21 Oktyabr 2018, Bazar - 01:22

Azərbaycan-2018: Sürücülərin qiymətləndirilməsi

Azərbaycan-2018: Sürücülərin qiymətləndirilməsi

Müəllif: Elçin Zodorov, redaktor

10:16 - 09 May, 2018

Bakı Şəhər Halqası təqvimin ən çətin traslarından biri olduğunu iki ildir ki, göstərir. Bu il sürücülərin işlərini soyuq asfaltla yanaşı, güclü külək daha da çətinləşdirdi. Bəs hansı sürücülər daha yaxşı təsir bağışladı? F-1.az saytının qiymətləndirməsini təqdim edirik.

Şarl Lekler – 9

Azərbaycan Qran Prisinə 13-cü yerdən başlayan Şarl yekunda 6-cı yeri tutaraq həm komandasına vacib xallar qazandırdı, həm də karyerasında xal hesabını açdı. Yarış boyu dar Bakı küçələrində demək olar ki, səhvə yol verməyən sürücü potensialı aşağı olan C37 ilə yarışın gərgin keçən son dövrələrində də kiminsə onu ötməsinə imkan vermədi.

Bakı Şəhər Halqası gənc monakolu sürücü üçün uğurlu trasdır. O, keçən il Formula2-də hər iki yarışda mükəmməl çıxış etmişdi. Lekler istedadlı və potensiallı sürücü olduğunu bir daha nümayiş etdirdi. Maraqlıdır, əlinə belə imkan mövsüm ərzində yenə düşəcək? Sauber artıq texniki direktor Yorq Tsanderlə də yolları ayırıb, C37-ni bundan sonra hansısa inkişafın gözlədiyini demək daha çətindir…

 

Kimi Rəykkönen – 8.5

Kimi 2014-cü ildə Ferrari-yə gəldikdən bəri şanssızlıqlardan qurtula bilmir. Bu mövsüm keçənilki ilə müqayisədə daha yaxşı təsir bağışlayan finlandiyalı sürücü Bakıdakı yarışın elə ilk saniyələrində – üçüncü döngədə Esteban Okonla toqquşdu. Maşının ön qanadı dəyişdirildi və buna görə kifayət qədər vaxt itirdi. Lakin təcrübə öz sözünü yenə dedi. Yarışın qalan hissəsində səhvə yol verməyən Kimi son dövrələrdə Sebastyan Fettelin səhvə yol verməsi, Valtteri Bottasın isə mübarizəni dayandırmasından yararlanaraq, podiumun ikinci pilləsinə yüksəldi. Bu, Rəykkönenin mövsümün ilk dörd yarışında əldə etdiyi ən yaxşı nəticədir. Halbuki yarışın əvvəlində pit yoluna üz tutduğunda, mexaniklər ön qanadı yerindən çox çətinliklə çıxardıqlarında çoxları mübarizənin onun üçün başa çatdığını düşünürdü…

 

Serxio Peres – 8.5

Force İndia-nın bu il geriləyəcəyi gözlənilən idi. Belə də oldu. Son iki ildə Mühəndislər Kubokunu dördüncü yerdə başa vuran komanda mövsümün ilk yarışlarında özünü göstərə bilmədi. Lakin Bakıdakı ilk məşqlərdən hiss olunurdu ki, tras VJM11-ə uyğundur. Sıralanma turunda səkkizincilik, yarışda insidentlərdən uzaq durmaq, fürsətlərdən yararlanmaq və yekunda üçüncülük – “Çeko” əla çıxış etdi və Bakıdakı üçüncü yarışda ikinci dəfə podiuma qalxdı. Buna qədər son podiumu elə 2016-cı ildə paytaxtımızda baş tutan Avropa Qran Prisinə təsadüf edirdi.

 

Lyuis Həmilton – 8

Lyuisin son qələbəsindən yarım il keçməsi, mövsümə yaxşı başlamaması, Ferrari-nin güclü çıxışı və bundan əvvəlki iki ildə Bakı Şəhər Halqasının ona düşməməsi yarışın favoritləri arasında adının az hallanmasına gətirib çıxarmışdı. Startda da Sebastyan Fetteli keçə bilməməsi, əksinə, fərqin get-gedə artması ilə hamı artıq qələbədən əlini üzdüyünü düşünürdü. Düzdür, son ana qədər inandırıcı da deyildi. Komandanın Valtteri Bottas üçün seçdiyi taktika daha yaxşı alınmışdı. Lakin təcrübə ona dedi ki, sona qədər qələbəyə inanmaq lazımdır. Finişə az qalmış Bottasın təkərinin partlaması onu lider etdi. Lakin Lyuisin bunda heç bir günahının olmamasını, çempionatda geri olduğu halda bu təzyiqə tab gətirməsini nəzərə alsaq, Bakıda ən yaxşılardan biri olduğunu asanlıqla deyə bilərik.

 

Valtteri Bottas – 8

Valtteri bu il komanda yoldaşından daha yaxşı təsir bağışlayır desək, yanılmarıq. Çində olduğu kimi, Bakıda da seçilən taktika onu yarışın lideri etdi, lakin bu dəfə qələbəyə daha təzə təkərdə olan rəqiblər yox, özünün yenicə keçdiyi UltaSoft təkərin deşilməsi əngəl oldu. Asfaltdakı qırıntı Bottası təkcə qələbədən və 25 xaldan etmədi. Bu hadisə olmasaydı, çempionatda Fettellə xal fərqini 1-ə endirəcəkdi və Avropa yarışları öncəsində Həmiltonu üstələyəcəkdi. Bu da finlandiyalıya çempionluq mübarizəsində əlavə stimul verə bilərdi. Lakin heç nə başa çatmayıb, mövsümün böyük hissəsi hələ irəlidədir. Valtteri yenidən mübarizə qayıdaraq özünü sübut edə bilər!

 

Fernando Alonso – 8

Honda motorlarından imtina edərək Renault motorlarına keçid də McLaren bolidlərinin sürətini dəyişməyib. Düzdür, etibarlılıq cəhətdən böyük fərq var. Alonso ilk yarışlarda rəqiblərin səhvlərindən, mübarizəni dayandırmalarından əla istifadə edərək xallar qazana bilib. Bunu Bakıda da davam etdirdi. Şəkil təsadüfi seçilməyib – ilk dövrədəki insidentlərdən zərərli çıxan Fernando trasın yarısından böyük məsafəni qət edərək pit yoluna gəldikdə maşının sağ tərəfindəki hər iki təkərdən əsər-əlamət yox idi. Lakin buna baxmayaraq ispan sürücü yenə də ilk onluğa düşərək komandasına vacib xallar qazandıra bildi. McLaren-in vəziyyətinin bu il düzələcəyinə heç komanda rəhbərliyi də əmin deyil. Fernando mövsüm ərzində xal qazanmaq üçün xeyli əziyyət çəkməli olacaq…

 

Karlos Sayns – 8

Karlos yarışa 9-cu yerdən başlasa da, yarışın əvvəlində Təhlükəsizlik Maşını rejimi bitdikdən dərhal sonra irəli atıldı və Red Bull-dan olan rəqiblərini keçərək 4-cü yerə qədər yüksələ bildi. Yarışın ortalarında yenidən start aldığı mövqeyə qədər geriləsə də, yekunda 5-ci olaraq komandasının ilk dörd yarışda ən yaxşı nəticəsini əldə etdi. Bakı Şəhər Halqası kimi uzun düzlükləri olan trasda Renault maşınlarının bu potensialı növbəti yarışlarda daha güclü ola biləcəklərindən xəbər edir. Karlosun gələcəyi barədə son günlər söz-söhbətlər çoxalıb – çıxışını belə davam etdirərsə, biz onu böyük komandalarda görə bilərik. Məsələn, elə Red Bull-da…

 

Ləns Stroll – 8

Kanadalı sürücü Bakı trasını, deyəsən, çox xoşlayıb. Keçən il karyerasının hələ ki, yeganə podiumunu məhz burada əldə etmişdi. Bu il komandanın işləri çox çətindir. Autsayderlər sırasındadırlar və sıralanma turunda ikinci sessiyaya keçməkdə belə çətinlik çəkirlər. Lakin Stroll Bakıda nəinki ikinci sessiyaya keçdi, hətta yarışda Hülkenberqin cəzasından sonra 10-cu yer kimi yaxşı bir mövqedən start aldı. Yarış boyunca da pis təsir bağışlamadı, mövsümdə həm özünün, həm də komandasının xal hesabını açdı.

 

Brendon Hartli – 7.5

Honda motorlarına keçən Toro Rosso-nun bu mövsüm çox zəif olacağı gözlənilirdi, lakin Bəhreyndə etdikləri sürpriz göstərdi ki, komandadan nələrsə gözləməyinə dəyər. Keçən mövsümün sonunda debüt edən Hartli Bakıda ilk xalını qazana bildi. Özü də, Honda motoruna heç uyğun olmayan uzun düzlüklü bir trasda. Brendon alqışlanmalıdır, çünki Formula1-ə 27 yaşında debüt edərək belə tez adaptasiya olmaq asan məsələ deyil…

 

Daniel Rikkardo – 7.5

Keçənilki Azərbaycan Qran Prisinin qəhrəmanı, Çində baş tutan son yarışın qalibi kimi paytaxtımıza gələn Rikkardonun kefi kök idi. Cümə günü başa çatdıqda isə Daniel həqiqətən çox sevincli idi və paddokdakı hərəkətlərindən, jestlərindən aydın hiss olunurdu. Çünki sərbsət yürüşlər onlar üçün əla keçmişdi. Lakin şənbə günü hər şey sürətlə dəyişdi. Sıralanma turunda hər iki rəqiblərinə məğlub oldular. Yarışda da ERS sisteminin hər iki maşında işləməməsi avstriyalıları daha da çətin vəziyyətə saldı. Buna rəğmən, yarışda Maksın hücumlarına qarşı yaxşı müdafiə olunan Daniel elə Maksın səhvinə görə olan qəzaya qədər trasda ən yaxşılardan idi…

 

Stoffel Vandorn – 7

Belçikalı sürücü iki ildir ki, təcrübəli komanda yoldaşına məğlub olur. Lakin Vandorn geridə qalan 4 yarışın üçündə xal zonasına düşə bilib. Alonso kimi o da fürsətlərdən pis istifadə etmir. Çox güman ki, təcrübəsi artdıqca və McLaren daha güclü bolid verdikdə biz tamamilə fərqli Vandorn izləyəcəyik.

 

Markus Eriksson – 7

Sauber komandası geridə qalan dörd yarışda bundan əvvəlki iki mövsümün cəmindən çox xal toplayıb. Təbii ki, yarışlarda baş verən hadisələr də bunda mühüm rol oynayıb. Nə qədər zəif çıxış etsə də, hər il komandadakı yerini qoruyacağı əvvəlcədən məlum olan Markus bu il heç də pis təsir bağışlamır. Komanda yoldaşının 8 xal topladığı Azərbaycan Qran Prisində xal zonasından cəmi bir pillə geridə qaldı.

 

Pyer Qasli – 7

Bəhreyndə karyerasının ən yüksək nəticəsini göstərən fransız sürücü Bakıda da pis təsir bağışlamadı. Düzdür, maşının, daha doğrusu, Honda motorunun potensialı sürücüyə istedadını nümayiş etdirməyə çox da imkan vermir. Lakin Bakıdakı xaotik yarışda maşını sağ-salamat finiş xəttinə çatdırmaq da az şey deyil.

 

Sebastyan Fettel – 6.5

Dördqat dünya çempionu keçən il olduğu kimi, bu il də Bakıya çempionatın lideri kimi gəlmişdi. Lakin Sebastyan bir il əvvəl olduğu kimi, bu il də daha çox etdiyi səhvlə yadda qaldı. Yarışa pouldan başladı və uzun müddət lider oldu. Red Bull sürücüləri qəza etməsə və Təhlükəsizlik Maşını trasa daxil olmasaydı, çox güman ki, sön dövrələrdə liderliyi yeni UltraSoft təkərlərlə hücum edən Bottasa verməmək üçün mübarizə aparacaqdı. Sebastyan qalib gəlməyə çox yaxın idi, lakin birinci döngədə Bottasa etdiyi ağılsız hücum onu nəinki qələbədən, hətta çempionatdakı liderlikdən də etdi.

 

Kevin Maqnussen – 5.5

Mövsümün ilk yarışında Haas yaxşı təsir bağışlamışdı və bir çoxları onları orta qrupun lideri hesab etdi. Lakin heç də düşündüyümüz kimi olmadı. Düzdür, Melburnda möhtəşəm nəticə əldə etmək üzrə olarkən hər iki sürücü mübarizəni dayandırmalı oldu. Lakin digər yarışlarda biz Haas-dan orta qrupun lideri olacaq mübarizə görmədik. Kevin Bakıda bir neçə dəfə insidentlərdə iştirak etdi. Həm başqa sürücü ona qarşı pozduğu qaydaya görə cəzalandırıldı, həm də Qasli ilə mübarizədəki insidentə görə özünün yekun nəticəsinə 30 saniyə əlavə edildi.

 

Roman Qrojan – 6

Komanda yoldaşı Kevin Maqnussenin hesabında ilk üç yarışdan sonra 11 xal olsa da, Roman hələ də xal hesabını aça bilməmişdi. Fransız sürücü Bakıda da buna nail ola bilmədi. Amma yarışın nəticəsinə birbaşa təsir edən sürücülərdən biri oldu desək, yanılmarıq. Təhlükəsizlik Maşını arxasında etdiyi qəzaya görə Bernd Maylander daha çox trasda qalmalı oldu. Sırf Qrojana görə biz ancaq son bir neçə dövrədə sürücülər arasında real mübarizə görə bildik. Ümumiyyətlə, Bakıda bəxt ondan hələ sıralanma turunun əvvəlində üz döndərmişdi…

 

Maks Ferstappen – 5

Maks, deyəsən, bu mövsümə başqa istiqamətdə hazırlaşıb. Hər yarışda bir sürücünün “xətrinə dəyməsə”, olmur. Bu dəfəki “qurbanı” isə komanda yoldaşı Daniel Rikkardo oldu. Start düzlüyünün sonunda müdafiə olunarkən iki dəfə istiqamətini dəyişməsi avstraliyalı sürücünü çıxılmaz vəziyyətə saldı və qəza baş verdi. Əslində Maksa belə ağılsız risklərinə və ehtiyatsızlığına görə daha az xal verməli idik. Lakin yarış boyu Rikkardo ilə təkər-təkərə mübarizə aparması, bəzi anlarda yaxşı müdafiə olunması və cəsur hücumlar etməsini də nəzərə almaq lazımdır.

 

Niko Hülkenberq – 5

Renault komandasının Bakıdakı yarışda yaxşı təsir bağışlaması çempionatın bundan sonrakı hissəsi üçün yaxşı mesajdır, çünki orta qrupda mübarizə gərginləşəcək və komandanın sürücüləri bəzən podium şansı da əldə edə biləcəklər. Lakin Hülkenberqin çıxışına bunlar nə dərəcədə təsir edəcək – bilmirik. Karyerasının əvvəllərində böyük potensialı olduğu, gələcəkdə top komandalara keçəcəyi deyilən Niko daha çox səhvləri ilə yadda qalır. Keçən il 24-cü dövrədə etdiyi səhvi bu dəfə 11-ci dövrədə edib – baryerlərə çırpılıb və mübarizəni dayandırıb. Həm də komanda üçün vacib xallar qazana biləcəyi bir mövqedə yarışa davam edərkən.

 

Sergey Sirotkin və Esteban Okon

Hər iki sürücü yarışın əvvəlində mübarizəni öz səhvləri üzündən dayandırdığından, onları dəyərləndirmək mümkün olmadı.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 457
Teqlər , ,
Paylaş

logo