22 Oktyabr 2017, Bazar - 22:54

Bakı Şəhər Halqası ASAN-la memorandum imzalayıb

Bakı Şəhər Halqası ASAN-la memorandum imzalayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:23 - 01 Mart, 2016

Bu ilin iyununda Azərbaycanda keçiriləcək Avropa Qran Prisinin promouteri olan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilə fevralın 29-da könüllülər fəaliyyəti sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.

F-1.az xəbər verir ki, memorandumu BŞH-nin insan resursları şöbəsinin rəhbəri İrana Əhmədova və Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev imzalayıblar.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Avropa Qran Prisinə hazırlığın plana uyğun getdiyini diqqətə çatdıraraq deyib: “Bu yarışlar futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra tamaşaçı baxımına görə üçüncü yerdədir. Çempionatın yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox insan seyr edir. Bakıda bu mötəbər yarış şəhər trasında keçiriləcək. Məhz Sinqapur, Monako və Melburnda da yarış şəhər mərkəzində təşkil edilir”.

Nigar Arpadarai Avropa Qran Prisinin ölkəmiz üçün əhəmiyyətindən danışaraq bildirib ki, yarış Azərbaycanın turizm sektorunda canlanmaya səbəb olacaq: “Dünyanın bir çox ölkələrindən turistlərin gələcəyi gözlənilir. Formula1 azarkeşləri üçün Bakı Qran Prisi çox maraqlı olacaq. Turistlər üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. “Formula1 Kəndi” əyləncəli proqramla bol bir məkan olacaq. Çalışacayıq ki, burada təkcə yarış deyil, həm də konsertlər və müsabiqələr də təşkil edilsin. Əsl festival ab-havası yaransın”.

asan1

İrana Əhmədova çıxış edərək ASAN xidmət ilə əməkdaşlığın Avropa Qran Prisinin keçirilməsinə böyük töhfə verəcəyini bildirib. Qeyd edib ki, ASAN xidmətin könüllüləri hər zaman öz intizamı, bacarıqları ilə seçilirlər və onlara tapşırılmış işləri yüksək səviyyədə yerinə yetirmək üçün əllərindən gələni edirlər. Məhz Avropa Qran Prisində belə könüllülərin iştirakı yarışın yüksək səviyyədə təşkil olunmasına rəvac verəcəkdir”.

Elvin Paşayev isə qeyd edib ki, ASAN xidmət ilə BŞH arasında bağlanan bu memorandum ölkədəki könüllülük hərəkatının daha geniş müstəvidə yayılmasına zəmin yaratmış olacaq. ASAN könüllülərinin bu önəmli yarışda könüllü kimi iştirakı onlarda mövcud bacarıqların daha da təkmilləşməsinə və beynəlxalq layihələr üzrə müxtəlif bacarıqların qazanılmasına şərait yaradacaq.

Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, bütün ASAN xidmət mərkəzlərində BŞH-nin “Könüllülük proqramı” və Avropa Qran Prisi ilə əlaqədar təbliğat işləri aparılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə “ASAN Xidmət” arasında əməkdaşlıq memorandumu imzalandı

Posted by ASAN Radio on Bazar ertəsi, 29 Fevral 2016


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər , , , ,
Paylaş

logo