19 Noyabr 2017, Bazar - 18:20

Azərbaycan-2017: Şənbə, paddok, 24.06.2017

Azərbaycan-2017: Şənbə, paddok, 24.06.2017

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

23:08 - 24 İyun, 2017

F-1.az saytı hər zaman olduğu kimi, yenə Formula1-də baş verən hər bir şeyi nəzərinizə çatdırmaqda davam edir. Bu gün də son iki gündə olduğu kimi, paddokdan hazırladığımız yazı ilə qarşınızdayıq.

Bu gün paddoka girdiyimizdə qarşılaşdığımız ilk mənzərələrdən biri bu oldu. Flavio Briatore Toto Volffla yanaşı gəldi və onunla Mercedes AMG komandasının “evinə” girdi. Çox maraqlıdır – Flavionun Mercedes AMG ilə əməkdaşlıq etmək istəyir? Flavio 2008-ci ildə Sinqapur Qran Prisindəki məlum hadisədən sonra uzun müddət Formula1-dən uzaqlaşdırılmışdı. Cəzası 2013-cü ildə başa çatan təcrübəli mütəxəssis bu müddət ərzində idmanda hansısa məsul vəzifəni tutmayıb.

Bir başqa məqam isə Fernando Alonsodur. Flavionun ispan sürücü ilə yaxınlığı hər kəsə məlumdur. Son günlərdə ən çox yayılan şayiələrdən biri də, Alonsoya yaxın şəxslərin müxtəlif komandalarla danışıqlar aparmasıdır. Bəlkə bu gün səhər Briatore də ispan sürücünün Mercedes AMG-də yarışmaq prespektivini müzakirə etmək üçün gəlmişdi?

 

Red Bull üçün həftəsonu əla başlamışdı, lakin artıq bu gün hələ də üçüncü komanda olduqları göründü. Bakı Şəhər Halqasının uzun düzlükləri Renault motoruna uyğun deyil. Döngələrdə əldə edə biləcəkləri üstünlük də kifayət etmir. Komanda keçən il mövsüm ərzində əla inkişaf etmiş və Ferrari-ni üstələmişdi. Sıralanma turunun nəticələrindən də görünür ki, Ferrari-dən çox da geri qalmayıblar. Görəsən, hər şey bir il əvvəlki kimi olacaq?

Red Bull sürücülərini sabahkı yarışda hesabdan silmək olmaz. Şəhər trasında hər zaman qəza ola bilər, öndəki sürücülərin yarışı dayandırması yenə də komandaya ən azından podium qazandıra bilər. Təbii ki, əla start almaq çox vacibdir…

 

Renault artıq ikinci ildir ki, zavod komandası kimi çıxış edir. Debüt mövsümündə heç kim komandadan böyük sıçrayış gözləmirdi. Lakin bu mövsüm görürük ki, onlar gözlənilən inkişafı əldə edə bilmirlər. Düzdür, müqayisə etdikdə fərq var. Amma hələ də Force İndia kimi müştəri komandasından xeyli geridədirlər.

Bu hazırda yeganə haldır ki, zavod komandası motorla təchiz etdiyi komandadan geri qalır – Red Bull ilə Renault-nu müqayisə etmək gülünc olar. Maraqlıdır, komandada bu barədə nə düşünürlər? Onların başlıca məqsədi Red Bull-u üstələmək olmalıdır. Bunun üçün də ilk növbədə əla şassi hazırlamaq lazımdır… Sabahkı yarışda komandanın sürücülərindən nə gözləmək olar? Palmer yarışa sonuncu yerdən başlayacaq, Hülkenberq isə xal zonasına düşə bilmək üçün mütləq startda bir neçə yer qazanmalıdır, əks təqdirdə dar Bakı küçələrində Renault motoru ilə ötmək çox çətin olacaq.

 

Hazırda yarışan 20 sürücü arasında ən pis vəziyyət Colion Palmerdədir desək, yanılmarıq. Sürücü ikinci mövsümdür ki, çıxış edir, lakin hələ də ondan gözlənilənləri verə bilməyib. Hülkenberqin hesabında cari mövsümdə xeyli xal var, Palmer isə hələ heç xal hesabını da açmayıb. Onun komandadan gedəcəyi ilə bağlı şayiələr hər keçən gün daha da artır. Hətta komandanın onu heç mövsümün sonuna qədər saxlamayacağı da bildirilir.

Onu əvəzləmək üçün isə kifayət qədər namizəd var – komandanın devoloper sürücüsü Sergey Sirotkin əla formadadır. Formula E-də çıxış edən Sebastyen Buemi də komandaya gətirilə bilərlər. Digər bir namizəd isə artıq Formula1 maşını ilə testlərə başlayan Robert Kubitsadır. Onun payızda Palmeri əvəzləyəcəyi barədə şayiələr gəzsə də, Siril Abitebul dərhal bunu təkzib edib. Təbii ki, ən güclü namizədlərdən biri olan Fernando Alonsonu unutmamalıyıq. Onun McLaren-dən gedəcəyindən artıq hamı əmindir. Top-komandalarla danışıqlar müsbət nəticə verməsə,tərkibində iki dəfə titul qazandığı komandasına qayıda bilər…

Bəs Palmerdən sabahkı yarışda nə gözləmək olar? Heç nə… Sürücü xal qazanmağı çox istəyir, lakin sıralanma turunda iştirak edə bilmədiyi üçün yarışa sonuncu yerdən başlayacaq. Yəqin ki, bu dəfə əldə ediləcək nəticəyə görə onu heç kim qınamaz…

 

Paddokda hər kəsin maraq göstərdiyi məqamlardan biri də, bu iki sabiq Formula1 sürücüsünün söhbəti oldu. Niki Laudanın möhtəşəm sürücülük karyerası olub və indi də Mercedes AMG-nin tərkibində bu idmandakı fəaliyyətini davam etdirir. Helmut Marko isə sürücü kimi böyük uğurlar qazanmasa da, bir çox istedadlı sürücünü Formula1-ə qazandırmış şəxsdir. Red Bull-un sürücülər akademiyasından çıxan zəif sürücü tanıyan var?

Görəsən, nə barədə danışırlar? Bəlkə də, əsas mövzu Maks Ferstappendir. Çünki gənc hollandiyalının adı ən çox Mercedes AMG ilə yanaşı çəkilir. Təbii ki, Red Bull onu əldən buraxmaq istəməz. Almanlar isə onu transfer edərək uzunmüddətli planlar qura bilərlər…

 

Paddok gəzintisini başa çatdırarkən Ferrari rəsmiləri axşam yeməyini yeyirdi. Yemək Mauritsio Arrivabeneyə çox da həzz verməz, çünki komanda artıq mövsümün əvvəlindəki cüzi üstünlüyünü itirib. Hətta Monreal və Bakıda Mercedes AMG-dən kifayət qədər geri qalırlar. Dayanmadan işləmək və yeniliklər hazırlamaq çox vacibdir. Tiffozilər artıq çempionluq gözləyirlər. Bu isə mövsümün bəlkə də həlledici anıdır. Ferrari İtaliya Qran Prisinə qədər vəziyyəti öz xeyrinə dəyişə bilməsə, əsas rəqibini ardıcıl dördüncü titul münasibəti ilə elə Montsada təbrik edə bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 12. 913
Teqlər , ,
Paylaş

logo