüləri Soft, qalan bütün sürücülər isə SuperSoft təkərlərlə trasa çıxıblar. Həmilton ilk cəhddə 1:30.814-lük nəticə göstərərək ən sürətli olub. İkinci Ferstappen ona cüzi fərqlə uduzub. İlk altılıqda olan sürücülər ikinci cəhdlərindən imtina ediblər. Yeddinci yerdə olan Kimi Rəykkönen SuperSoft-la trasa qayıdıb. Lakin digər sürücülərin arxasında vaxt itirən finlandiyalı yalnız üçüncü ola bilib. Sessiyanın sonunda ilk sektorun rekordu ilə gələn Karlos Saynsın motoru qəfildən güc itirib və ispan sürücü maşını kənara çəkməli olub. Saynsla yanaşı, Stoffel Vandorn, Serxio Peres, Markus Eriksson və Kevin Maqnussen də mübarizəni dayandırıblar.

İkinci sessiyada bütün sürücülər SuperSoft təkərlərdən istifadə ediblər. Həmilton elə ilk cəhdindəcə komanda yoldaşı Valtteri Bottası cəmi 0.02 saniyə fərqlə üstələyib və protokollara başçılıq edib – 1:29.535. Fettelin nəticəsi də onlara çox yaxın olub. Güc qurğusunda problem olan Fernando Alonso nəticə göstərə bilməyib. Mercedes AMG, Ferrari və Red Bull pilotları ilə yanaşı, Felipe Massa da ikinci cəhddən imtina edib. Daniil Kvyat, Ləns Stroll, Paskal Verlyayn, Esteban Okon və Fernando Alonso üçüncü sessiyaya keçə bilməyiblər.

Son sessiyada Niko Hülkenberq, Roman Qrojan və Colion Palmer ilk cəhdlərindən imtina ediblər. Həmilton 1:28.792-lik nəticə ilə liderliyə yüksəlib. Bu nəticə ilə komanda yoldaşından kiçik fərqlə üstün olsa da, Fetteli yarım saniyə qabaqlayıb. İkinci cəhddə Lyuis nəticəsini yaxşılaşdıra bilməsə də, Valtteri ona ilk poulunu qazandıran dövrəsini vurub – 1:28.769.

Mercedes AMG sabahkı yarışa bu il ilk dəfə birinci cərgədən başlayacaq. İkinci və üçüncü cərgələri isə Ferrari və Red Bull sürücüləri zəbt ediblər. İtalyanlar əvvəlki iki Qran Pridə də yarış tempində Mercedes AMG-dən heç də geri qalmayıblar. Ona görə də sabah bizi olduqca gərgin yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 5 1:31.041 3 2 1:29.555 3 1:28.769 6
2 44 Lyuis Həmilton Mercedes AMG 1 1:30.814 4 1 1:29.535 3 1:28.792 6
3 5 Sebastyan Fettel Ferrari 4 1:31.037 3 3 1:29.596 3 1:29.247 6
4 3 Daniel Rikkardo Red Bull 10 1:31.667 3 7 1:30.497 3 1:29.545 6
5 7 Kimi Rəykkönen Ferrari 3 1:30.988 7 4 1:29.843 3 1:29.567 6
6 33 Maks Ferstappen Red Bull 2 1:30.904 3 6 1:30.307 3 1:29.687 6
7 27 Niko Hülkenberq Renault 6 1:31.057 6 5 1:30.169 6 1:29.842 3
8 19 Felipe Massa Williams 7 1:31.373 3 8 1:30.677 3 1:30.074 6
9  8 Roman Qrojan Haas 11 1:31.691 7 9 1:30.857 6 1:30.763 3
10 30 Colion Palmer Renault 8 1:31.458 6 10 1:30.899 6 1:31.074 3
11  26 Daniil Kvyat Toro Rosso 9 1:31.531 6 11 1:30.923 6
12 18 Ləns Stroll Williams 12 1:31.748 9 12 1:31.168 3
13 94 Paskal Verlyayn Sauber 14 1:31.995 9 13 1:31.414 6
14 31 Esteban Okon Force İndia 13 1:31.774 6 14 1:31.684 6
15 14 Fernando Alonso McLaren 15 1:32.054 6 15 2
16 55 Karlos Sayns Toro Rosso 16 1:32.118 5
17 2 Stoffel Vandorn McLaren 17 1:32.313 8
18 11 Serxio Peres Force India 18 1:32.318 7
19 9 Markus Eriksson Sauber 19 1:32.543 9
20 20 Kevin Maqnussen Haas 20 1:32.900 8
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*