14 Noyabr 2018, Çərşənbə - 15:29

Azərbaycan Qran Prisi üçün bilet satışına start verilib

Azərbaycan Qran Prisi üçün bilet satışına start verilib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:13 - 16 Oktyabr, 2018

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, növbəti Azərbaycan Qran Prisi üçün biletləri bu gündən etibarən bilet satış nöqtələrindən əldə etmək mümkün olacaq.

Onlayn şəkildə bilet əldə etmək istəyənlər isə bu həftə ərzində artıq www.bakucitycircuit.com saytına müraciət edə bilərlər (bununla bağlı dəqiq tarix haqqında əlavə məlumat isə daha sonra açıqlanacaq).

Qeyd edək ki, Bakıda növbəti Formula1 yarışı gələn il 26-28 aprel tarixlərində baş tutacaq.

Bundan əlavə, BŞH azarkeşlərə 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklif edir. Yanvarın 1-dək qüvvədə olacaq bu təklifdən sonra biletlərin satışı tam qiymətlə davam etdiriləcək. BŞH azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən tezliklə yararlanmağa çağırır.

Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dördgünlük biletlər azarkeşlərə trasda 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trasdan kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin, aprelin 25-də, cümə axşamı günü keçiriləcək Pit Yolu gəzintisində iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər F1 komandalarının qarajlarına səfər edərək pilotların, mühəndislərin və mexaniklərin ən unudulmaz yarışlardan birinə necə hazırlaşdıqlarının şahidi olmaq imkanı əldə ediblər.

BŞH-nin icraçı direktoru Arif Rəhimov yenidən möhtəşəm yarış həyəcanı yaşamaq istəyən Formula1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır.

Arif Rəhimov: “Dördüncü Formula1 yarışı üçün biletlərin satışa çıxarıldığını elan etməkdən böyük məmnunluq duyuruq. Hər il yarış üçün Bakıya səfər edən azarkeşlərin gəlişini yüksək qiymətləndiririk və inanırıq ki, ilkin endirim kampaniyası yerli sakinlərlə yanaş xarici vətəndaşları da biletləri mümkün olduqca tez bir zamanda əldə etməyə təşviq edəcək. Əvvəlki illərdə olduğu kimi ötən ildə də son zamanların ən möhtəşəm Formula1 yarışına ev sahibliyi etdik və bununla da, Bakı gözlənilməz yarışların məkanı ünvanını daha da güvvətləndirdi. Növbəti Azərbaycan Qran Prisində də gözlənilməyənləri gözləməyə davam edirik! Fürsətdən istifadə edərək bütün F1 azarkeşlərini endirim kampaniyasından tezliklə yararlanmağa dəvət edirəm”.

BŞH 4 günlük biletlər üçün təklif edilən endirim kampaniyasından əlavə 2-15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim edir. Nəzərinizə çatdıraq ki, bu kampaniya yalnız 4 günlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan 4 günlük biletlər ancaq böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər.

Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan bir günlük biletləri əldə edə bilərlər.

F-1.az sonda promouterin saytına istinadən bildirir ki, ilkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 AZN təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 AZN aralığındadır.


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 268
Teqlər , ,
Paylaş

logo